Saat:04:08
Haqqımızda

Qazi, şəhid övladlarına Həcc ziyarətində yolhaqqı güzəşti etmək olmaz?

2023-03-22 10:56:00

Qazi, şəhid övladlarına Həcc ziyarətində yolhaqqı güzəşti etmək olmaz?

İslamda qazilərin, şəhidlərin özəl yeri olmasını qutsal kitabımız doğrulayır. Tanrının sevimli bəndələrinin, başlarda tac olanların diqqətdən qıraqda olduğunu iddia etmirik. Xütbələrdə şəhidlər də, qazilər də anılır. Bunlar mənəvi yanaşmadır. Maddi diqqətə gəldikdə, dinimiz sağ əlin verdiyinin soldan xəbərsiz olmalı olduğunu diqtə edir. Bu yazımızın mövzusu heç də qazi və şəhid ailələrinə maddi yardım verilməsindən deyil.

Növbəti Həcc ziyarətinə 3 aydan da az qalır. Artıq Qafqaz Müsəlmanları İdarəsi ziyarət qiymətlərini elan edib: 5750 dollar! Keçənilki qiymətdən 400 dollar artıq! Hacı olmaq istəyənlər 10 min manata yaxın halal pullarından keçməlidir. Bəs təqaüd qarışıq ortalıq 500 manat civarında qanpulu alan Qarabağ qaziləri, şəhid uşaqları neçə il pul yığmalıdırlar ki, Həcc ziyarətinə gedə bilsinlər? Niyə yolhaqqı ödənişində qazi, şəhid övladlarına güzəşt edilməsin?

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Qarabağ qazilərinin,  şəhid ailələrinin Həcc ziyarətinə güzəştlə getmələrinə fətva verə bilməz? Biz demirik qazi və şəhid övladları tam ödənişsiz ziyarətə getsin, ən azı yolhaqqı ödənilməsində güzəşt edilə bilər. Bəlkə nəsə fikirləşmək olar? Ruhun istirahəti, qutsal ocaqların ziyarəti Qarabağ qazilərinin,  şəhidlərin övladlarına 10 min manata başa gəlməli deyil, fikrimizcə. Bəs Qafqaz Müsəlmanları İdarəsi nə fikirləşir? Ümumiyyətlə, bu barədə fikirləşmək günah deyil ki?

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR