Saat:20:31
Haqqımızda

Qərbi Azərbaycanın torpaq örtüyü

2021-08-03 12:12:00

Qərbi Azərbaycanın torpaq örtüyü

(“Qərbi Azərbaycanın coğrafiyası” silsiləsindən)

IV yazı

Makrogeoloji struktur vahidi kimi Alp-Himalay geosinklinal qurşağının fəal dağəmələgəlmə proseslərinin intensivliyi ilə fərqlənən Qərbi Azərbaycanın torpaq örtüyü əsasən alçaq, orta və yüksək dağlığın maqmatik,vulkanogen-effuziv suxurları və bəzi vadilərdə (Ağrı düzü Şirəel vadisi və Mehri çayı hövzəsi) IV dövr çöküntüləri üzərində şaquli qurşaqlar üzrə  formalaşmışdır. Torpaq örtüyünün mütləq hündürlüyü 500-2800 m arasında dəyişilir.

Şaquli zonallıq üzrə müxtəlif hündürlüklü landşaft-relyef formaları ilə seçilən Qərbi Azərbaycan subtropik iqlim qurşağında yerləşsə də, bölgənin əksər hissəsində (cənubda Mehri, şimal-şərqdə Qaraqoyunlu nahiyələri istisna olmaqla) bütünlüklə mülayim kontenintal iqlim şəraiti (yayı isti, qışı soyuq, yağıntılarının miqdarı 200-900 mm) hökm sürür.

Fərqli hündürlük qurşaqları və mürəkkəb relyef strukturları fonunda formalaşan çoxnövlü bitki areallarının altında yayılan torpaq örtüyü (5 landşaft qurşağı münbitlik göstəricilərinə görə seçilən 14 torpaq tipini əhatə edir) beş qurşaq üzrə (düzənlik yarımsəhralarda, alçaq hündürlüklü dağətəyi ərazilərdə, orta hündürlüklü meşə örtüyündə və subalp-alp çəmənlikləri, yüksək qayalıq-daimi qar örtüyü yayılan hissələr) paylanmış və ümumilikdə, bu torpaq ehtiyatının 1,2-1,3 milyon hektarı (bölgə ərazisinin 47-48 faizi) kənd təsərrüfatına yararlıdır. O cümlədən 445 min hektar əkin, 446 min hektar biçənək, 1 milyon 52 min hektar otlaq-örüş sahələri olmaqla.

   Qərbi Azərbaycanda düzən (vadi) torpaqları Alagöz dağı (4090 m) ətəyində, Araz çayı vadisində, Mehri düzündə (Mehri çayı boyunca, əsasən 500-1000 m hündürlükdə) yayılmış, əsasən IV dövr çöküntüləri üzərində yaranmışdır.

   Bölgənin şimal-qərbindəki düzən torpaqlarının quzey sərhəddi Alagöz dağı ilə, cənubu Araz çayının yatağı arası əhatələnir (120 km uzunluqda, eni 10-30 km). Bu  hissədə (500-1250 m hündürlükdə) yağıntıların miqdarı 200-300 mm-dir, yarımsəhra boz, çəmən-boz torpaq tipləri (şoran və şorakətlərə də rast gəlinir) ilə örtülüdür və 20 min hektar sahəni tutur (Araz çayının sol sahil hissəsini, Ağbaba və  Şirəel mahalları arasını, Ağrı düzündəki Molla Bədəlli, Ağcaarx, Xatunarx, Armudlu, Şəhriyar, Canfəda, Cəfərabad kəndlərini, Zəngi çayının aşağı axarlarında və Vedi dağlarının qərb ətəklərində yerləşən Qəmərli, Şidli, Şıxlar, Şirazlı, Arazdöyən, Qaralar, Avşar... kəndləri ətrafını da əhatə edir).

   Araz çayının sağ sahili ərazilərində, Türkiyə Cumhuriyyətinin İqdır vilayətinin Ağaver, Nəcəfalı, Sarıçoban, Qazançı, Haqməhəmməd, Yüzbaşılar... kəndləri ilə 5-20 km-lik məsafə ayırır Qərbi Azərbaycanın bu kəndlərini.

   Kənd təsərrüfatı bitkilərinin becərilməsi baxımından əhmiyyətli olan Ağrı düzünün boz, boz-çəmən (Arazboyu vadi) torpaqları suvarma, eləcə də iqlimin kəskin kontenantıllığı nəticəsində təkrar şorlaşmaya, şorakətləşməyə (24-25 min hektar) məruz qalmışdır. Bu hissədə suvarılan torpaqlar 80 min hektardan çoxdur. Və 3 yarımtipə ayrılır-rütubətli çəmən-qonur, çəmən-qonur və dəmyə çəmən-qonur.

   Ağrı düzünü, Zəngi, Gərni və Vedi çaylarının Araz çayına tökülən hissələrni (Sərdarabad-Qəmərli nahiyələri üzrə) tutan, kəskin kontenintal iqlim şəraitində formalaşan yarımsəhra boz, çəmən-boz torpaq tipləri, tip növmüxtəliflikləri əsasən çoxillik əkmələr (alma, armud, şaftalı, üzüm bağları), taxıl, yem (yonca, üçyarpaq yonca, xaşa) və bostan-tərəvəz bitkiləri altında becərilir. Suvarma kanallarının və kollektor-drenaj şəbəkəsinin sıxlığına görə fərqlənir, suvarmada göl və çay sularından da istifadə edilir.

  Torpaqlarda becərilən bitkilərin məhsuldarlığını artırmaq üçün 1950-ci illərdən suvarma sistemlərinin bərpasına, kollektor-drenaj şəbəkəsinin (1533 km uzunluqda) qurulmasına başlanılsa da, Şirəel mahalında təkrar şorlaşma hallarına rast gəlinmişdir.

  Iqlimin kəskin mövsüm fərqliyi Ağrı düzündəki Ağgöl gölünün sahəsinin dəyişilməsindən bilinir, əsasən yeraltı və yağış suları ilə qidalanan bu göl ilin rütubətli dövründə 60 hektar sahə tutur, yayda isə 7 ha, orta dərinliyi 10 m-ə qədərdir. Bu göldən Qarasu çayı (uzunluğu 40 km, sutoplayıcı hövzəsinin sahəsi 1610 kv.km-dir) başlayır, Şidli kəndi yaxınlığında Araz çayına soldan qovuşur  (bu hissədə olan torpaqların suvarılması üçün yararlıdır), bu çayın sol qolu isə Qaçax çayıdır.

  Vedibasar-Şirəel mahallarının boz-çəmən, çəmən-qonur tipli düzən-vadi torpaqlarında (Şidli, Xəlisə, Qaralar, Avşar, Arazdöyən, Canfəda, Şəhriyar...kəndlərində) suvarma şəraitində əsasən taxıl, yonca, çuğundur, qarğıdalı, günəbaxan (silos üçün), bostan-tərəvəz bitkiləri becərilsə də, üzüm, alma, ərik, gilas, əncir... bağları salınsa da, 1965-ci ilədək pambıq bitkisi əkilmişdir. Suvarma mənbəyi kimi Zəngi, Gərni, Vedi çaylarından, Qarabağlar kanalından (Xosrov meşəliyindən başlayaraq Araz çayına çatır, uzunluğu 50 km-dir), Qara Hun arxından (bu kanal-arxdan vadinin əkin sahələri suvarılıb) ... istifadə olunmuşdur.

  Məqsədli şəkildə pambıq əkini sahələrinin ləğv edilməsi, həmin sahələrin üzüm bağları altında istifadə edilməsi mahalda boz-çəmən, boz-qonur torpaqların, vadilərin yamacboyu kollu sahələrinin (800-1200 m hündürlüklü) istifadəsini xeyli dərəcə də intensivləşdirmişdir.

  Şirəel-Vedibasar hövzəsi boyunca vadi torpaqları bəzən dağ çaylarının daşması nəticəsində (yazın son aylarında, yayın əvvəlində) sel-lil çöküntüləri ilə örtülür. Sel sularının Araz çayına birbaşa tökülməsi üçün bir neçə yerdə körpüaltı keçidlər tikilmişdir (Qəmərli-Dəvəli arasında...).

   Bu hissədə, Araz çayı sahillərində (Vedi nahiyəsinə aid) yaşı yüz ildən artıq olan meyvə bağları salınmışdır-“Paşa oğlu İsmayılın bağı”, “Kürd Musanın bağı”,”Əzətin bağı”, “Baba uşağının bağı”, “İbrahimin bağı”, “Qəhrəmanın bağı”, “Alı oğulu İsmayılın bağı”...

   Qərbi Azərbaycanın yarımsəhra-çöl landşaftının yayıldığı ərazilərdən olan Mehri çayı vadisi (yuxarı hövzədə) şimaldan cənuba doğru, Araz çayının sol sahil yatağı boyunca 34401 hektar sahədə boz-çəmən və boz-qonur torpaq tipləri 500-900 m hündürlüklü hövzəni (Arazbar, Gilan, Əlidərəsi, Həkəri, Lökqala, Nüvədi, Maralzəmi...kəndləri, Mehri nahiyəsi), meşə-kol örtüklü, alçaq-orta hündürlüklü dağlıq sahələri tutur.

   Subtropik iqlim qurşağı daxilində yerləşən bu hövzə (torpaq örtüyü) həm əkin, həm də örüş-otlaq sahələri kimi tarixən əkilib-biçilmiş, istifadə olunmuşdur.

  Mehri çayı hövzəsində (Mehri nahiyəsində) boz-qonur torpaqlar əsasən alçaq-orta-yüksək hündürlüklü (700-2800 m) qurşaqlarda, dağətəyi, meşə-kol landşaft qurşaqlarında 35 min hektar sahədə yayılmışdır. Təbii örtüyü saxlanılsa da, müxtəlif kənd təsərrüfatı bitkiləri altında da istifadə edilmiş və bu hal bölgənin bir çox toponimlərində əks olunmuşdur. Belə ki, Nüvədi kəndi ətrafında “İsmayıl bəy çəmənliyi”, “Məmməd bəy çəmənliyi”, “Məmmədəmin örüşü-kahası”..., Araz çayı sahillərində “Sığıran yeri”, “Qarağanlıq yeri”, “Buğda düzü”, “Xəllərgə”,”Məzrə”, “Qılıq”, “Kürd Əziz”... (əkin yerləri), “Əyri dərə”, “Canbəki” (örüş-otlaq yerləri)... indi də qalmaqdadır.

  Mehri və Araz çayları hövzəsində boz-qonur torpaqları yayılan sahələrdə otlaq-örüş yerləri nahiyənin tarixən Müsəlman-Türk əhalisinin, tərkəmə elatının məskunlaşmasında mühüm rol oynamışdır.

   Roma imperatoru II Rudolfun (1552-1612) macar əsilli səfiri Stefan Kakaşın (1565-1603) müşaviri Qeorq Tektander fon der Yabel (1570-1620) Qərbi Azərbaycanda olmuş və “1602-1603-cü illərdə Moskvadan İrana səyahət” əsərində yazmışdır ki, bu bölgənin münbit torpaqlarında becərilən pambiq bitkisindən, tut ağaclarından qiymətli pambıq-ipək parçalar toxunur, bağlarında dadlı meyvələr yetişir, dağlarının zirvələri isə daimi qar-buz örtüyünə bürünüb...

                                                               Qismət  Yunusoğlu,  

                                        Bakı Dövlət Universitetinin müəllimi 

 

P.S. Qərbi Azərbaycanın Şirəel mahalının bir sıra kəndlərinin adı 1946-cı ildə hay kilsəsi tərəfindən “erməni”ləşdirilmişdir - Molla Bədəlli kəndi-“Exeqnut”, Ağcaarx kəndi-“Arevik”, Armudlu kəndi- “Tandzut”, Cəfərabad kəndi-“Qetaşen”, 1994-cü ildən Arazbar kəndi-“Araksaşen”, Nüvədi kəndi-“Nrnadzor”, Lökqala kəndi-“Vartanidzor”... kimi.

  Şəhriyar kəndi isə 1950-ci ildən “Nalbandyan”, Xatunarx kəndi 1978-ci ildən-“Qay”... adlanır. Duzkənd kəndi 1937-ci ildə eyni adlı rayon mərkəzi olsa da, 1945-ci ildən “Axuryan” edilib.

 

Qeyd: Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kənd sakinləri Musa Pirəli oğlu Abbasovun, Heydərəli Abuzər oğlu Sərdarovun (1941), Hüseyn İsa oğlu Bəşirovun (1944)   və Mehri nahiyəsinin Nüvədi kənd sakini Balakişi Balakişi oğlu Həsənovun (1939) məlumatlarından istifadə edilmişdir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR