Saat:23:32
Haqqımızda

Qənimət alanlar və "qənimət olanlar"...

2021-09-21 09:52:00

Qənimət alanlar və

Dünyanın aparıcı gücləri öz seçimlərini edir

Dünya miqyaslı müharibələrin hərbi ittifaqların qurulması ilə başlandığı məlumdur. 1-ci dünya müharibəsindəki “Antanta” və “Üçlər İttifaqı” kimi. Hərbi ittifaqlar artıq müharibənin rəsmi elanına siqnal mahiyyəti daşıyır. Ötən həftə də “AUKUS”un qurulmasının anonsu belə anlaşılmalıdır, necə ki, Fransa və Çin tərəfinə mesaj verildi və alındı.

Məsələyə fərqli bucaqlardan baxmaq durumu anlamaq üçün faydalı olar. Hətta qapalı ölkə olan Şimali Koreya da siqnalı qəbul etdiyini bildirdi. Şimali Koreya XİN sözcüsü ABŞ, İngiltərə və Avstraliya arasındakı yeni təhlükəsizlik müqaviləsini – “AUKUS”u "nüvə silahı yarışına" səbəb ola biləcəyi üçün pisləyib və razılaşmanın "Asiya-Sakit okean bölgəsindəki strateji tarazlığı pozacağını" söyləyib.

Müqavilənin şərtlərinə görə, ABŞ və Böyük Britaniya nüvə sualtı gəmiləri qurmaq üçün texnologiyanı Avstraliyaya ötürəcəklər. Şimali Koreya bunu Cənubi Çin dənizində Çinin təsirinə qarşı cəhd kimi qiymətləndirilir. “AUKUS” qanadlı raketlər, süni intellekt və digər texnologiyaları da əhatə edən hərbi paktdır. Bundan başqa KXDR keçən həftə iki böyük silah sınağı-uzun mənzilli qanadlı və ballistik raket sınağı keçirdi.

Çin, Pekin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan ilə əldə olunan müqaviləni də tənqid edərək, ittifaqın "regional sülhü ciddi şəkildə pozaraq, silahlanma yarışını gücləndirmək" riski olduğunu söylədi.

“AUKUS”un yaradılmasının rəsmi səbəbi kimi “Hind-Sakit okean bölgəsində uzunmüddətli sülh və sabitliyin təmin olunması” və “müdafiə” xarakterli elan edilsə də, ittifaq “hücum mahiyyətlidir”.

Yeni Asiya Hind-Sakit okean təhlükəsizlik tərəfdaşlığı çərçivəsində İngiltərə və ABŞ Avstraliyaya nüvə sualtı gəmilərinin yerləşdirilməsi üçün texnologiya verəcək. Bu arada Böyük Britaniyanın İndoneziya ilə ingilis freqatlarının ixracı müqaviləsi də Avstraliyanın ön cinahdan müdafiəsini təmin etmək məqsədi daşıyır. Sözsüz ki, ixracat müqaviləsi İndoneziya donanmasının amansız savaşa tab gətirəcək dizaynda və silahlarla təchizatını nəzərdə tutur.

ABŞ rəsmiləri bu addımın Pekinə qarşı çıxmaq məqsədi daşımadığını bildirib. Bununla birlikdə, mütəxəssislər “AUKUS” müqaviləsinin bütün bölgədə strategiya və siyasətdə paradiqma dəyişikliyinə işarə etdiyini söyləyirlər.

Yeni müqavilənin vaxtı xüsusi əhəmiyyət kəsb edir. Bu, ABŞ-ın Əfqanıstandan çəkilməsindən cəmi bir ay sonra, onun bölgədəki öhdəlikləri ilə bağlı şübhələr söylənərkən baş verdi. Yəni hər kəs ABŞ-ın Əfqanıstandan çəkildiyini onu zəifləməsinə bağlayarkən, Vaşinqton “oyun içində oyun” qurur və daha iri savaşa hazırlaşaraq bölgəsəl çatışmalarda güc, enerji, resurs itirmək istəmir. Əksinə bölgədən çəkilməsilə həmin bölgəni digər regional güclər üçün “tələ” halına gətirir. Beləliklə, həm resurslarını qoruyaraq qarşıdakı “tələyə düşməkdə olan” regional oyunçuların “didişərək zəifləməsinə”, onlara həlledici zərbəni irimiqyaslı müharibədə vurmağı planlayır, eləcə də bölgəsəl oyunçuların zəifləməsindən sonra bölgəyə tək sahib kimi qayıtmağı da...

