Saat:09:49
Haqqımızda

Qərblə Azərbaycan arasında MÜNASİBƏTLƏR NƏDƏN GƏRGİNLƏŞİB?

2023-11-21 10:55:23

Qərblə Azərbaycan arasında MÜNASİBƏTLƏR NƏDƏN GƏRGİNLƏŞİB?

Məhəmməd Əsədullazadə: "Rəsmi Bakı ABŞ, Fransa və digər Qərb dövlətlərinin qərəzli siyasətinə qarşı ciddi addımlar atmalıdır"

Elxan Şahinoğlu: "ABŞ və bəzi Qərb dairələri Azərbaycana əlavə problemlər yaratmaq istəyirlər"

Nazim Cəfərsoy: "Azərbaycan olaraq son günlər cərəyan edən prosesləri diqqətdə saxlamaqda və lazımı tədbirləri görməkdə fayda var"

Fuad Qəhrəmanlı: "Qərbin bu mövqeyini dəyişməyin tək yolu bütün dünyadan təcrid edilmiş, gələcəyi çox qaranlıq görünən Rusiyanı buraxıb, Qərbin vasitəçilik etdiyi sülh danışıqlarına dönməkdir"

Erməni lobbisinin təsiri altında olan ABŞ, Fransa və digər bir sıra Qərb dövlətləri son günlər Azərbaycana qarşı "səlib yürüşü"nə başlayıblar desək, yəqin ki, yanılmış olmarıq. Çünki onlar "demokratik dəyərləri" əldə bayraq tutaraq ölkəmizə qarşı istənilən önəmli məsələdə ikilistandartlar sərgiləyirlər. ABŞ Senatının "Ermənistanı Müdafiə Aktı"nı qəbul etməsi bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Qeyd edək ki, sənədə əsasən, ABŞ prezidenti "Azadlığa Dəstək Aktı"na "907-ci düzəliş"in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Yəni, sözügedən sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Azərbaycana münasibətdə bəzi Qərb ölkələrinin və təsisatlarının qərəzli münasibətini təsdiqləyən digər fakt isə bugünlərdə ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilən dinləmədir. Bu zaman çıxış edən altkomitənin sədri konqresmen Tom Kin Azərbaycanın Qarabağda güc tətbiq etməsindən məyus olduğunu bildirib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn isə ölkə administrasiyasının hal-hazırda üç istiqamət üzrə iş gördüyünü vurğulamaqla yanaşı, Qarabağdan çıxan ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyü, o cümlədən onların mülklərinin və mədəniyyətinin qorunmasının bu istiqamətlərdən birincisi olduğunu deyib: "Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və İrəvana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda, türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək". ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksi isə öz növbəsində, Ermənistana dəstəyin və humanitar yardımın artırılması üçün uzunmüddətli dəstəkdən danışıb.

Noyabrın 17-də isə BMT-nin Beynəlxalq Məhkəməsi Ermənistanın müraciəti ilə bağlı keçirilən iclasında Azərbaycanın Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarını təmin etməli olması ilə bağlı qərar çıxarıb. Həmin qərarda deyilir ki, Azərbaycan bu il sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və qayıtmaq istəyən erməni millətindən olan şəxslərin Qarabağa qayıtmasını təmin etməlidir. Bundan əlavə, Qarabağdan getmək istəyən ermənilərin təhlükəsiz və maneəsiz şəkildə keçidi təmin edilməlidir. Həmçinin, qeyd olunur ii, Azərbaycan sentyabrın 19-dan sonra Qarabağda qalan və ya daha sonra geri qayıdanlara qarşı güc tətbiqindən və ya hədə-qorxudan yayınmalıdır. Qərara əsasən, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında" Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir. Ölkə 8 həftə ərzində yuxarıda qeyd olunan kateqoriyadan olan ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə hesabat təqdim etməlidir.

"ABŞ-ın əsas məqsədi Rusiya hərbçilərini Qarabağdan çıxarmaq və onların yerinə öz ordusunu yerləşdirməkdir"

Gördüyünüz kimi, bütün bunlar erməni lobbisinin təsiri altında olan Qərbin ölkəmizə qarşı tətbiq etdiyi ikilistandartın, qeyri-obyektiv, qərəzli münasibətin açıq-aşkar sübutudur. Məsələyə təxminən, bu prizmadan yanaşan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, məhz erməni lobbisinin təsiri ilə keçirilən bu dinləmələr ABŞ-Azərbaycan əlaqələrində ciddi problem yarada bilər: "ABŞ Ermənistana təzyiq edərək Azərbaycanla sülh müqaviləsinin bağlanması əvəzinə 90-cı illərdə tətbiq etdiyi yanlış siyasəti yenidən təkraralayır. Halbuki, Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, Ermənistan Rusiyanın təsirində olaraq Vaşinqtonun region siyasətində irəliləyiş olmayacaqdı və ABŞ Azərbaycanla əməkdaşlığa önəm verəcəkdi. Bu gün ABŞ Ermənistan vasitəsilə Rusiyanı regiondan çıxarmaq niyyətindədir, lakin unutduğu bir məqam var ki, Azərbaycana qarşı hərəkət etməsi sonda məhz öz geostrateji mövqeyinə zərbənin vurulmasıyla nəticələnəcək. Düşünürəm ki, rəsmi Bakı ABŞ, Fransa və digər Qərb dövlətlərinin ölkəmizə tətbiq etdiyi qərəzli siyasətə qarşı ciddi addımlar atmalıdır".

Politoloqun fikrincə, ABŞ-la diplomatik təmaslar artırılmalı və Azərbaycana yönələn siyasi təzyiqlər neytrallaşdırmalıdır: "Hesab edirəm ki, Ermənistan beynəlxalq müstəvidə əlverişli gündəm yaradıb Azərbaycana qarşı hərbi hücumlar reallaşdıra bilər. Onu da nəzərinizə çatdırım ki, Vaşinqton İranla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı memorandumu da hədəf alıb, rəsmi Bakını Tehran və Kremllə birgə hərəkət etdiyi üçün qınayıb. Halbuki, son illərə kimi Ermənistan Rusiya və İranla birgə Azərbaycana qarşı bir cəbhədən çıxış edib, işğal siyasətini davam etdirib. Bu isə ABŞ-ın regional siyasətinə zərbə vururdu. Bundan başqa, o da qeyd olunmalıdır ki, ABŞ Türkiyə və Azərbaycan tandemini hədəf alaraq Ermənistan vasitəsilə regionda gərginlik yaratmağı planlaşdırır. Şübhəsiz ki, Vaşinqton strateji səhvə yol verir və regionda izlədiyi siyasət erməni revanşizminin "çörəyinin üstünə yağ" sürtür. Bu isə sonda Ermənistanı növbəti məğlubiyyətlə üz-üzə qoyacaq".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninə Qarabağdan köçən ermənilərin qayıtmasını özündə ehtiva edən bəndin salınmasına çalışan ABŞ-ın əsas məqsədi Rusiya hərbçilərini Qarabağdan çıxarmaq və onların yerinə öz ordusunu yerləşdirməkdir. Odur ki, Vaşinqton Cənubi Qafqazda yeni bir siyasi nizamı bu istiqamətdə qurmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarında Rusiyanın vasitəçiliyindən imtina etməsi də məhz bununla bağlıdır.

"Elə etməliyik ki, düşmənlərimizin sayı artmasın, sülh sazişi isə düşmənlərimizin arqumentini zəiflədəcək"

100 illik problemi həll etdiyimizi, torpaqlarımızda separatizmə son qoymuduğumuzu vurğulayan və bunun böyük uğur olduğunu deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir ki, Ermənistanın Qərbə yaxınlaşmaq siyasəti Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqi artırıb: "Bilməliydik ki, tarixi qələbəmizi burnumuzdan gətirmək istəyənlər olacaq. Müharibə diplomatiya və informasiya sahəsinə keçib. Üstəgəl, Ermənistanın Qərbə yaxınlaşmaq siyasəti Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqi artırıb. ABŞ və Avropa İttifaqında anti-Azərbaycan açıqlamaların sayı artıb, qanunvericilərə rəsmilər də qoşulub. Halbuki, Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olan Vaşinqton və Brüssel məntiqlə ölkəmizlə bağlı ifadələri ehtiyatla seçməli idilər". Bəzi Qərb dairələrinin Azərbaycana əlavə problemlər yaratmaq istədiklərini bildirən politoloq ümid edir ki, bu mürəkkəb dövrü də adlayacağıq: "Sadəcə elə etməliyik ki, düşmənlərimizin sayı artmasın. Sülh sazişi düşmənlərimizin arqumentini zəiflədəcək".

"Qərb bir yandan Cənubi Qafqazda Azərbaycan əleyhdarı yanaşmanı gücləndirirkən, digər yandan da Gürcüstan ilə Ermənistanı yaxınlaşdırıcı addımlar atır"

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy isə hesab edir ki, Qərb bir yandan Cənubi Qafqazda Azərbaycan əleyhdarı yanaşmanı gücləndirirkən, digər yandan da Gürcüstan ilə Ermənistanı yaxınlaşdırıcı addımlar atır: "Bu əməkdaşlığın hərbi istiqaməti isə xüsusilə önə çıxmağa başlamışdır. Fransız hərbi texnikasının Gürcüstan üzərindən nəql edilməsi bunun nümunələrindəndir. Ermənistanın silahlandırılmasında Gürcüstan yolunun fəallığının artması təhlükəsi çox ciddi şəkildə artıb. Çünki ABŞ və Avropa Birliyi Ermənistanı silahlandırmaq üçün yeni qərarlar alırlar. Digər yandan, bugünlərdə Gürcüstan müdafiə naziri Ermənistana səfər edərək əməkdaşlığı müzakirə edib. Bu məqam da özü özlüyündə ciddi təhlükə siqnalıdır". Nazim Cəfərsoy qeyd edib ki, Azərbaycan olaraq son günlər cərəyan edən prosesləri diqqətdə saxlamaqda və lazımı tədbirləri görməkdə fayda var.

"Münasibətlərin bu yerə gəlməsinin səbəbi heç də gizlin deyil"

Azərbaycan hakimiyyətinin mövcud gərginliyi Qərbin ermənipərəst mövqeyi ilə izah etmək istədiyini deyən siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib ki, münasibətlərin bu yerə gəlməsinin səbəbi heç də gizlin deyil: "Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bu yaxınlarda dedikləri yəqin ki, hələ heç kimin yadından çıxmayıb. O, bir ay öncə demişdi ki, "Qərb Paşinyanı məcbur etdi ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanısın. Bununla da, o, Rusiyanın planlarını pozmuş oldu". Bu bir etirafıdır ki, bu gün Qarabağda Azərbaycanın dövlət suverenliyinin tanınması Qərbin Paşinyan vasitəsilə ilə Rusiyanın planlarını pozmasının nəticəsidir. O və ondan öncə Vladimir Putin başda olmaqla, digər Rusiya rəsmiləri də dəfələrlə deyiblər ki, əgər belə olmasaydı, Moskva indiki vəziyyətə heç vaxt razı olmazdı. Bu gün həmin Qərblə Azərbaycan arasında getdikcə böyüyən bir gərginlik yaşanır. Azərbaycan hakimiyyəti bu gərginliyi Qərbin ermənipərəst mövqeyi ilə izah etmək istəyir. Həmin Qərbin lider dövləti sayılan ABŞ son 20 il ərzində Azərbaycana 420 milyon dollar, Ermənistana isə 220 milyon dollar hərbi yardım edib. Həmin ermənipərəst deyilən Qərbin əsas aparıcı dövləti hesab olunan İngiltərə 44 günlük savaş dönəmində BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin keçməsinin qarşısını alıb və ötən zaman ərzində ölkəmizlə strateji müttəfiq olub. Avropa Birliyiinin əsas dövləti sayılan Almaniya Bundestaqı isə 2015-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və Ermənistandan gələn qaçqınların geri qayıtması barədə qətnamə çıxarmışdı. Bəs nə oldu ki, 1 il öncə Patruşevin dediyi kimi Ermənistanı Qarabağı Azərbaycan ərazisi kimi tanımağa vadar edən Qərb birdən-birə Azərbaycan hakimiyyətinin iddia etdiyi kimi dönüb ermənipərəst oldu və Ermənistana dəstək verməyə başladı? Münasibətlərin bu yerə gəlməsinin səbəbi heç də gizlin deyil. Bir günlük antiterror əməliyyatından dərhal sonra Qərb dərhal Azərbaycan və Ermənistan arasında danışıqları davam etdirməyi və sülh müqaviləsi bağlamağı təklif etdi. Azərbaycan ilk vaxtlar bu danışıqlara qatılmaqdan imtina edəndən sonra ilkin xəbərdarlıq sənədi kimi Avropa Parlamentinin məlum haqsız qətnaməsi qəbul edildi. Qərbdə ümid edirdilər ki, Azərbaycan bu xəbərdarlıqdan lazımı nəticə çıxarıb yenidən danışıqlar prosesinə dönəcək. Ancaq Bakı Qranada və Brüssel danışıqlarından imtina edəndən sonra Qərb o nəticəyə gəldi ki, Bakı bunu Rusiyanın istəyi ilə edir".

"Bakı Rusiya və İranın Qərbi Cənubi Qafqaza buraxmamaq üçün yaratdığı "3+2" formatına qoşularaq anti-Qərb blokunun fəal üzvünə çevrilib"

Siyasi şərhçi iddia edir ki, Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün Qarabağ məsələsinin həllindən sonra Azərbaycanla Ermənistan arasında danışıqların davam etməsinə və tezliklə sülh müqaviləsinin imzalanmasına çalışdığı bir vaxtda Bakı açıq-aşkar bu istəyə qarşı çıxmağa başladı: "Gərginliyin əsas səbəbi və Ermənistana olan dəstəklə Bakıya təzyiq etməyin əsas səbəbi də məhz budur. Bakı əvvəl Qranada, sonra Brüssel, ən axırda da noyabrın 20-də nəzərdə tutulmuş Vaşinqton danışıqlarında iştirakdan imtina etdi. Eyni vaxtda da rus ordusunu Qarabağdan çıxarmağa hazırlaşmadığını da göstərdi. ABŞ Konqresindəki son dinləmələrdə dövlət katibinin köməkçisi Obrayn bu məsələni gündəmə gətirməklə Vaşinqtonun qırmızı xəttini göstərmiş oldu. Bakı həm də Rusiya və İranın Qərbi Cənubi Qafqaza buraxmamaq üçün yaratdığı "3+2" formatına qoşularaq bu gün anti-Qərb blokunun fəal üzvünə çevrilib. Belə olanda isə Qərb Rusiya ilə müttəfiq kimi davranan Azərbaycana təzyiq etmək üçün yenidən bitmiş Qarabağ məsələsini gündəmə gətirir, Ermənistana dəstək nümayiş etdirməklə mesaj verir ki, əgər Bakı sülh danışıqlarına qayıtmazsa buna görə ağır bədəl ödəməli olacaq. Yəni, bu gün Qərbin bu mövqeyini dəyişməyin tək yolu bütün dünyadan təcrid edilmiş, gələcəyi çox qaranlıq görünən Rusiyanı buraxıb, Qərbin vasitəçilik etdiyi sülh danışıqlarına dönməkdir. Əgər Azərbaycan bunu edərsə, o zaman Azərbaycanın dünyada Ermənistanın ərazi bütövlüyü üçün təhlükə yaratması barədə bəyanatlar da aradan qalxacaq, təhdid ritorikasının yerini kommunikasiyaların açılması, əldə olunan pozitiv nəticələrin dəyərləndirilməsi alacaq, Qarabağ məsələsini gündəmə gətirmək sülh prosesinə zərbə vurduğu üçün bu səhifə də bir dəfəlik qapanmış olacaq".

Fuad Qəhrəmanlının fikrincə, bu təzyiqlərin sanksiyalara doğru getdiyini görmək üçün heç də analitik olmağa ehtiyac yoxdur: "Baxın, biz Brüssel danışıqlarına qayıdacağımız təqdirdə artıq Qarabağdakı erməni separatçıları da yoxdur ki, Rusiya onların əli ilə bizə təzyiq etsin. Ermənistana gəldikdə isə Rusiya ilə münasibətləri elədir ki, Moskva onun vasitəsilə ilə də bizə təzyiq edə bilməz. Demək ki, Rusiyanı buraxıb Qərb tərəfə keçməyin qorxulacaq bir riski də yoxdur. Bu gün Rusiyanın yanında qalmaq milli dövlət maraqlarımızı açıq-aşkar təhlükəyə atmaq deməkdir. Qərbə qarşı əks cinahda yer aldıqdan sonra "onlar niyə belə edir?" deyib ədalət ummaq isə yumşaq desək, real politik anlayışının və beynəlxalq münasibətlərin məntiqinə uyğun deyil".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.574168