Saat:12:00
Haqqımızda

Qazaxıstan sülhməramlılardan qurtulur - Nazarbayev müəmması

2022-01-18 10:25:00

Qazaxıstan sülhməramlılardan qurtulur - Nazarbayev müəmması

Qazaxıstanda iğtişaşların başlamasından sonra bu ölkəyə yeridilən KTMT sülhməramlıları artıq ölkəni sürətlə tərk edir. Heç şübhəsiz ki, burada ən çox diqqəti rus sülhməramlıları çəkməkdədir.

Çünki çoxları Rusiya qüvvələrinin Qazaxıstandan çıxmayacağı düşüncəsində idi. Amma gözləntilərin əksi yaşanır. KTMT qüvvələri artıq Qazaxıstanda deyillər.

Putin Qazaxıstanda nəyi önlədi? Nəyə nail oldu? Bu sürətlə və az müddətdə hansı hədəflərə çatdı?

Nazarbayevin hələ də üzə çıxmaması da maraqlı məqamlardandır. Nə özü, nə də yaxın ətrafı hələ bu mübhəmi aydınlatmır. Jirinovski iddia edib ki, Nazarbayev ölüb və dəfn edilib. Lakin bu haqda hələlik təsqidedici heç nə yoxdur...

Siyasi yazar Kənan Rövşənoğlu yaxın həftələrdə Qazaxıstana yeridilən bütün qüvvələrin son nəfərinə qədər oranı tərk edəcəyini proqnozlaşdırır: “SSRİ-nin Əfqanıstan, ABŞ-ın Əfqanıstan və İraq kampaniyaları və eləcə də planetin müxtəlif regionlarında sülhməramlı və ya adı nə olursa olsun, hərbi kampaniyaların uzun müddət davam etməsi risklidir. Xüsusən də son 10 ildə görürük ki, dövlətlər xarici ölkələrə əsgər göndərəndə daha tez tərk etmək, riskləri azaltmaq istəyirlər. Suriyada Rusiya bir il tamam olduqdan az sonra bu ölkəni tərk etdiyini bəyan etdi. Eləcə də ABŞ iki dəfə İraqdan çıxdığını bəyan etdi. Amma bu ”çıxışlar" daha çox həm də daxili auditoriyanı və beynəlxalq aləmi sakitləşdirməyə xidmət edir. Bu mənada Suriyada olduğu kimi, Qazaxıstanda da rus qüvvələrinin (KTMT-nin) bir hissəsinin çıxacağını, bir qisminin isə hələ bir müddət qalacağını düşünürəm. Amma ümumilikdə, fikrimcə, Rusiyanın orada uzun müddət KTMT sülhyaratma missiyası saxlamaq fikri yoxdur. Güman ki, yaxın həftələrdə bütün qüvvələr çıxarılacaq.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Yaxın həftələrdə bütün qüvvələr çıxarılacaq”

Çünki birincisi, Qazaxıstan Rusiyanın hərbi-siyasi, eləcə də iqtisadi müttəfiqidir, ikincisi, Rusiyanın Qazaxıstanda bir neçə hərbi bazası var. O cümlədən Baykanur stansiyası. Yəni əlavə qüvvə göndərib həssas zamanda nümayişkəranə şəkildə Qazaxıstanda işğal görüntüsü yaratmağa ehtiyac yoxdur. Bu həm də risklidir. Nəhayət, Rusiya bu əməliyyatla istədiyinə nail oldu. 1. Qazaxıtanda asayiş bərpa olundu, hakimiyyət Tokayevin nəzarətinə keçdi. 2. Rusiya Qərblə - ABŞ-la - gərgin danışıqların getdiyi bir mərhələdə praktik olaraq göstərdi ki, Moskva öz təsir zonasında operativ hərbi əməliyyatlar keçirməyə qadirdir, yəni dolayısı ilə “kənar qüvvələrin” bu regiona gəlməsinə imkan verməyəcək. 3. Postsovet təsir zonasında olan hakimiyyətlərə də mesaj verdi ki, burada sizin təhlükəsizlik qarantınız Moskva ola bilər. Hər hansı inqilab, kütləvi etirazlarla hakimiyyəti devirmək mümkün olmayacaq. Bütün bu “missiya” həyata keçirildi və belə demək olarsa, qüsursuz şəkildə. Ona görə də indi Rusiyanın Qazaxıstanda qüvvə saxlayıb, əlavə tənqidlərə səbəb olmasına ehtiyac yoxdur. Güman ki, yaxın zamanda qüvvələr nümayişkəranə şəkildə Qazaxıstanı tərk edəcək.

Nazarbayevin taleyi ilə bağlı isə nəsə demək çətindir. Çünki bu, artıq siyasi analiz və ya proqnoz deyil, konkret məlumata əsaslanmalıdır. Çünki artıq günlərdir ki, ondan xəbər alınmır. Bu mövzuda çoxlu sayda “sui-qəsd” nəzəriyyəsi söyləmək olar. Amma bunlar o qədər də maraqlı deyil. Qəti məlum olan odur ki, Qazaxıstanda Nazarbayev erası artıq başa çatıb. Bundan sonra onunla bağlı olanların elə də ciddi əhəmiyyəti yoxdur".

Ermənistan-Azərbaycan sülh sazişi - Aİ sənəddə imzasının olmasını istəyir

Elşən Mustafayev: “Rusiya Nazarbayev komandası ilə Tokayev arasında seçim edib...”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Rusiya tərəfinin Nazarbayev-Tokayev arasında seçim etdiyini söylədi: “İndiyədək Qazaxıstan hadisələrinə münasibət bildirənlər bir-birilərindən fərqli, hətta ziddiyyət təşkil edən fikirlərlə sualları cavablandırmağa çalışırlar. Bunun da səbəbi odur ki, Qazaxıstan siyasi proseslərin gedişatı yönündən yarımqapalı ölkə olduğundan hadisələrə qədər ölkədə baş verən hakimiyyətdaxili münasibətləri dəqiqləşdirmək çətin idi. Ona görə də yanaşmalar əsasən ehtimallar üzərində qurulurdu. Üstündən vaxt keçdikcə bir çox mətləblər agah olmağa başlayıb. Proseslərdən də göründü ki, kimin haqlı və ya haqsız olmasına toxunmadan hadisələr hakimiyyətin içində gedən nüfuz savaşının nəticəsində baş vermişdir. İqtisadi problemlər, ölkədə hökm sürən korrupsiya səbəbindən küçələrə çıxmış etirazçıların sonradan istiqamətləndirilməsi, Nazarbayev komandasının yüksək çinli məmurlarının şərait yaratması, zamanında onların qarşılarının alınması ilə bağlı heç bir iş görməməsi məlum oldu. Belə bir zamanda Rusiyanın prosesə qarışması qaçılmaz oldu. Çox güman ki, Rusiya Nazarbayev komandası ilə Tokayev arasında seçim edib, üstünlüyü ikinciyə verdiyindən onun hakimiyyətini qorumaq qərarına gəldi. Çünki Rusiya yaxşı bilir ki, müstəqil qərarlar verməyi bacaran, Çin-Qərb, Türkiyə ilə münasibətləri saxlamağı bacaran Nazarbayevdən və onun komandasındansa, daha zəif Tokayev özü üçün daha uyğundur. Həmçinin hesab edirəm ki, Rusiya hərbiçiləri, xüsusi xidmət orqanları KTMT sülməramlılarının dəvətindən öncə ölkədə fəaliyyətə başlamışdı. Tokayevin KTMT-ni rəsmi şəkildə dəvət etməsi isə buna hüquqi don geyindirməyə xidmət edirdi. Bu gün KTMT əsgərlərinin ölkədən çıxması ilə bağlı verilən qərarların bir neçə səbəblərini görürəm. Birincisi, Tokayev hakimiyyəti hesab edir ki, özləri üçün təhlükə əvvəlki səviyyədə qalmayıb və bu təhlükəni yarada biləcək böyük fiqurlar neytrallaşdırılıb, yaxud həbsə atılıb və s. İkincisi, KTMT əsgərlərinin sayı təxminən üç min civarında idi. Amma Qazaxıstan ərazisində yerləşən Rusiyanın hərbi bazalarında bundan dəfələrlə artıq sayda rus əsgərləri mövcuddur və yenə də yerlərindədirlər. Və nəhayət, rəsmi şəkildə Rusiya hərbçilərinin sülhməramlı adı altında orada qalması qazax xalqında ciddi qıcıq yaratdığından işğalçı qoşun təəssüratı formalaşdırır ki, bu da ilk növbədə onsuz da satqın adlandırılan Tokayevin mövqelərini daha da sarsıdır və Rusiyaya qarşı nifrəti artırır. Nazarbayevlə bağlı yayılan şayiələrə gəlincə isə onun dünyasını dəyişməsinə dair deyilənlərə inanmaq istəməzdim. Çünki istənilən halda bu məlumatı gizlətmək mümkün deyildi. Amma onun ya hadisələrdən öncə, ya da ki hadisələr başlayan vaxtdan təcrid olunması daha inandırıcıdır. Məhz onun hadisələrə hazırda təsir etmək imkanının olmaması Tokayevi bir növ rahatladıb. Amma Qazaxıstanda hər şeyin bitdiyini söyləyənlər də bir az tələsirlər. Düşünürəm ki, ilk növbədə siyasi gərginlik bir müddət davam edəcək və hətta daha da inkişaf edə bilər. Kənardan olan maraqları nəzərə alsaq, bu gedişatda Tokayev və komandası uduza da bilər, əleyhdarlarından birdəfəlik qurtara da bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR