“Qazilərə əlillik vermək üçün daha 5 il lazımdır?” - Hərbi ekspert etiraz etdi

2022-06-06 11:40:00

“Qazilərə əlillik vermək üçün daha 5 il lazımdır?” - Hərbi ekspert etiraz etdi

“2 il keçib, amma indiyə kimi 12 min qazinin 30 faizi əlillik dərəcəsi almayıb. Əlillik dərəcəsinə baxmaq üçün 5 il daha lazımdır?”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri polkovnik, hərbi ekspert Şair Ramaldanov Bakupost.az -a açıqlamasında qazilərin etirazları ilə bağlı danışarkən deyib.

O, qazilərə qarşı diqqətsizlik olduğunu deyib:

“Təəssüf ki, qazilərimizə qarşı diqqətli ola bilmirik. Bu günlərdə qazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasına gedərək haqlarını tələb ediblər. Qazilərin hər hansı qapıya gedib gözləməyini minimuma endirmək lazımdır. Təbii ki, onlar diqqətdən tam kənarda deyil. Prezidentin sərəncamı ilə onların sağlamlığı “YAŞAT” Fonduna gələn ianələr nəticəsində bərpa edilir. Amma qazilər hələ də həm sağlamlıq, həm də psixoloji cəhətdən normal həyata qayıda bilmirlər. Müəyyən reabilitasiya tədbirləri görülür, amma yetərli deyil. Bəlkə də mütəxəssislər çatmır, ya da yanaşmanı düzgün etmirik. Bu durumu gərginləşdirən səbəblər var. Adi vətəndaşlar müraciət üçün bir qapıya 5 dəfə getməli olsa da, bu halı normal qarşılayır. Amma qazilər psixoloji durumlarına görə daha emosional reaksiyalar verir. Onların nə yaşadığını yalnız qazilər bilər. Qazilər hansısa qapıya gedib haqqını ala bilməyəndə emosiyalarını idarə edə bilmirlər. Digər bir tərəfdən yanaşaq: qazi Vətən müharibəsində iştirak edib sağlamlığını itirən, Azərbaycanı qələbəyə aparan bir nümayəndədir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev qazilərə çox hörmətlə yanaşır. Amma bəzi məmurlar Prezidentin tapşırıqlarına diqqətlə yanaşmırlar. Hazırda ən mürəkkəb məsələ qazilərin pensiyasıdır. Bu məsələ daha çevik və daha tez həll olunmalıdır. 2 il keçib, amma indiyə kimi 12 min qazinin 30 %-i əlillik dərəcəsi almayıb. Bu əlillik dərəcəsinə baxmaq üçün 5 il daha lazımdır? Qazi öz əmək fəaliyyətini itirib, pensiya ala bilmir, bəs ailəsini dolandırmaq üçün nə etməlidir?”.

Ramaldanov qazilərin intiharına səbəb olan amillərə də toxunub:

“Qazilərin intihar hallarının artmaması üçün onlara Prezidentin tapşırıq verdiyi şəkildə diqqət göstərmək lazımdır. Biz indi bir yumruq olaraq birləşə bilərik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı inqilabi yanaşma olmalıdır. Qazilərin bu cür gedib qapılarda dayanmasına şərait yaranmamalıdır. Əgər bədəni qəlpəli olan qazi nazirliyin qapısını döyürsə, bu artıq biabırçılıqdır, bizim nöqsanlı olduğumuzu göstərir. Hər bir sahədə qazilərə diqqətlə yanaşmalı, problemlərini dinləməliyik. Yerlərdə icra orqanları və digər qurumlar tərəfindən onlara müəyyən diqqət ayrılır, işlər də görülür. Amma bugünkü hadisələr bu işlərin yetərli olmadığını göstərir. Bizim onlar qarşısında borcumuz olmalıdır. Qazilərin vəziyyətini, yanaşmaları nəzərə alaraq, onların xeyrinə qərarlar qəbul etməliyik. Onların haqlı müraciətlərini nəzərə alıb problemlərini həll etsək, intihar halları da azalar. Əks halda yenə də belə faktlarla rastlaşacağıq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya