Saat:19:23
Haqqımızda

Qaz tədarükü üzrə üçtərəfli sazişin SİYASİ VƏ İQTİSADİ FAYDALARI...

2021-11-30 10:29:00

Qaz tədarükü üzrə üçtərəfli sazişin SİYASİ VƏ İQTİSADİ FAYDALARI...

Samir Hümbətov: "İmzalanmış saziş icra olunarsa, o zaman bu, tərəflərin iqtisadi durumuna da böyük təsir göstərə bilər"

Asif Nərimanlı: "Azərbaycanın "qaz müharibələri"ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər"

Zaur Məmmədov: "Avropa İttifaqının maye qaz məsələsinə aktual baxmasını nəzərə alsaq, bu saziş Qarabağ məsələsində Avropanın ermənipərəst siyasət aparmasını minimallaşdıracaq"

Bugünlərdə, daha dəqiq desək, noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammiti çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü üzrə üçtərəfli saziş imzalanıb. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin, İran prezidenti İbrahim Rəisinin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə imzalanan müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək təbii qaz göndəriləcək. Müqavilənin icrasına isə dekabrın 22-dən etibarən başlanılacaq.

Onu da nəzərinizə çatdıraq ki, "İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş" barədə danışan İlham Əliyev bunun çox böyük əhəmiyyəti olduğunu bildirib: "Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var". İran prezidenti İbrahim Rəisi isə qeyd edib ki, imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək: "Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir".

"Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü üzrə imzalanmış saziş böyük əhəmiyyətə malikdir" 

Beləliklə, mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov da hesab edir ki, Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü üzrə imzalanmış saziş böyük əhəmiyyətə malikdir: "Çünki bildiyimiz kimi, uzun illərdir Azərbaycan Naxçıvana qaz vermək üçün İran qazından istifadə edir. Son zamanlar isə məlum hadisələr səbəbindən bu məsələdə bir qədər axsama var idi. Lakin imzalanmış müqaviləyə əsasən artıq İran qazı rahat şəkildə Naxçıvana çatdırılacaq. Eyni zamanda, İran özü də Azərbaycandan qaz alır. Məsələn, bizim cənub sərhədlərimizlə əhatəli bölgələrdə İran Azərbaycandan qaz alır. İran həm də Türkmənistandan qaz alır. Çünki Türkmənistanla sərhəd bölgəyə İran qazını çatdırmaq maliyyə baxımından böyük xərc tələb etdiyi üçün lazım olan qazı Türkmənistandan alır. Odur ki, imzalanmış üçtərəfli saziş əslində bu məsələləri, yəni tərəflər arasında maneəsiz qaz tədarükü təşkili məsələsini əhatə edir". Siyasi ekspertin fikrincə, imzalanmış saziş icra olunarsa, o zaman bu, həm də tərəflərin iqtisadi durumuna böyük təsir göstərə bilər: "Əslində, bu məsələ çoxdan gündəmdə var idi. Düşünürəm ki, imzalanmış sazişin hər üç ölkə üçün böyük əhəmiyyəti var".

"Saziş Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır və bu da öz növbəsində, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq" 

Sözügedən sazişə əsasən Türkmənistanın İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcəyini vurğulayan siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, 2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər də böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir: "Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır. Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla, Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər. Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır". Siyasi şərhçinin qənaətincə, bu da öz növbəsində, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu çətir altında fəaliyyətini daha da stimullaşdıracaq: "Türkmən qazına "çıxış" tapan Bakının "qaz müharibələri"ndə əli güclənir və bu gediş Transxəzər qaz kəməri layihəsinə siyasi dəstəyi artıra bilər".

Asif Nərimanlı onu da əlavə edib ki, qaz tədarükü üzrə üçtərəfli sazişlə İranla yeni səhifə açılır: "Belə ki, Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir. İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil, hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir. Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti İbrahim Rəisinin görüşünün atmosferi də bu gözləntiləri artırır". Beləliklə, siyasi şərhçinin sözlərinə görə, bütün bunlar onu deməyə Azərbaycan bir sazişlə iki nəticəni əldə edir.

"İndi Nikol Paşinyan daha yaxşı anlayacaq ki, cənub-şimal və cənub-qərb xətti Bakının kurasiyasındadır və əgər İrəvan Zəngəzur dəhlizini açsa, onda Ermənistan da divindentlər əldə edə bilər" 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov də hesab edir ki, Türkmənistan- Azərbaycan-İran arasında bağlanan saziş, rəsmi Bakıya xeyli dividentlər gətirəcək: "Birincisi, 2 milyard kubmetr türkmən qazının İran vasitəsilə Azərbaycana çatdırılması ciddi rəqəmdir. Misal üçün deyim ki, bu il Qərb istiqamətinə təxminən, 5 milyard kubmetrə yaxın qaz ixrac etmişik. İkincisi, üçtərəfli saziş faktiki olaraq "Cənub-Şimal", "Cənub-Qərb" tranzit xəttinin Azərbaycan üzərindən dirilməsidir. Həmçinin, bu sazişlə İran və Azərbaycan geosiyasi ziddiyyətləri kənara qoyaraq, iki tərəfin maraqlarına cavab verəcək və tərəfləri iqtisadi-siyasi sahədə bir-birinə yaxınlaşdıracaq yeni layihələrə start verirlər". Bakı Politoloqlar Klubunun rəhbəri qeyd edib ki, məhz bu səbəbdən də Ermənistandakı ekspertlər sözügedən sazişin imzalanmasından ciddi narahatlıq keçirirlər: "İndi Ermənistanın baş naziri Nikol Paşinyan daha yaxşı anlayacaq ki, cənub-şimal və cənub-qərb xətti Bakının kurasiyasındadır və İran Azərbaycan, Azərbaycan isə Gürcüstan yolu ilə bu və digər ticarət əlaqələrini həyata keçirəcək. Əgər İrəvan Zəngəzur dəhlizini açsa, onda Ermənistan da divindentlər əldə edə bilər".

Politoloq onu da vurğulayıb ki, qaz tədarükü üzrə üçtərəfli sazişlə Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi-siyasi sahədə istiləşmə baş verə bilər: "Transxəzər layihəsini sözdə dəstəkləyən Brüssel, ilk dəfə olaraq Azərbaycanın köməyi ilə Türkmənistan qazını əldə edə bilər. Avropa İttifaqının maye qaz məsələsinə aktual baxmasını nəzərə alsaq, bu saziş Qarabağ məsələsində Avropanın ermənipərəst siyasət aparmasını minimallaşdıracaq".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR