Qəhvə - içki, yoxsa dərman?! – HƏSRƏT RÜSTƏMOV YAZIR

2022-12-27 10:36:00

Qəhvə - içki, yoxsa dərman?! – HƏSRƏT RÜSTƏMOV YAZIR

Bu qədim içki - qəhvə və ya dünyada daha çox məşhur olan adı ilə desək, kofe haqqında çox yazılıb, çox deyilib. 15-16-cı əsrlərdən başlayaraq indiki dövrümüzədək və çox güman ki, bəşəriyyət davam etdikcə populyarlığı davam edəcək qəhvə zaman-zaman gah şahlara layiq qida, gah insanı gümrah edən dərman, gah da qadağan edilmiş zəhər kimi tanınıb və belə demək olarsa, indiki şöhrətinə heç də rahat gəlib çatmayıb.

Vətəni Efiopiya olaraq bilinən qəhvənin tarixi də çox maraqlıdır. Onu ilk fərq edənin bir çoban olduğunu bilirdinizmi? Bəli, məhz efiopiyalı çoban Keldi keçilərini otararkən qəhvə ağacının paxlalarını yedikdən sonra heyvanların enerji ilə coşub daşmasını fərq etməsəydi, bəlkə də hazırda dünyanın hər yerini bəzəyən kofeşoplar və bu içkini həyatının ayrılmaz hissəsi hesab edən kofemanlar da olmayacaqdı.

Qəhvənin tarixində onun qadağan edilməsi dövrləri də olub və bu sıradan Osmanlı sultanı 4-cü Muradın dövründə qoyulan cəza bu qadağaların ciddiliyini göstərmək baxımından olduqca diqqətcəkicidir. Belə ki, qəhvə içərkən yaxalanan adama əvvəlcə döyülmə cəzası verilirmiş. Bu hadisə təkrar baş verdikdə isə sultanın fərraşları adamı heyvan dərisinə salıb Bosfor boğazına atmalı olurmuşlar... Beləliklə, bu gün dəbdəbəli restoran və kafelərdə rahat şəkildə kofe içənlər, onun ətrindən və dadından həzz alanlar bilməlidirlər ki, bu cür “əzablı” yol keçən tarixi bir içki qəbul edirlər.

Bir sözlə, bu gün dünyadakı ticarət həcmi milyard dollarla ölçülən qəhvənin çoxəsrlik və maraqlı tarixi vardır. Amma sizə bu gün tarixdən deyil, qəhvənin insan orqanizmi üçün artıq elmi cəhətdən bəlli olan faydalarından bəhs etmək istəyirəm.

 

İlk onu qeyd edim ki, qəhvənin insan orqanizminə təsiri ilə əlaqədar çoxsaylı elmi tədqiqatlar həyata keçirilib və bu gün də bu proses davam etməkdədir. “Avropa Profilaktik Kardiologiya Jurnalı”nda bir ay bundan əvvəl dərc olunan bir tədqiqatın nəticələri də həm tibb aləmi, həm də qəhvəni sevən hər kəs üçün olduqca maraqlı məqamlara işıq salıb. “Qəhvə növlərinin ürək-damar xəstəliklərinə, ürək ritminin pozulmalarına və bununla bağlı ölüm riskinə təsiri” adlı çalışmada on ildən artıq müddətdə Böyük Britianiyada təqribən 450 min insan araşdırılmışdır.

Nəticələr isə bundan ibarətdir: Heç qəhvə qəbul etməyənlərlə müqayisədə gündə 2-3 fincan qəhvə içənlər arasında ürək-damar xəstəlikləri (bura Ürəyin İşemik Xəstəliyi, Miokard İnfarktı, Beyin İnsultu və s. daxildir) və ürək ritminin pozğunluqları (başqa cür desək, aritmiyalar) riski əhəmiyyətli dərəcədə az olmuşdur. Eyni zamanda, araşdırma artıq bu cür xəstəlikləri olan şəxslərdə ölüm faizinin əhəmiyyətli dərəcədə azalmasını aşkara çıxarmışdır.

Həmçinin, bu tədqiqata təkcə dəmlənmiş üyüdülmüş kofe deyil, qəhvənin həm də həll olunan (sublimasiya olunmuş) və hətta dekofeinləşmiş növü də daxil edilib. Və qəribə olsa da hər üç növ üçün nəticələr təqribən eyni olmuşdur. Qəribə ona görə deyirəm ki, kofeinsizləşdirilmiş qəhvədə, adından da göründüyü kimi, kofenin miqdarı çox cüzi olur. Demək, məsələ təkcə kofeində deyil, belə demək mümkünsə, qəhvə dənələrinin içindəki bütöv “möcüzə”dədir.

Qəhvənin zərərlərinə gəldikdə isə, onu demək lazımdır ki, bu yalnız qəhvənin 2-3 fincan deyil, bəzən 5-6 fincan, bəzən isə daha çox qəbul edilməsi ilə bağlıdır. Yəni adını çəkdiyimiz araşdırmadan da göründüyü kimi, 2-3 fincanlıq gündəlik həddi aşmayanlar bu möcüzəvi içkidən nəinki heç bir zərər görməyəcəklər, əksinə sağlamlıqları baxımından ciddi fayda əldə edə bilərlər. Təbii ki, hər zaman olduğu kimi orqanizmlərin fərdi xüsusiyyətlərini nəzərə almaq vacibdir. Bu içkiyə qarşı əvvəllər dözümsüzlüyü olanlar, yəni qəhvə içərkən başı ağrayan və ya hər hansı rahatsızlığa düçar olanlar isə bu içkidən uzaq dursalar yaxşıdır. 

Həsrət RÜSTƏMOV


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.287514