Saat:04:42
Haqqımızda

“Qəbulda nazir müavini pensiyamın kəsilməyinin düzgün olmadığını dedi”

2021-09-16 17:35:00

“Qəbulda nazir müavini pensiyamın kəsilməyinin düzgün olmadığını dedi”

“Mənə 2017-ci ildə II qrup əlilliklə bağlı 5 illik pensiya təyin olunub. Lakin 2020-ci ilin fevralında heç bir xəbərdarlıq olmadan, inzibati akt tərtib olunmadan pensiyamı dayandırıblar. Bir ildən çoxdur ki, müxtəlif dövlət orqanlarına müraciət etsəm də. Hələ də pensiyam bərpa olunmur”.

Hurriyyet.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar sakini Astanov Azad Dilavər oğlu müraciət edib. Onun sözlərinə görə, sağ əlini işlədə bilmir, başından travma alıb və bu səbəbdən ona ikinci qrup əlillik təyin olunub. Pensiyası kəsiləndən sonra bu il fevralın 8-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin qəbulunda olub: “Qəbul zamanı nazir müavini inzibati akt tərtib olunmadan pensiyanın dayandırılması halının düzgün olmadığını və həkim komissiyasından keçdikdən sonra pensiyasının bərpa olunacağını bildirib. Tibbi Sosial Ekspert Komissiyasına əyani baxışa çağırıldım və komissiya tərəfindən 4 dəfə göndəriş verilərək tələb olunan, ixtisaslaşmış xəstəxanalarda müayinələrdən sonra mənim həqiqətən göstərilən xəstəliklər əsasında həqiqi əlilliyim barədə 8 iyul 2021-ci il tarixdə qərar çıxarıldı. Komissiyadan çıxanda mənə bildirdilər ki, 3 həftə ərzində əlilliyim sistemə salınacaq. Sonra da zəng etdikdə bildirdilər ki, bu həftə işimiz çoxdur, gələn həftə sistemə daxil ediləcək. Lakin həmin tarixdən iki ay ötməsinə baxmayaraq, hələ də əlilliyim barədə olan komissiyanın qərarı alt sistemə daxil edilmir. Komissiyanın 2017-ci ildə verdiyi qərar dəyişməsə də, onu yazılı şəkildə mənə təqdim etmirlər, aylardır süründürürlər”.

Şikayətçi bildirir ki, məhkəməyə müraciət edib, lakin qarşı tərəfdən iştirak edən olmadığına görə, problem hələ də həll olunmayıb.

Problemlə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün əvvəlcə tibb müəssisəsi tərəfindən elektron sistemə göndəriş daxil edilməlidir.

Onun sözlərinə görə, Biləsuvar rayon sakini Astanov Azad Dilavər oğlu barədə isə son il yarımda elektron sistemə heç bir göndəriş daxil edilməyib: 

“İl yarım qabaq, ötən ilin mart ayında səhiyyə müəssisəsi tərəfindən onunla bağlı elektron sistemə daxil edilmiş göndəriş isə müalicələrinin az olması səbəbindən Azad Astanova əlillik təyinatı aparmağa əsas verməmişdi. Ötən ay, yəni avqustun 8-də Azad Astanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciəti nəzərə alınaraq o, əyani müayinəyə dəvət edilib. Əyani müayinə və xəstəlik sənədləri əsasında aparılan qiymətləndirmənin nəticələri ona 3-cü dərəcə əlillik təyin etməyə əsas yaradır. Lakin əlillik təyinatını “Əlillik” altsistemində rəsmiləşdirmək üçün e-sistemə səhiyyə müəssisəsi tərəfindən Azad Astanovla bağlı göndəriş daxil edilməlidir”. 

Nazirlik rəsmisi bildirib ki, vətəndaşın əlillik təyinatı ona "Forma-88" verən orqanın- Daxili İşlər Nazirliyinin tabeliyindəki tibb müəssisəsinin göndərişi əsasında ləğv edilib. Əvvəlki "Forma-88" etibarsız sayıldığına görə vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə müraciət edərək yenidən həmin formanı almalıdır. Yeni göndəriş olmadan əlillik təyinatını rəsmiləşdirmək mümkün deyil: “Bu barədə Azad Astanovun özünə də məlumat verilib, amma hələ ki, göndəriş daxil olmayıb. Azad Astanovla bağlı yeni göndəriş e-sistemə daxil edildikdə ona əlillik təyinatı aparılacaq”.

Biləsuvar rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, vətəndaş bu məsələ ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməlidir. Çünki sistemə daxil edilməsi üçün xəstəxanaya hər hansı sənəd təqdim edilməyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR