“Qərbi Azərbaycana qayıdış məsələsini ikinci sıraya qoymalıyıq” – XAQANİ İSMAYIL

2023-02-21 11:10:00

“Qərbi Azərbaycana qayıdış məsələsini ikinci sıraya qoymalıyıq” – XAQANİ İSMAYIL

“Birinci sırada beynəlxalq hüququn mübahisə predmeti olan Zəngəzur və Göyçə tələbini gündəmə gətirməliyik”

“İrəvan bölgəsinin taleyi formal bir kağızla, bəyanatla deyil, hərbi əməliyyatlar və qalib dövlətlərin yürütdüyü beynəlxalq diplomatiya ilə həll olunmuşdur...”

2020-ci ildəki 44 günlük müharibədən sonra Azərbaycanın müəllifliyi ilə geoiqtisadi-geosiyasi Zəngəzur dəhlizi layihəsi gündəmə gəldi. Hərçənd, bu layihənin reallaşmasına mane olan güclərin sayəsində, o cümlədən də sözügedən regional əleyhdarların, xüsusilə İranın səyləri ilə Zəngəzur dəhlizi layihəsi hələ ki, tam reallaşma mərhələsinə qədəm qoymayıb. Qarşımıza süni şəkildə çıxarılan əngəllərə baxmayaraq, əminik ki, bizim üçün çox əhəmiyyətli olan bu layihə tez bir zamanda gerçəkləşəcək.

44 günlük müharibənin nəticələri sovet hakimiyyətinin ermənilərə peşkəş etdiyi Zəngəzurun qaytarılması perspektivini də gündəmə gətirir. Bundan başqa, qədim torpağımız İrəvanın Ermənistana paytaxt kimi verilməsinin detalları da müzakirə olunmaqdadır və təbii ki, bu məsələ bir çox suallar doğurur. Hətta İrəvanın ermənilərə paytaxt kimi verilməsində o zamankı Azərbaycan Demokratik Cümhuriyyətinin razılığının rol oynadığı da ifadə olunur. Biz də bütün bu suallara aydınlıq gətirmək və sözügedən yanaşmanın haradan qaynaqlandığını ortaya çıxarmaq üçün tanınmış ictimai-siyasi xadim, tarixi araşdırmaçı və publisist Xaqani İsmayıl ilə mövzu ətrafında müzakirələr apardıq.

– Xaqani bəy, hazırda Azərbaycanın İrəvanla Zəngəzuru necə itirdiyi və bu torpaqları qaytarmaq imkani haqda ictimai müzakirələr gedir. Xüsusən Azərbaycan Demokratik Cümhuriyyətinin bunda rolu olduğu ifadə olunur. Sizcə, bu tarixi torpaqlarin və məhz İravanin itirilməsində kim hansı rolu oynadı?

–Türkmənçay Anlaşması ilə (1828) Batum Konfransı (11 may - 4 iyun 1918) aralığında Güney Qafqaz Rusiya torpaqları olaraq bilinirdi. 1917-ci ildə Rusiyadakı 25 Oktyabr devrimi ilə hakimiyyəti ələ alan Lenin I Dünya Savaşında yeni Rusiyanın-Sovetlərin rolunu fərqli görürdü. O, hakimiyyəti əldə saxlamaq üçün çar Rusiyasının bəzi imperialist niyyətlərindən, o sıradan tabeliyində olan xalqları əzmək strategiyasından vaz keçdiyini bildirdi. Hətta xalqların öz müqqəddaratlarının təyinində azad olduqları barədə bəyannamələr də qəbul etdi.

Ərzincan Barışı (5 dekabr 1917-ci il) sonucunda Rusiya qoşunları Ərzurum və Qarsdan çıxmalı idi. Bu ordudakı erməni könüllü silahlı dəstələri də geri qayıtmaq zorunda qaldı. Dekabrın 19-da Qafqazdakı Rusiya ordusunun buraxılmasına dair sərəncam imzalandı. Dekabrın 26-da erməni könüllü silahlı dəstələrinin buraxılması haqqında Baş komandanın verdiyi gözlənilməz əmr davakar daşnak çevrələrini daha da qəzəbləndirdi. Təkcə bu faktı xatırlamaq yerinə düşər ki, çar Rusiyası müsəlmanları əsgəri xidmətə qəbul etmədiyi halda, Güney Qafqazda (Anadolu cəbhəsində) 150 min (bəzi məlumatlara görə, 250 min) nəfər erməni Rusiya ordusunun tərkibində xidmət göstərirdi (bu bölgədə qulluq edən rusların sayı isə toplam 170 min nəfər idi) və ucqarlardakı hərbi hissələr Lenin inqilabı ilə tərxis olunduqdan sonra yüz minlərlə erməni hərbçisi öz xidməti silahları ilə Doğu Anadolu, əsasən isə Qafqaz bölgəsi müsəlmanlarına qan uddururdu.

Qafqazda erməni və müsəlmanların hərbi-siyasi güc balansının kəskin şəkildə öz xeyirlərinə olduğunu yaxşı başa düşən erməni liderləri öz siyasi beyinlərini və hərbi güclərini tədricən Bakıya da yönəltmişdilər.

Qafqazı yenidən Rusiyaya birləşdirmək üçün Lenin də “erməni kartı”ndan yararlanaraq, 1917-ci il dekabrın 16-da RSFSR XKS-nin qərarı ilə Stepan Şaumyanı Qafqaza fövqəladə komissar təyin etmişdi, Doğu Anadolunun Qars mərkəzli bölgəsi də Şaumyanın səlahiyyət dairəsində idi.

Almaniya və müttəfiqlərinin bolşevik Rusiyası ilə bağlamış olduqları 1918-ci il 3 mart Brest-Litovsk sülh anlaşması gərəyincə Rusiya ordusu Osmanlıdan işğal etdiyi torpaqları 1877-ci il sınırlarınadək geri çəkməli idi.

Mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında gürcü menşevik fraksiyasının onun buraxılması təklifi qəbul edildi. Həmin gün axşam saatlarında Gürcüstan Milli Şurası başkəndi Tiflis olmaqla, Gürcüstanın müstəqilliyini elan etdi. Mayın 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvləri öz iclaslarında özlərini müvəqqəti Azərbaycan Milli Şurası elan edərək, Azərbaycanın idarəçiliyini öz üzərlərinə götürmək qərarına gəldilər. Mayın 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyəti (ADR) elan edildi. Gürcülər hansı ərazilərdə dövlət qurduqlarını elan edə bilməsələr də, Azərbaycan Milli Şurası Bakı, Gəncə və İrəvan quberniyalarının ərazilərində AXC qurulduğunu bəyan etmişdilər ki, bu xəbər də N.Nərimanovun redaktorluğu ilə çıxan “Hümmət” qəzetinin 29 may 1918-ci il tarixli sayında yayınlaraq xalqımızı müjdələyirdi. Elə həmin gün Azərbaycan Milli Şurası ermənilərin müraciətinə cavab olaraq İrəvan bölgəsinə iddiasını geri çəkdiyini bəyan etdi. Mayın 30-da Tiflisdəki Erməni Milli Şurası mətbuatda “Erməni xalqına müraciət” dərc edərək, özünü “erməni mahallarının ali və yeganə hakimiyyəti” elan etdi və Türkiyə ilə sülh müqaviləsi imzalamaq üçün Batuma nümayəndə heyəti göndərdi.

Burada İrəvanın güzəştindən söhbət gedə bilməz. Çünki İrəvan xanlığı tarixən Azərbaycan xanlığı olmuşsa da, Türkmənçay müqaviləsi ilə itirilmişdi və Rusiyanın ərazisi sayılırdı. Batum anlaşmasına qədər də Zaqafqaziya Seyminin yaratdığı Federativ dövlətə məxsus idi. Sadəcə, Azərbaycan Milli Şurası Türk Ordusunun bölgəyə yaxınlaşma durumundan yararlanıb tarixi fürsəti sınamaq qərarına gəlmişdi. (Haşiyə: Ancaq beynəlxalq hərbi-siyasi durum bu mövqeyə düzəliş tələb edirdi... Əks halda beynəlxalq diplomatik böhran qaçılmaz idi və sonralar Paris Sülh Konfransında nəinki təkcə Azərbaycanın müstəqilliyi, həm də Anadoluda türk dövlətinin suverenliyi tanınmayacaq... az sonra bölgə İngiltərə və müttəfiqlərinin işğalına da məruz qalacaqdı. Bu haqda ABŞ prezidenti Vilsonun Osmanlı Vəzirinə 22 avqust 1919 tarixli məktubu da var. ABŞ Senatının 10 dekabr 1918-ci il tarixli 378 saylı qətnaməsi də Türkiyə, Rusiya, İran, Azərbaycan torpalarında yaranmalı “böyük erməni respublikası”ndan bəhs edir. O səbəblə də ermənilər daha artıq cəsarətlənərək Paris Sülh Konfransına Samsun-Kaysəri-Adana bölgələrindən bizim Dağıstan sərhəddimizin 2/5-nədək uzanan, Naxçıvan, Zəngəzur, Qarabağı da öz daxilinə alan “Böyük Ermənistan” xəritəsi vermişdilər...)

Ancaq Seym buraxılan dönəmdə İrəvan quberniyasının Azərbaycanın tərkib hissəsi elan olunması Erməni Milli Şurasını çətin vəziyyətə salmışdı. Xüsusən də ona görə ki, Osmanlı ordu birləşmələri 1918-ci ilin yazında Doğu Anadoludan çəkilmək istəməyən erməni hərbi birləşmələrini Trabzon-Bayburt-Ərzincan-Muş- Bitlis xətti yörələrindən Ərzurum-Qars-Gümrü-BaşQarakilsə-İrəvan, Bəyazid-İqdır-Sərdarabad-Eçmiədzin-İrəvan, Gümrü-Sərdərabad, Gümrü-Calaloğlu-Tiflis, Gümrü-Ahalkələk, Gümrü-Dilcan, Ahlat-Maku-Naxçıvan, Van-Xoy-Muğan yönündəki ana yollar boyunca əzişdirərək, eyni zamanda İrəvana yaxınlaşırdı. Dağlıq şəraitdə özləri daha çox itki verən nizami erməni birləşmələrinə qarşı çətin hücum əməliyyatları həyata keçirən Türk Ordusu isə Sərdarabad mövqeyində 3500, Qarakilsə bölgəsində 3000 nəfər itki vermiş erməni ordusunun təslim olaraq Batum Müqaviləsini imzalamasına nail olmuşdu. Xatırladaq ki, Qafqaz İslam Ordusu Bakıyadək 1300 civarında canlı qüvvə itirmişdi...

Başqa sözlə, İrəvan bölgəsinin taleyi formal bir kağızla, bəyanatla deyil, hərbi əməliyyatlar və qalib dövlətlərin yürütdüyü beynəlxalq diplomatiya ilə həll olunmuşdur...

Ermənistan Respublikasına türk girovu kimi baxan və 4 iyun 1918-ci il tarixli Batum müqaviləsini xəyanət kimi qiymətləndirən general Andranik Türkiyədən üç-beş min nəfərlik silahlı dəstə və bir neçə min qaçqınla Zəngəzura gəldi. Sonralar AXC ordusu da bu bölgəyə qüvvə göndərsə də, əsgəri güc yetərsizliyindən, buranı azad edə bilmədi, sonucda XI Ordu yetişincə isə N.Nərimanov da AXC ordusunun yerdə qalan hissələrini ona qoşdu ki, daşnaklarla vuruşsun, beləliklə həmin dönəmədək ermənilərin işğalında olduğu üçün Zəngəzur sonralar bölündü. Azərbaycan KP MK-nin bürosunun çoxluğu erməni, rus və b. xalqların nümayəndələrindən oluşduğu üçün 30 noyabr 1920-ci il tarixli səsvermədə qərar Azərbaycan xalqının maraqlarının əleyhinə çıxdı. Sadəcə, Azərbaycan KP MK bürosunun qərarını Azərbaycan İnqilab Komitəsinin sədri kimi N.Nərimanova oxutdurduqları üçün hamı onu Nərimanovun bəyanatı hesab edir. Bu xəbər Azərbaycanda çap olunan “Kommunist” qəzetində rusca yayınlandıqdan sonra, ertəsi gün Ermənistanda yayınlanaraq ora “Naxçıvan” sözü də əlavə edildi, Moskvadakı “Kommunist” qəzeti də bilərəkdən erməni variantını çap edərək, Naxçıvanın da ermənilərə verilməsinə guya Azərbaycanın razı olduğunu dünyaya yaydı. Ermənipərəst büro bu toplantıda üstünlüyündən istifadə edərək, Dağlıq Qarabağla bağlı isə, bu bölgə əhalisinin “öz müqəddəratın təyin etmə” haqqını tanıdığını bildirirdi. Sonralar Qafqaz Bürosu yenə eyni taktikadan istifadə edərək (2 nəfər azərbaycanlı qarşılığında 2 erməni, 2 rus, 4 gürcü rəhbər nümayəndə) Qarabağı Ermənistana vermə qərarı aldıqda, Nərimanov bu oyunu Lenin vasitəsi ilə pozaraq bir gün sonra Azərbaycanın tərkibində qalmağı ilə bağlı qərar çıxartdırdı (5 iyul 1921).

-Beynəlxalq hüquq baxımından Qərbi Azərbaycan məsələsi dünya gündəminə necə, hansı kontekstdə çıxarılmalıdır ki, uğura nail olunsun?

- İlk öncə onu bildirim ki, həm bizim hökumət nümayəndələri, həm də cəmiyyətimizin Qərbi Azərbaycan davası ilə çalışan insanları bəzən bir-birinə zidd, daxili auditoriyaya, vətəndaşların vətənpərvərlik hissinə köklənmiş açıqlamalar verirlər. Ancaq bunlar təbliğat səviyyəsindən uzağa gedə bilməz. Öncəliklə bizim Qərbi Azərbaycanla bağlı strategiyamızda hansı tələblər mütləq əksini tapmalıdır?

Birincisi, Paris Sülh Konfransında Ermənistanla mübahisəli sayılan Zəngəzur, indiki Batı Zəngəzur və Göyçənin bir qismi-Göyçə gölündən şərqə doğru ərazilərin məlum qismi ilə bağlı bizim də verdiyimiz xəritə var, biz birinci bundan yapışmalıyıq…

Mən 2005-ci ildə konfrans keçirmişdim və Milli Məclisə layihə vermişdim. Həmin o konfrans Ermənistanda əks-səda doğrumuşdu. Həmin layihə bax bu çərçivədə verilmiş təklif idi. Demək ki, biz Qərbi Azərbaycana qayıdış məsələsini ikinci sıraya qoymalıyıq, birinci sırada isə Ermənistanla həm bizim, həm Türkiyənin böyük sazişə gəlməsi üçün beynəlxalq hüququn mübahisə predmeti olan Zəngəzur və Göyçə torpaqları tələbini gündəmə gətirməliyik. Birinci bununla bağlı baza sənədlərindən ibarət olan konsepsiya ortaya qoyulmalıdır. Hansı ki, mən Milli Məclisə göndərmişdim və ermənilər buna reaksiya vermişdilər.

O biri tərəfdən hansı səbəbdən bu torpaqların bizə yox, Ermənistana verilməsi faktından mübahisə başlamaq lazımdır-onlar da bu torpaqlara iddia edib, biz də. Amma hansı səbəbdən bu torpaqlar onlara verilib, bizə yox. Bundan qaynaqlanan mübahisə başlatmaq lazımdır. O biri tərəfdən də Dağlıq Qarabağın azad edilməsi üçün 44 günlük müharibənin nəticələrindən irəli gələn amilləri, Ermənistanın bizə vurduğu ziyanı əldə tutaraq beynəlxalq məhkəməyə verib - biz zərərçəkən kimi, onlar isə cavabdeh kimi- bu aspektdən onları sıxışdırmaq, onlardan təzminat tələb etmək, sonra isə təzminat formasında torpaq tələb etməliyik. Biz əvvəl bundan başlamalıyıq. Biz belə başlasaq ki, Ermənistana köçmək istəyirik, ermənilər də deyəcək ki, lap yaxşı, biz də Bakıya köçmək istəyirik. Yəni vətəndaşların geri qaytarılması praktikası indiki durumda qarantiya altında deyil. Birdən Ermənistan dedi ki, gəlin görüşək, köçün. İndiki halda bizim təhlükəsziliymizin təmin olunması mümkün görünmür. Mən bunda hökuməti qınamıram. Bu normaldır. Bu proses ancaq mərhələ-mərhələ baş tuta bilər. İndiki halda vətəndaşların qaytarılmasını mən hələ ki, təbliğat kimi görürəm. Bunun bazası olmalıdır. Böyük barış olmalıdır.

Tutaq ki, mənə dedilər gəl yurduna. Mənim oradakı kəndim darmadağın olub, mən hara getməliyəm.

İkincisi, tutaq ki, mən Ermənistandan ev almaq istədim, bir erməni də gəlib Bakıdan ev almaq istədi. Barış anlaşması olmasa, qayıdışın fəlsəfəsi aydın deyil. Azərbaycan iqtidarının üzərinə düşən məsələ isə odur ki, Qərbi Azərbaycana qayıdışla bağlı bir icma formalaşdırıb onu önə çıxarmalıdır. Bu mütləq lazımdır. O biri tərəfdən də ictimaiyyət içində Qərbi Azərbaycanla bağlı neçə illərdir təşkilatanma aparan qurumlar, müəyyən ictimai xadimlər var ki, professor Qafar Çaxmaqlı da bunlardan biridir. Başqaları da var. Bunu bir neçə xəttlə aparmalıyıq. Birinici hökumətin dəstəklədiyi icma-bu xətt hökumətin rəsmi mövqeyindən kənara çıxa bilməz. Amma o biri xətt, dediyim kimi, Göyçə-Zəngəzur uğrunda mübarizəni davam etdirmək, xalqın öz içindən seçilərək formalaşmış bir təşkilat olmalıdır, hansı ki, bu təşkilat gələcəkdə necə ki, Dağlıq Qarabağ erməniləri Qarabağı azad etmişdilər, amma işğal etmişdilər, bir zamanda da elə bir məqam yetişə bilər ki, həmin o ikinci xəttin təşkilatına aid qruplar hansısa vaxt lazım ola bilərlər.

Bundan başqa diplomatiyaya gəldikdə, Azərbaycan hökumət xəttinin müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Amma xalqın içindən çıxmış, xalqın gücü ilə meydana gəlmiş müstəqil təşkilatların özünün də ayrı xətti olmalıdır, hökumətə yönəlmiş tənqidlərdən nəsibini almamalıdır, kənarda qalmalıdır. Zəruri olanda erməni xalqı ilə dialoqa da bir körpü yaratmalıdır. O biri tərəfdən hökumət desə ki, biz Zəngəzuru istəmirik, Göyçəni istəmirik, bu təşkilat deməlidir ki, yox, biz istəyirik. Bu zaman siyasi texnolojiyalardan mütləq istifadə olunmalıdır. Yenə deyirəm, mübahisəli ərazilərin məsələsi önə çıxarılmalıdır, mübarizə getməlidir, Ermənistan beynəlxalq məhkəməyə verilməlidir, təzminatla sıxışdırılmalıdır. Bəlkə Rusiya da zəifləyər, İran da zəifləyər, Türkiyə güclənər, bu tarixi zərurəti olan addımları ata bilərik.

Ülviyyə ŞÜKÜROVA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.218912