Saat:19:53
Haqqımızda

QƏBİR DAŞIMIZ – Şamil yazır

2023-03-24 12:12:00

QƏBİR DAŞIMIZ – Şamil yazır

"Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı" demiş qayəsi yalnızca vətən olan "vətənqaya" Məmməd Araz.

Nəfəs aldıgımız müddətcə əlində istənilən düşməninə ox əvəzi ata biləcəyi daş olduğumuzu hamımıza şamil etmək mümkün olmasa da, öldükdən sonra bağlı-bağatlı, güllü-çiçəkli, sütunlu-hasarlı bir məzar, ən azından bir qəbir daşı kimi hər birimizin doğulduğumuz vətənin bağrına sancılacağımız labüddür. Bu baş daşlarının içində təkbaşına minlərlə vətəndaşın edə bilməyəcəyini edənlər, xalqının mənafeyini dağ təkin qoruyanlar da var, həyatda özünün tək görməli olduğu işini başqalarının sayəsində həyata keçirənlər də, ayaq altında tapdalanmış, sadəcə öz mafeyini düşünən çirkli “palçıqlar” da.

Ümumiyyətlə, iyirmi birinci əsrdə yaşamağımıza baxmayaraq, ömür tərəzimizin xeyir gözünün ağırlığını yaxşı əməllərimizlə deyil, məzar daşımızın böyüklüyündə, mərmərinin parıltısında, daha geniş ərazi zəbt etməsində düşünənlərin çoxluq təşkil etməsi təəssüf doğuran cəhətdir aramızda. Atasının, anasının, qohum-əqrabasının bu dünyada bir xeyir əməl etmədiyi təqdirdə, öldükdən sonra qəbirlərinin üstündə şəhər belə salsalar da, ötəki dünyadakı işlərinin keçməyəcəyini müqəddəs kitabımızı oxuduqda heç şahid olmayıblarmı, görəsən? Ölənin pulu çox, dirisinin əlində böyük səlahiyyət ola bilər, qorxudanmı deyim, yaltaqlıqdanmı, yoxsa göstərgidənmi ilk günlər onun möhtəşəm daşını ziyarət edənlər başqasına nisbətdə say həddini aşa bilər, amma və lakin əsl qiyməti keçən zaman, ötən illərin diqtə edəcəyini bilməyimiz şərtdir.

Vaxtilə dərdinə dərman etməyə bir qara quruş belə tapa bilməyən Mirzə Ələkbər Sabirlərin bap-balaca məzarlarının üstünü vaxtın qatı örtdükcə, çoxalıb, böyüyüb ən görkəmli yerlərdə heykəllərə dönməsini, küçə, kənd, qəsəbə, şəhərlərin, elm ocaqlarının adlarını şərəfləndirməsini, dediyimiz həmin o zaman göstərmirmi bizə?! Belə isə, sağlığında atasının halından bixəbərin, xəstə qardaşına bir dərman pulunu belə çox görənin öldükdən sonra qəbrinə qalaq-qalaq pul xərcləməsinin səbəbi nə? Ömrünü sənə xərcləyənə bir tək gül vermədiyin ananın, qəbri üstündə yaratdığın bağ-bağça, dağ gəlib-gedən üçün "göz dağıdır" yoxsa özü üçün?

Duzlu-məzəli lətifələri ilə bu günümüzdə də xatırlanan, hər çəkdiyi misalından yeddidən-yetmiş yeddiyə örnək aldığımız bizlər, bəyəm Molla Nəsrəddinin əsl məzarının qəlbimizdə olduğunu hiss etmirikmi?

O üzdən elə oturub-elə duraq, elə yaşayıb-elə basdırılaq ki, heç kimə ziyanımız dəyməsin, kimsənin yolunu kəsib, yerini dar etməyək, nə bu dünyada, nə də o dünyaya köçdükdən sonra.

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR