"Qəzzada humanitar fəlakət baş verir" - NATO-nun baş katibi WCK əməkdaşlarına hücumu pislədi
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq İsrailin Qəzzada World Central Kitchen (WCK) humanitar təşkilatının əməkdaşlarına hücumunu pisləyib, "Qəzzada baş verənlərin humanitar fəlakət" olduğunu deyib.
NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldəki görüşünün ilk iclasından sonra keçirilən mətbuat konfransında jurnalistlərdən biri Stoltenberqə belə bir sual verib: "Qəzzada humanitar təşkilatın bir neçə üzvünün öldürülməsinə və İsrailin aviazərbələri nəticəsində orada yaranmış humanitar böhranla bağlı mövqeyinizi öyrənə bilərikmi?"
Stoltenberq cavabında Qəzzada baş verənlərin "humanitar fəlakət" olduğunu söyləyib: "Biz əzab-əziyyət görürük, dinc sakinlərin necə öldürüldüyünü görürük, humanitar təşkilatın əməkdaşlarına hücum edildiyini görürük və mən bu hücumu qınayıram".
Bəlli olduğu kimi, aprelin 1-də İsrailin Qəzzanın Deyr əl Balax rayonuna hücumu nəticəsində "World Central Kitchen" beynəlxalq humanitar təşkilatının 7 nəfər əməkdaşı həlak olub. Təşkilatın ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən mənzil qərargahından verilən açıqlamada həlak olan şəxslərin Avstraliya, Polşa, Böyük Britaniya, ABŞ, Kanada və Fələstin vətəndaşları olduğu bildirilir. Hücum zamanı yardım briqadası deeskalasiya zonasında, üzərində təşkilatın loqotipi təsvir edilmiş iki zirehli avtomobildə olub.
Hürr Tərcüman