Qərbi Zəngəzur Şərqi Zəngəzur iqtisadi zonasına BİRLƏŞMƏLİDİR

2022-09-13 11:05:00

Qərbi Zəngəzur Şərqi Zəngəzur iqtisadi zonasına BİRLƏŞMƏLİDİR

Zaur Məmmədov: "ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisinin bəyanatı Ermənistanı pərişan edib"

Elxan Şahinoğlu: "Vasitəçilikdə Moskva və Brüsseldən geri qalan Vaşinqton Filip Rikeri bölgəyə göndərməklə "biz də varıq" deməyə çalışır"

Bugünlərdə Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icması ilə görüşündə qeyd edib ki, Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin demarkasiya və delimitasiya prosesi ilə bağlı təhdidlər var. Paşinyan bildirib ki, sonuncu Brüssel görüşündə Ermənistanı narahat edən ən vacib məsələlər üzrə ümumi mövqeyə gəlmək mümkün olmayıb: "Azərbaycan beynəlxalq meydanlarda Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını deyir. Ancaq onlar "Şərqi Zəngəzur" terminindən istifadə edirlər, bu isə "Qərbi Zəngəzur"un mövcudluğu deməkdir. Bütün bunlarda gizli məna var".

Ermənistanın baş naziri onu da əlavə edib ki, hansı xəritələrlə sərhədin müəyyən edilməsi ilə bağlı müxtəlif fikirlər var: "Deyirlər, 1921, 1923, 1975 və ya 1969-cu il xəritələri ilə. Biz deyirik ki, demarkasiya və delimitasiya hüquqi qüvvədə olan sənədlər vasitəsilə həyata keçirilməlidir. Azərbaycanda belə bir bəyanatlar səsləndirilir ki, hansısa ildəki xəritə təsdiqləyir ki, Zəngəzur Ermənistana qanunsuz olaraq verilib və yaxud hansısa yaşayış məntəqəsi qanunsuz olaraq Ermənistana verilib. Bu, destruktiv yanaşmadır, amma bu özü də Azərbaycanın ambisiyasını və daxili təhdidini göstərir. Biz irəli getməliyik və demarkasiya, delimitasiya məsələsinin həllinə nail olmalıyıq, o cümlədən Qarabağ məsələsinin həllini tapmalıyıq".

"İrəvanın dezinformasiya yayma təşəbbüsünə baxmayaraq, Filip Riker səfərə Minsk qrupunun həmsədri kimi deyil, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi kimi gəldiyini qeyd edib"

Bu arada, onu da nəzərinizə çatdıraq ki, ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker bugünlərdə İrəvana səfər edib və Nikol Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib. "Hürriyyət" xəbər verir ki, ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisinin Ermənistana səfərini qiymətləndirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun fikrincə, rəsmi İrəvanın dezinformasiya yayma təşəbbüsünə baxmayaraq, Filip Riker səfərə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi kimi gəldiyini qeyd edib: "Rikerin səfəri Ermənistan mediasında çox az və zəif işıqlandırılıb, baxmayaraq ki, İrəvanda Paşinyan, Rubinyan, Mirzoyan və Qriqoryan ilə görüşlər keçirib. İrəvana səfərinin yekunlarına dair diplomatın bəyanatı isə Ermənistanı pərişan edib, çünki bəyanatda Qarabağ ifadəsi yoxdur! Əvəzində "Ermənistan və Azərbaycan arasında bütün məsələlərin hərtərəfli və sülh yolu ilə həlli məqsədilə Birləşmiş Ştatlar ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla birgə fəaliyyətini davam etdirəcək", deyə bildirilib. Xatırladım ki, rəsmi İrəvanın son ümidlərindən biri ABŞ tərəfindən "Qarabağ münaqişəsi hələ bitməyib", "münaqişənin həlli Minsk qrupu çərçivəsində həll edilməlidir" ifadələrini eşitmək idi. Beləcə, Paşinyan komandası Qarabağ məsələsinin artıq gündəmdən çıxdığını başa düşsə, daha yaxşı olar". Bakı Politoloqlar Klubunun sədri hesab edir ki, Azərbaycana səfər zamanı ABŞ diplomatı ətraflı şəkildə regionda gedən proseslər barəsində məlumatlandırılacaq: "Şübhəsiz, Qafqazdan geri qayıdarkən Riker Vaşinqtonda vəziyyətin reallıqda necə olduğu barədə ətraflı hesabat hazırlayacaq. Necə ki, bir zamanlar Şarl Mişel də Bakıda izah ediləndən sonra yekun mövqe formalaşmışdı".

"Ermənistan Mehri vasitəsilə dəmiryolunun çəkilişini dondurub, İran isə Rəşt-Astara dəmiryolunun çəkilişini 2008-ci ildə bitirməli olsa da, hələ də uzadır"

Bir neçə gün öncə Azərbaycan-Rusiya-İran arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüşə də toxunan politoloq bildirib ki, Ermənistan Mehri vasitəsilə dəmiryolunun çəkilişini dondurub, İran isə Rəşt-Astara dəmiryolunun çəkilişini 2008-ci ildə bitirməli olsa da, hələ də uzadır: "Bakıda keçirilən Azərbaycan-Rusiya-İran arasında Şimal-Cənub layihəsi üzrə dövlət nümayəndələrinin görüşü pozitiv notlarla və gələcəyə hesablanan bəyanatla bitsə də, Tehran 20 ildən çoxdur ki, 164 km-lik yolu tikib qurtara bilmir və Bakıda da növbəti işçi bəyanat verildi. Bu tərəfdən isə Ermənistan Mehridən keçməli olan dəmiryolu xəttinə razılıq versə də, hazırda prosesi faktiki olaraq dondurub. İkinci məsələdə heyfslənməyə heç dəyməz, çünki bizə də bu - "Ermənistan adekvat deyil" , "Paşinyan Rusiya və Türkiyəni birləşdirəcək xəttə yox deyir" , "Ermənistan öhdəliklərini yerinə yetirmir" - lazım idi. Onsuz da bir məsələ dəqiq bəllidir ki, Qərbi Zəngəzur Şərqi Zəngəzur iqtisadi zonasına birləşməlidir".

"Rəsmi Bakının gündəliyində İranla viza rejiminin yumşalması məsələsi yoxdur"

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafına dair üçtərəfli görüşlə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, tərəflər adıçəkilən dəhlizin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar: "İranlı nazir çıxışı zamanı dəhliz çərçivəsində daimi katiblik sisteminin yaradılmasını təklif edib. Onun sözlərinə görə, dəhliz çərçivəsində İran ərazisində "Rəşt-Astara" dəmiryolunun yaradılması məsələsi də vacibdir. Nazir onu da əlavə edib ki, sərhədlər vasitəsilə gediş-gəlişin və vizaların verilməsinin asanlaşdırılması vacib məsələlərdəndir. "Biz vizanın alınması məsələsini asanlaşdırmalıyıq, burada bəzi xərclər azaldılacaq, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələr aradan qalxacaq", - Rüstəm Qasimi qeyd edib. Beləliklə, Tehran "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı 3 məsələnin həllini istəyir. Birincisi, dəhlizin daimi katibliyi yaradılsın. İkincisi, Rəşt-Astara dəmiryolunun tikintisi üçün vəd edilən kredit ayrılsın. Üçüncüsü, Rusiya, Azərbaycan və İran vətəndaşlarının sərhəd keçidləri asanlaşdırılsın, yəni viza rejimi ləğv edilsin". Politoloqun qənaətincə, daimi katibliyin yaradılması mümkündür: "Rəşt-Astara dəmiryolunun tikintisini isə Rusiya maliyyələşdirə bilər. Rusiya İrana kredit vəd verib. O ki qaldı, İranla viza rejiminin yumşalmasına, rəsmi Bakının gündəliyində bu məsələ yoxdur".

"Filip Riker Bakıda ancaq ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi titulunda qəbul edilə bilər"

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikerin Ermənistana səfərinə gəlincə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, dövlət katibi Entoni Blinken Filip Rikerin vəzifəsinə "ABŞ-ın Minsk Qrupundakı həmsədri" titulunu da əlavə edib: "Azərbaycan isə öz növbəsində, nə bu titulu qəbul edir, nə də bu titul adı altında hər hansı diplomatla Qarabağ mövzsunu müzakirə etmək istəyir. Belə olan halda Filip Riker Bakıda ancaq ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi titulunda qəbul edilə bilər və onunla ancaq Azərbaycanla Ermənistan arasındakı danışıqların mövcud vəziyyətinin müzakirəsi mümkündür. Vaşinqton vasitəçilikdə Moskva və Brüsseldən aşkar geri qalır, ona görə Filip Rikeri bölgəyə göndərməklə "biz də varıq" deməyə çalışır.

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061319