Qaz sobaları ilə ehtiyatlı olun! - aidiyyəti qurumlar xəbərdarlıq edir!

2021-11-25 11:24:00

Qaz sobaları ilə ehtiyatlı olun! - aidiyyəti qurumlar xəbərdarlıq edir!

Ekspert: “Xüsusilə çoxmərtəbəli binalarda sakinlər buna diqqət etməlidirlər”.

Havaların soyuması ilə təbii qaza tələbat artır. Son illərin təcrübəsi isə göstərir ki, bu tələbat bir sıra problemlər yaradır. Bunlardan biri də dəm qazı zəhərlənmələridir. Təəssüf ki, bəzi hallarda belə zəhərlənmələr ölümlə nəticələnir. Bəs əhalini riskdən qorumaq üçün hansı tədbirlər görülməlidir?

Hurriyyet.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat” a bildirdi ki, binaların qazla təminatı zamanı “Azəriqaz” İstehsalat Birliyi sayğac qoyulan əraziyə kimi məsuliyyət daşıyır. Fərdi yaşayış evlərində qaz çəkilişi prosesini təsadüfi insanlar həyata keçirir. Bu da dəm qazı zəhərlənməsi təhlükəsi yaradır: “Qaz çəkilişinin normaları var. Boruların yerləşməsi və s. məqamlara diqqət etmək lazımdır. Bunlara heç kim əhəmiyyət vermir. İkinci məsələ bacaların təmizlənməsi ilə bağlıdır. Xüsusilə çoxmərtəbəli binalarda sakinlər buna diqqət etməlidirlər. Boruların təmizlənməsini xüsusi müəssisə həyata keçirir”.

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov 

Ekspert xarici ölkələrdən gətirilən sobaların keyfiyyəti ilə bağlı səslənən iradlarla razı deyil: "Sobaların keyfiyyətinə şübhə yoxdur. Məsələ qazın təzyiqi ilə bağlıdır. Məsələn, İrandan idxal olunan sobalar standartlara uyğundur. Lakin ölkənin müxtəlif bölgələrindən gələn şikayətlərə əsasən belə nəticə çıxarmaq olar ki, qaz təzyiqi hər yerdə eyni deyil. Qazın təzyiqini nəzərə almayan vətəndaş qaz sobasına müdaxilə etməyə məcbur olur. Standartların pozulması isə təhlükə yaradır".

Hüseynov həmçinin istehlakçı hüquqları məsələsinə də diqqət çəkdi: “Müqavilələrdə çox zaman istehlakçının cavabdeh olduğu məqamlar yazılır, hüquqlar isə diqqətdən kənarda qalır. Hüquqi sənəd kimi istehlakçı ilə bağlanan müqavilə mükəmməl deyil. Nəticədə də ölüm və ya zəhərlənmə halı qeydə alındıqda günah vətəndaşda olur. Qurumlar məsuliyyət götürmürlər”.

Ekspertin sözlərinə görə, digər ölkələrin təcrübəsində də dəm qazı zəhərlənmələri qeydə alınır.

Qeyd edək ki noyabrın 1-dən bu günədək Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə faktı ilə bağlı 26 nəfər müraciət edib. Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlu  bildirib ki, müraciət edənlərdən 13-ü qadın, 9-u kişi, 4-ü isə uşaq olub. Ölüm halı baş verməyib.

Fövqəladə Hallar Nazirliyi (FHN) də dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

qaz cihazı saz və standartlara uyğun olmalı;

cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmə baş verdikdə dərhal insanı təmiz havaya çıxarıb, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!