İngiltərə “Breksit”in ardınca AB-dən çıxdıqdan sonra Asiya-Sakit Okean bölgəsində daha fəal iştirak istəyir və Avstraliyanın Çinin təsirindən getdikcə daha çox narahat olduğu bildirilir. Əslində isə hədəf AVRASİYA və AFRİKADIR. ABŞ, Kanada, Yeni Zelandiya, Avstraliya ilə birgə “The Commonwealth”-un sahibi Britaniyanın qarşıdakı hədəfi Avrasiyanı rəqibsiz sahiblənməkdir, eləcə də Afrikaya uzanan Çini durdurmaq... Qlobal Britaniya da dünyanın qalan hissəsinə sahiblənməkdən tamamına sahiblənməyi nəzərdə tutur.  

“AUKUS” çərçivəsində kəşfiyyat və kvant texnologiyaları da daxil olmaqla bir sıra sahələrdə informasiya və texnologiya mübadiləsini, qanadlı raketlərin alınmasını nəzərdə tutur. Burada nüvə sualtı qayıqları “uğurun açarı”dır. Bu qayıqlar ABŞ-ın və İngiltərənin istehsal texnologiyası ilə Avstraliyanın cənubundakı Adelaide şəhərində inşa ediləcək.

"Nüvə sualtı gəmisinin böyük “müdafiə” potensialı və buna görə bölgə üçün fəsadları var. Əslində müdafiə yox, hücum potensialından söhbət gedir. Dünyada yalnız altı ölkədə nüvə sualtı gəmiləri var",  - Avstraliya Strateji Siyasət İnstitutunun müdafiə, strategiya və daxili təhlükəsizlik direktoru Maykl Şobric deyir. Nüvə sualtı qayıqları adi sualtı qayıqlardan daha görünməzdir, onlar səssizcə işləyir, asanlıqla hərəkət edir və aşkarlanması daha çətindir. Nə vaxt yerləşdiriləcəyi bəlli olmasa da, ən azı 8 sualtı gəmiyə dəstək veriləcək. Avstraliyada nüvə infrastrukturunun olmaması səbəbindən proses daha uzun çəkəcək.

İnandırıcı olmasa da M. Şobricin dediyinə görə, qayıqların nüvə silahı olmayacaq, yalnız nüvə reaktorları olacaq.

Prezident Bayden bu qayıqların necə işləyəcəyinə qərar vermək və nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün üç ölkənin komandaları ilə ilk 18 aylıq məsləhətləşmə müddətinin olacağını da bildirib.

"Çindən əməkdaşlıq sözləri eşidirik, ardınca Tayvana təhdidlər, Hong Kong hadisələri və Cənubi Çin dənizinin sürətlə hərbiləşdirilməsini görürük. Çinə qarşı yeganə məntiqli tədbir şey onun durdurulmasıdır", - Şobric deyir.

ABŞ eyni zamanda Yaponiya, Cənubi Koreya, Tayland və Filippin, Hindistan və Vyetnamla bölgədəki digər ortaqlıqlara da çox sərmayə qoyur. Vaşinqton konkret olaraq “çinliləri kəsmək” vəzifəsini Yaponiyaya həvalə edib. M. Şobric, Çinin artan gücündən narahat olmasına baxmayaraq, müqavilənin bu ölkələrin hamısına fayda verə biləcəyini söylədi.

"Bu, regionda qiymətləndiriləcək. Bu, böyük geosiyasi dəyişikliyin bir hissəsidir. Bu, Si Cinpinin getdiyi istiqamətdir", - Şobric deyir. Keçmişdə iki ölkə güclü ticarət ortaqları idi və xeyli Çinli tələbə Avstraliyada təhsil almağı seçdi. Amma Avstraliya koronavirusun mənşəyinə dair qlobal  araşdırmanı dəstəklədikdən sonra siyasi münasibətlər pisləşdi - məsələ Avstraliyanın koronavirusun “Çin istehsalı” olması rəylərinə dəstəyi Pekinin xoşuna gəlmədi - kimi təqdim olunsa da Kanberradan asılı olmayaraq hər bir halda müharibə partiyasına hazırlıq getməli idi...

Pakt Avstraliyanın ABŞ və İngiltərəyə qoşulduğunu göstərir, eyni zamanda Avstraliyanın nüvə sualtı qayıqlarının olması, Çindən daha güclü olduğu anlamına gəlməsə də bölgədəki güc balansını dəyişir. Çin  Cənubi Çin dənizində və ya Tayvan boğazında bir təhlükəsizlik vəziyyəti yaratsa, cavabını alacaq. “ISEAS-Yousof Ishaq İnstitutu”nun Regional Strateji və Siyasət Araşdırmaları üzrə baş əməkdaşı Vilyam Çunq, “Pekindən şiddətli reaksiya gözləmək olar. Bu pakt Avstraliya və ABŞ-a Çini durdurmaq üçün daha bir alət rolunu oynayacaq”, ifadələri ilə fikrini bildirib.

“AUKUS”dan zərər görənlər sinfinə Fransanı mütləq aid etmək lazımdır. Əslində Fransanın istehsal etdiyi nüvə sualtı qayıqları daha çox müdafiə xarakterli idi. Külli miqdarda maliyyə zərərinə uğramasından başqa Fransa həm də qlobal oyundan sıxışdırılıb çıxarılır. Yəni 3-cü dünya mühariəsinin qənimətlərindən “pay almayacaq” və Paris keçən əsrdəki güc sahibi dövlətlərdən biri kimi bu rəftarı həzm edə bilmir. Fransa Avstraliya, İngiltərə və ABŞ arasındakı təhlükəsizlik paktını "arxadan vurulan bıçaq" kimi qınasa da, şübhəsiz ki, Avropa Birliyi üçün də utandırıcıdır. İş ondadır ki, AB-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi C. Borrel AB-nin Hind-Sakit okean strategiyasını başlatmaq üçün kürsüyə çıxan məqamda “vaxt anlaşılmazlığından qəti "xoşbəxt olmadığını" etiraf etdi, eyni zamanda Avropanın liderlik etməsi üçün “AUKUS”un həyəcan siqnalı olduğunu söylədi.

AB hərbi güc deyil, amma Avropa Komissiyasının sədri Ursula von der Leyenin “Avropa Müdafiə Biliyi”-Hərbi İttifaqı- ilə bağlı çağırışlarını eşitdik. AB vəziyyət gərginləşəndə ​​ortada qalmaq istəmir, "getdikcə gərginləşən mühitdə ABŞ və Çin arasında" seçim etməlidir. Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer, AB-nin hərbi planda ABŞ-dan asılı olmamasını təmin etməlidir. "Bu, amerikalılardan ayrılmağımız anlamına gəlmir. Ancaq NATO-nun içində də başqa maraqlarımızın olacağı vəziyyətlər yarana bilər. O zaman öz gücümüzlə daha çevik olmalıyıq", -deyir.

Kramp-Karrenbauer xatırladıb ki, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra avropalı həmkarları təcili iclasda vəziyyətdən çıxış yollarını müzakirə ediblər və bu sırada çevik reaksiya qüvvələri müzakirə edilib. Onun dediyinə görə, oktyabrın sonuna qədər bu tipli qüvvələrin yaranması ilə bağlı öz təkliflərini təqdim edəcək. Yəni Almaniya başda olmaqla AB də NATO-ya “bağlı olmayan” hərbi qüvvələrini yaratmağı düşünür.

Fransa narahatdır. İmperiyanın varisi kimi hərbi güc olan Fransanın maraqları var. Avstraliya müqaviləsi onun strategiyasının əsas hissəsi idi. “AUKUS”un ardınca Fransa tarixdə ilk dəfə ABŞ və Avstraliyadakı səfirlərini “məsləhətləşmələr üçün” geri çağırdı. Eləcə də, Fransa ABŞ-da Çesapik Döyüşünün 240-cı ildönümünü qeyd etməkdən imtina etdi. Çesapik döyüşü Amerikanın müstəqilliyi uğrunda müharibənin gedişində 1871-ci ilin 5 sentyabrında eyni adlı körfəzdə Britaniya və Fransa donanması arasında baş vermişdi. Yəni Fransa Amerikaya İngiltərənin müstəmləkəçiliyindən qurtarmağa kömək etmişdi və onun qurulmasına kömək etmişdi. Ardınca isə Amerika Britaniyanın qarşısına keçib addım-addım dünya hegemonu olmaq uğrunda irəlilədi. İndi isə bu proses “əks istiqamətdə” baş verir. Burada bir haşiyə çıxaraq deyək ki, sabiq prezident D.Trampın nəyə görə “3 ildən sonra ABŞ dövlət kimi olamayacaq” ifadəsini anlamaq mümkündür.

Qayıdaq Fransaya. Ölkənin XİN rəhbəri Jan İv Le Drianın (Jean-Yves Le Drian) izah etdi ki, Fransa ABŞ və Avstraliyadan Parisdəki səfirlərini məsləhətləşmələr üçün geri çağıracaq. Maraqlıdır ki, ABŞ, Böyük Britaniya, Avstraliya arasındakı “AUKUS” paktının detallarının İngiltərənin Kornuoll şəhərində keçirilən G7 sammitində Fransa prezidenti Emmanuel Makronun xəbəri olmadan razılaşdırıldığı, həm də prezident Makronun bundan xəbərdar olduğu deyilir, XİN Jan İv Le Drian isə Avstraliya-Fransa müqaviləsinin ləğv edilməsini elan etməzdən əvvəl ABŞ-ın AUKUS paktını yaratmaq planlarını Fransa ilə müzakirə etdiyi fikirləri yalan adlandırdı. Qəribədir ki, Paris də Vaşinqton və Kanberradakı səfirləri geri çağırsa da Londondakı səfiri geri çağırmayıb. “Sunday Telegraph”ın verdiyi xəbərə görə, “AUKUS” yaradılmasının təfərrüatları hələ 11 iyunda prezident E. Makronun xəbəri olmadan ABŞ, Böyük Britaniya və Avstraliya arasında, Makronun da iştirak etdiyi G7 sammitində razılaşdırılıb. Qəzetin yazdığına görə, İngiltərənin keçmiş XİN naziri Dominik Raab Çin və Fransa ilə münasibətlərə xələl gətirə biləcəyindən qorxmasına baxmayaraq müqavilənin bağlanmasına kömək edib.

Fransanın məyusluğu sualtı nüvə qayıqları ilə bitmir, üstəlik İsveçrənin Fransadan “Rafale” yerinə ABŞ-dan “F-35 Lightning II” qırıcıları almasını seçdikdən sonra Makronun İsveçrə prezidenti Qi Parmelenom ilə görüşünü ləğv edib. Müqavilənin 6 milyard dollar olması nəzərdə tutulurdu. Sonntags Zeitung və Le Matin Dimanche nəşrlərinə görə Fransa Prezidenti, səfir vasitəsilə səfərin ləğv edildiyini elan etdi.

Bildirilir ki, bu addım prezident Makronu "son dərəcə qəzəbləndirdi" və bununla əlaqədar o, Bernə noyabr səfərini ləğv etdi. Lakin Fransa hakimiyyəti qeyd edir ki, səfər "tam razılaşdırılmadı", ona görə də onun ləğvi barədə danışmaq düzgün olmazdı. Beləliklə, keçmiş hegemon Fransanın İngiltərədən azad olmağa kömək etdiyi ABŞ-ın əliylə “budanması” davam edir və dünyanın yeni bölüşdürülməsində qənmət alanların və “qənimət olanlar”ın siyahısı tərtib olunur...

Ülviyyə ŞÜKÜROVA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR