Saat:10:52
Haqqımızda

Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI

2022-06-25 22:32:00

Qazi və şəhid ailələrinə SAXTA DİQQƏT və QAYĞI

Əlil və şəhidlərin  pensiyalarının  artımından imtinanı  sosial sığorta haqqı ödəməməklə bağlayırlar

Gündəmi işğal edən qonulardan ən birincisi saxta əlillik, veteranlıq, pensiya təyinatı ilə bağlıdır. Xırda məmurdan tutmuş millətin seçdiyi vəkilə kimi, hamı yeri gələndə, yəni müharibə əlillərinin, şəhid ailələrinin, qazilərin dolanışığını düşünməyə gələndə,   saxtalığı önə çəkir. Kimi  müharibə veteranlarının, kimi qazilərin, kimi şəhidlərin adına saxta rəqəmləri diqqətə çatdırıb, “büdcəyə yarınmaq” yolunu tutub. Heç kim Qarabağı 44 günə qazanan QAZİLƏRƏ, ŞƏHİD AİLƏLƏRİNƏ SAXTA QAYĞIDAN, SAXTA DİQQƏTDƏN söz açmır. Niyə də açsın ki, fakt ortadadır.

Ötən ilin sonlarında Prezident fərmanı ilə bütün kateqoriyalar üzrə Prezident təqaüdləri 50-100 faiz arası qaldırıldı. Yerində sayan bircə Qarabağ müharibəsi əlillərinin 300-400 manat arası və şəhid ailəsi üzvlərinə toplam ayrılan 500 manat təqaüdlər oldu. Başbilənlər bu “diqqət və qayğını” sözügedən kateqoriyalardan olan insanların təqaüd,  sosial müavinət və  pensiyalarının üç il qabaq(?-M. B.) artırılması ilə izah etdilər. Bu da növbəti saxtalıq : BƏYƏM QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ SEÇKİDƏN – SEÇKİYƏ DİQQƏT AYRILIR? Bir yandan da , axı müharibə adamlarının pensiya və müavinətlərinin, təqaüdlərinin artımı elə “daxili mənbələr” hesabına olur. Aydın olsun deyə, şəhid ailələrinin kommunal,  nəqliyyat və digər xidmətlər üzrə aylıq müavinətlərini, əlillərin “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə əsasən verilən  (daha doğrusu yeyilən) müavinətlərini  kəsib, Prezident təqaüdünə əlavə ediblər. Daha bunun nəyi artım oldu, eldə deyildiyi kimi, “bığdan kəsib saqqala yapışdırmaq”la diqqət olmur axı! Əlil olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların sosial müavinətlərinin artım tempinə baxın,  1-ci dərəcəli əlillərə 220 manat (buna kimi 150 manat olub ), 2-ci dərəcəlilərə 180 manat  (130 manat olub) və 3-cü dərəcəli əlillərə 120 manat  (110 manat olub) ! Faizlə götürəndə  1-ci -2-ci dərəcəli əlillərdə artımın 40-50 faiz olması “diqqət və qayğı” hesabatlarında diqqət çəksə də, 3 -cü dərəcəli əlillərdə artım faizinin heç 10 faizə çatmadığı da statistikadan gizlin deyil. Təsəvvür edin, Heydər Əliyev Mərkəzinin süpürgəçisi aylıq 900 manata yaxın əməkhaqqı ilə 9-10 Qarabağ qazisinin sosial müavinəti qədər diqqət və qayğı ilə əhatə olunub!

Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanı və 29.12.2000 tarixli, 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə ayrılan toplam 38-40 manat arası müavinət də hələ də -22 ildir təyinatı üzrə verilmir. Nə Maliyyə Nazirliyi,  nə Hesablama Palatası, nə də Milli Məclis Qarabağ qazilərinə saxta diqqət və qayğıya görə tədbir görülməsini təmin edir. Heç Nazirlər Kabinetinin 08.01.2013 tarixli 2 saylı qərarı ilə 64 manatdan 128 manata qaldırılan və hazırda 200 manat civarında müəyyən olunmuş ərzaq payı əvəzinə pul kompensasiyası da 10-cu ildir “diqqətə alınmır”.

Təzəsi olan yerdə 10-20 ilin “köhnə palan içini sökməyək”; Prezidentin 23.12.2021 tarixli fərmanı ilə hərbi qulluqçuların  vəzifə maaşlarına aylıq 20 faiz əlavə müəyyən olunub. “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsində isə yazılıb ki, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə almaq hüququ olan şəxslərin tutduğu vəzifələr üzrə əməkhaqqıları  (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) SONRADAN ARTIRILDIQDA, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Di gəl, 6 ay keçməsinə baxmayaraq, hələ də qanun tətbiq edilmir. Əksinə, əlavənin artım olmadığı, Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020 tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” qanunun 20.14 maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ olan hərbi pensiyaçılara artımın şamil edilmədiyi bildirilir. Hökumətin  “diqqət və qayğı”sının Konstitusiya Məhkəməsi səviyyəsinə baxın, sonradan əlavə olunan məbləğlərə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən hərbi pensiyaçılara artım hesablanması sosial ədalət prinsipinə zidd imiş!  (?) Bu “diqqət və qayğı”nın niyə yalnız 20.14 maddəsinə əsasən pensiya alanlara, yəni hərbi pensiyaçılara göstərilməsini bir yana qoyaq, axı müharibə əlillərinə 20.16, şəhid ailələrinə 20.17 maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə hesablanır! Axı Konstitusiya Məhkəməsi və hökumət əlil və şəhid ailələrini saxta şərhdən qıraqda qoyub! Bir də, ƏLİL,  ŞƏHİD dünyasını dəyişəndən sonra da MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTA HAQLARINI ÖDƏMƏLİDİR? Belə “qiqqət və qayğı”nın saxtalığı göz önündə deyil?

Diqqət və qayğının saxtalıq dərəcələrini bir yazıya sığışdırmaq mümkünsüzdür. Ona görə də nöqtələmək zorundayıq. Deyəsən, diqqət və qayğı saxtalığı hələ sürəcək...

 

Məğrur BƏDƏLSOY

Hurriyyet.az

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR