"Qərbin strateji qərarı ondan ibarətdir ki, Rusiya müharibədə qalib gəlməməlidir" - ŞAHİN CƏFƏRLİ

2023-01-25 11:17:00

"ABŞ-ın Ukraynaya M1 "Abrams" tankları göndərməyə hazırlaşması Almaniyanı "Leopard" tankları ilə bağlı yekun qərar verməyə həvəsləndirəcək"

"ABŞ Ukraynaya M1 "Abrams" tankları göndərməyə hazırlaşır. Qərarın bu həftə elan olunacağı gözlənilir. Bu qərar Almaniya hökumətini "Leopard" tankları ilə bağlı yekun qərar verməyə həvəsləndirəcək. Artıq Almaniyanın müdafiə naziri Polşa və digər müttəfiqləri Ukrayna əsgərlərinə bu tanklarda təlim verməyə başlamağa çağırıb və Berlinin öz qərarını tezliklə açıqlayacağını bildirib". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi qeyd edib ki, bu həftə Almaniya həm "Leopard"a sahib olan ölkələrin bu tankların bir qismini Ukraynaya təqdim etmələrinə rəsmi icazə verəcək, həm də özü müəyyən sayda "Leopard"ı Ukraynaya göndərəcəyini elan edəcək: "Almaniya həm milli səviyyədə, həm də Avropa Birliyi xətti ilə Ukraynaya ən çox maddi və hərbi yardım edən ölkələrdən biri olduğu halda, Olaf Şolzun bərbad liderliyi ucbatından dünyada belə rəy formalaşıb ki, Almaniya Ukraynaya kömək etmir. Fransanın vəziyyəti də oxşardır. Nəzərə almaq lazımdır ki, müharibə başladıqdan sonra Almaniyanın xarici, təhlükəsizlik və enerji siyasəti kardinal transformasiya mərhələsinə daxil olub. Artıq Rusiyadan enerji asılılığına son qoyulub. Keçmiş federal kansler, Putinin maaşlı işçisi Şröder və ondan sonrakı kansler Merkel üçün hazırkı Almaniya yəqin ki, tanınmaz bir məmləkətə çevrilib".

Şahin Cəfərlinin fikrincə, "Avropada təhlükəsizliyi Rusiya ilə bərabər təmin etmək" konsepsiyasından "Avropanın təhlükəsizliyini Rusiyadan qorumaq" konsepsiyasına qısa müddətdə keçid etmək sadə iş deyil: "Xüsusən məşhur "Şərq siyasəti"nin (Ostpolitik) müəlifi Villi Brandtın partiyası üçün. Alman toplumu və elitalarındakı "daha bir dünya müharibəsinə səbəb olmayaq" ehtiyatlılığının da qərarlara təsiri müəyyən dərəcədə davam edir. Ona görə də Almaniyanın Ukraynaya hərbi yardım qərarlarında müşahidə olunan tərəddüd və astagəllik izaholunandır. Gündəlik hadisələrin və arasıkəsilməz xəbər axınının içində bəzən unudulsa da, ən önəmli məsələ strateji qərarlardır. Strateji qərarları bilirsinizsə, hadisələrin sonrakı axarını və mümkün nəticələrini təxmin etmək də çətin olmur. Ukrayna ilə bağlı ötən ilin yayında Qərbin (G-7, NATO, Avropa Birliyi) qəbul etdiyi strateji qərar ondan ibarətdir ki, Rusiya bu müharibədə qalib gəlməməlidir. Qərarın icrası prosesində ləngimələr, çatışmazlıqlar, "müharibənin yekunu necə olsun: 23 fevral 2022-ci ildəki duruma, yoxsa Ukraynanın 1991-ci il sərhədlərinə qayıdış?" sualına cavablarda fərqli rəylər ola bilər, amma bunlar ümumi strateji qərarı dəyişmir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182364