Saat:20:34
Haqqımızda

QAZİLƏRİN VÜQAR MƏMMƏDOVLA BAĞLI AKSİYASINA İCAZƏ VERİLMƏDİ – Məğrur Bədəlsoydan açıqlama / Foto

2025-12-08 17:41:48

QAZİLƏRİN VÜQAR MƏMMƏDOVLA BAĞLI AKSİYASINA İCAZƏ VERİLMƏDİ – Məğrur Bədəlsoydan açıqlama / Foto

Xəbər verdiyimiz kimi, “Vüqar Tofiqoğlunun Hüquqlarını Müdafiə Komitəsi”ndə birləşən bir qrup Qarabağ qazisi dekabrın 10-da “Hurriyyet TV”-nin rəhbəri Vüqar Tofiqoğlunun (Məmmədov) qanunsuz həbsinə etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırır. Bununla əlaqədar Komitə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət olunduğunu dəyərli oxucuların diqqətinə çatdırmışdıq.

“Vüqar Tofiqoğlunun Hüquqlarını Müdafiə Komitəsi”nin baş katibi, Qarabağ qazisi, tanınmış jurnalist Məğrur Bədəlsoy Hurriyyet.az açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətə rəsmi cavab verildiyini bildirib:

“Bakı Şəhər İcra Hakimiyyətinin "Vüqar Tofiq oğlu Məmmədov ev dustaqlığına buraxılsın!" şüarı ilə Bakı Apellyasiya Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının inzibati binalarının qarşısında 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) 2025-ci ildə keçirmək istədiyimiz piketi məqsədəuyğun saymaması barədə cavabını aldım. Bu cavab qanunsuzdur, ən azı, bizim bu cavab qərardan məhkəməyə şikayət vermək hüququmuz da pozulub.

Qanunvericiliyin tələbinə görə, belə şikayətə 2 gün müddətində baxılmalıdır. Biz şikayət versək də, dekabrın 10-da 2 gün müddət tamam olur. 27.11.2025-ci ildə xəbərdarlıq müraciəti etmişik, 11 gündən sonra cavab veriblər ki, məqsədəuyğun saymırlar.

Məğrur Bədəlsoy deyib ki, Qarabağ qaziləri Vüqar Məmmədovun ev dustaqlığına buraxılması üçün qanuni yollarla digər müdafiə vasitələrinə əl atacaqlar: “Bunlardan biri kimi, aclıq aksiyası keçirməyi də nəzərdə tuturuq. Bunun üçün də bizə yer verilməli və orada aclıq aksiyası keçirmək üçün şərait yaradılmalıdır”.

Jalə FAMİLQIZI

Hurriyyet.az