Qərbdən qaçan Tehran Moskvanın ovcuna düşür...İran Rusiya-Hindistan yolunun əsas halqası...

2022-12-27 17:00:00

Qərbdən qaçan Tehran Moskvanın ovcuna düşür...İran Rusiya-Hindistan yolunun əsas halqası...

Sanksiayalara məruz qalan Rusiya vəziyyətdən çıxmaq üçün yeni logistik marşrutların yaradılmasına cəhd edir. Başqa sözlə desək, sanksiyaların meydana gətirdiyi blokadanı yarmaq üçün Moskva çıxış yolunu üzünü İran və Hindistana yönəltməkdə görür. Məqsədi Asiyanın nəhəng və sürətlə böyüyən bazarlarına çıxmaqdır.
Bu baxımdan, Kremlin hədəfi İranla birgə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə “Hind okeanına pəncərə açmaq”dir. Nə qədər də qəribə olsa, bu məqamda Romanovların əsasını qoyan I Pyotrun "Avropaya qapı açması" üçün dəridəm-qabıqdan çıxması özünü xatırladır.
Hindistana gedən marşruta gəlincə, bəyan edilənə görə, bu marşrut Rusiyaya malların İran limanları vasitəsilə ucuz və sürətli daşınmasını təmin edəcək. Bu materialda layihənin "su hissəsi" nəzərdən keçiriləcək.
Belə ki, tikilməkdə olan ticarət dəhlizi Rusiya və İrana mövcud marşrutları minlərlə kilometr qısaltmağa imkan verəcək. Nəzərə alaq ki, ruslar ilhaq sayəsində bu il öz təbirlərincə desək,  daxili dənizlərinə çevirdikləri Azov dənizini də hesaba qatırlar. Oradan çay, dəniz və dəmir yolu şəbəkələri Xəzər dənizindəki İran qovşaqlarına qədər uzanır. Son nöqtə Hind okeanıdır.
Bəs ruslar bu istiqamətdə hansı işləri görürlər? İran xəbər kanalları Tehranda yerləşən "IRISL" şirkətinin Volqadakı limana 10 milyon dollar sərmayə qoyduğunu bildirir. Məqsəd Həştərxandakı Solyanka limanının imkanlarını iki dəfə artırmaqdır.
İran öz sərhədləri daxilində yeni terminallara da sərmayə qoyur. Onların köməyi ilə Xəzər dənizindən Fars körfəzinə qədər ölkə ərazisindən keçən dəmir yollarına yükləri gəmilərdən yenidən yükləmək mümkün olacaq. Onların şəbəkəsi də tədricən genişlənir.
Rusiya öz tərəfindən Volqa-Don kanalının əhəmiyyətli modernləşdirməsini tələb edir. Bu, iki çayı ən yaxın nöqtədə birləşdirən 101 km uzunluğunda süni keçidlər və təbii su anbarlarıdır. Lakin hazırda bəzi ərazilərin dayazlığı gəmilərin daşıma qabiliyyətini məhdudlaşdırır. Kanalın təkmilləşdirilməsi iki dəfə böyük gəmilərin keçməsinə imkan verəcək.
Yeri gəlmişkən, İranın dəniz xəbər agentliyi xəbər verir ki, Rusiya İrandan gələn gəmilərə Volqa və Don çaylarında daxili su yollarından keçmək hüququ verəcək qaydalar hazırlayır.
Hindistan da nəqliyyat dəhlizinin inkişafına sərmayə qoyur. Belə ki, söhbət Çabahar limanının (İranda açıq dənizə və Hind okeanına birbaşa çıxışı olan yeganə liman) uzun məsafəli qatarlar şəbəkəsi ilə birləşdirilməsindən gedir. Bildirilir ki, Rusiyadan Hindistana gedən 12 milyon tonluq taxılın ilk partiyası artıq İrandan keçib.
Ümumiyyətlə, belə görünür ki, Tehran Rusiyanın makroregionuna üzv olmaqda möhkəm iştirak edir. Yaxud belə də deyə bilərik ki, Tehran Qərblə Çinin şikarına çevrilməmək üçün Rusiyanın orbitinə can atır. İran rəsmiləri deyirlər ki, onlar bütün diqqətlərini "Şərq oxu" adlandırdıqları şeyə - Avropa ilə iqtisadi əlaqələri bərpa etmək planlarından imtina edərək, bunun əvəzinə Rusiya və Şərqin digər ölkələri ilə bir sıra ticarət və enerji sazişlərinə yönəlirlər.
Bəs Moskva niyə İranı orbitində saxlamağa məcburdur? Əslində İranın Qərbdən də, Çindən də qopub Rusiyaya yaxınlaşması elə Moskvanın işinə yarayır. Bu səbəbdən də İranın ABŞ-la nüvə sazişinin heç cür yoluna qoyulmaması da Kremlin işinə yaradı. İran daha çox təcrid olunduqca, Rusiyanın ovcuna daha rahatlıqla düşür. Sadəcə olaraq, bu faktı demək kifayətdir ki, İran olmadan böyük potensiala malik Hindistanla sabit iqtisadi əlaqələrə ümid etmək mümkün deyil.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175965