Saat:01:32
Haqqımızda

Qəzaya əslində nə səbəb olub? - “4 ehtimal var” / Yüksək rütbəli zabitlərin eyni helikopterdə olması…

2021-12-01 20:41:00

Qəzaya əslində nə səbəb olub? - “4 ehtimal var” / Yüksək rütbəli zabitlərin eyni helikopterdə olması…

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində iki nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisə baş verən gündən qəzanın baş vermə səbəbləri ilə bağlı cəmiyyətdə müxtəlif versiyalar səslənməyə başladı. Kimlər isə bu hadisəni 30 il öncə baş verən “Qarakənd hadisəsi” ilə əlaqələndirərək faciənin təxribat olduğunu qeyd etdi. Yaranmış bütün suallara cavab almaq üçün Metbuat.az tanınmış hərbi ekspertlərə müraciət edib.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, cəmiyyətdə bu məsələlər qarışdırılmamalıdır. Çünki biz döyüş bölgəsində uçmamışıq ki, təlimə cəlb edənlərin eyni vasitədə daşınması ilə bağlı hansısa məhdudiyyətlər tətbiq edək.

“İstənilən yüksək rütbəli hərbçi xidmətinin sonuna qədər hərbi xidmətə cəlb olunur. Onlar arasında nəyin ki, kapitan, mayor, palkovnik rütbəsi daşıyan hərbçilər hətta müəyyən təlimlər var ki, ora generallar belə qoşulur. Ona görə də ötən gün bu faciəni “Qarakənd hadisəsi” ilə əlaqələndirənlər dərindən yalnışa yol verirlər. Hətta “Qarakənd -Qaraheybət” ifadəsini birgə istifadə edib yazan ziyalılara da rast gəldik. Bu çox yalnış ifadədir. Bizim bu qəzada iki nəfər pilotumuz sağ qalıb. O pilotlar sabah efirlərə çıxıb “kənar müdaxilələr olmayıb” bəyanatını verəndə mən həmin ziyalıların özlərini harada və necə hiss edəcəklərini təsəvvür edə bilmirəm”.

Ədalət Verdiyev hadisənin yüksək sürətli külək səbəbindən baş verdiyini iddia edən şəxslərə cavab olaraq bildirdi ki, helikopter havaya qalxan zaman küləyin sürəti elə də yüksək olmayıb. Ekspert qeyd etdi ki, konkret olaraq hazırda ərazidə küləyin sürəti və digər qəzaya səbəb olacaq şərait araşdırılır.

“Bildirim ki, helikopterin normadan artıq yüklənmə və kənar müdaxilə ilə səbəbindən qəzaya düşməsi tamamilə istisnadır. Bu faktın təsdiqini helikopterin yaxın əraziyə dağılan hissələrinin araşdırılması zamanı da görmək mümkündür. Əgər hansısa kənar müdaxilə olsaydı həmin helikopterdən heç kim sağ qurtula bilməzdi. Hazırda helikopterin hədsiz yüklənməsi də nəzərdən keçirilmir. Çünki 24 nəfər və 3 heyət üzvünü daşıya bilən helikopterdə cəmi 16 adam olub. Araşdırmalarda əsas olaraq pilot xətası, texniki nasazlıq, hava şəraiti və digər səbəblər yəni dörd ehtimal üzərində dayanılacaq. Hər birimiz araşdırmanın nəticəsini gözləməliyik”.

Hərbi ekspert xüsusilə qeyd etdi ki, əgər helikopter nasaz olsaydı, heç kim onun yerdən havaya qaldırılmasına əmr belə verə bilməzdi.

“Bu mümkün olan bir şey deyil. Nasazlıq havaya qalxdıqdan sonra baş verib. Bu bir dəmir parçasıdır, elektron sistemdir və nə vaxta sıradan çıxa bilər. Heç kim əvvəlcədən dəqiq müəyyən edə bilməz ki, belə bir qəza baş verə bilər. Ümumiyyətlə helikopterdən xəbəri olmayan şəxslər, ömrü boyu belə qəzaları araşdırmayanlar səsləndirdiyi fikirlərdə bir qədər ehtiyyatlı olmalıdırlar. Çünki şəhid yaxınlarının yaraları onların açıqlamaları səbəbindən qanaya bilər”.

Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, helikopter iyirmi beş - iyirmi altı nəfər hərbi qulluqçunu bir yerdən digər yerə daşımaq üçün nəzərdə tutulub. Qəzaya uğrayan “Mi-17” tipli hərbi nəqliyyat təyyarəsi həm də, hərbi vasitələrin, yüklərin daşınması üçün nəzərdə tutulub. Ona görə də, helikopterin hədsiz yüklənməsi ilə bağlı hər hansı bir fikirlərin söylənilməsi əssasızdır.

“Hazırda hərbi təlimlərin hansı hava şəraitində keçirilməsi ilə bağlı normativ bir sənəd yoxdur. Lakin qeyd etmək istəyirəm ki, küləkli hava şəraitində uçuşla bağlı normativlər var. Amma pilotların peşəkarlığı hava şəraitinin necə olmasından asılı olmayaraq təlimləri həyata keçirməyə imkan verir. Bu gün Azərbaycan ordusunun yüksək rütbəli hərbi qulluqçusu olan - polkovnik, mayor, polkovnik leytenant, baş leytenant rütbəsində olan zabitlərin bir nəqliyyat vasitəsində helikopterlə daşınmasında qeyri-adi bir şey yoxdur. Hazırda Azərbaycan ordusunun qoşun birləşmələrinin komandanları belə helikopterlərdən istifadə edirlər”.

Ekspert onu da müsahibə əsnasında bildirdi ki, hadisənin baş vermə səbəbləri haqqında çox şey danışa bilərik. Lakin söylənən fikirlər bizi əsl reallıqdan yayındıra bilər. Ona görə ən doğru qərar, addım istintaqın nəticəsini gözlənilməsidir.

“Bu məsələnin fərqli formada təqdim olunması əsas hadisədən yayınmaqdan ibarətdir. Biz zabitlərimizi, peşəkar hərbiçilərimizi itirmişik. Yalnız faciənin dəqiq baş vermə səbəbləri müəyyən edildikdən sonra, hansısa fikirlər söyləmək mümkün ola bilər. Qeyd etdiyim kimi burada həm hava şəraiti, həm helikopter də baş verə biləcək hansısa bir problem qəzaya səbəb ola bilər. Yalnız istintaq materialları araşdırıldıqdan sonra bütün qaranlıq məqamlara aydınlıq gələcəkdir. Əks təqdirdə deyilən istənilən rəy rəng yanlış bir cəbhəyə gedib çıxa bilər”. / metbuat.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR