Saat:22:09
Haqqımızda

Qayınatasını 57 zərbə, şikəst qaynını isə işgəncələrlə öldürməkdə təqsirləndirilən şəxs ifadə verib

2024-01-29 21:08:10

Qayınatasını 57 zərbə, şikəst qaynını isə işgəncələrlə öldürməkdə təqsirləndirilən şəxs ifadə verib

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nofəl Səfərov ifadə verib.

O bildirib ki, düşmənçilik keçmiş həyat yoldaşı tərəfindən olub: "Davamız ailə münaqişəsi zəminində baş verirdi. İstintaqa verdiyim ifadəni təsdiq edirəm".

Daha sonra təqsirləndirilən şəxsin istintaq video-materialına baxış keçirilib. Materiala baxış zamanı məlum olub ki, təqsirləndirilən şəxs hadisə baş verən zaman sandıqları, şkafı, paltarları və yorğan-döşəkləri dağıdıb. O bildirib ki, evdən çıxandan sonra magistral yola tərəf gedib və üzündə olan maskanı yolda çıxarıb atıb: "Hadisə yerinə gələrkən əlimdə içində küt alət olan sellofan var idi. Hadisə günü qəssabxanada idim. Sonra dostumun kafesinə getdim. Orada olanda oğlum zəng elədi ki, belə bir hadisə baş verib. Mən də hadisə yerinə getdim. Mən hadisənin səhəri günü saxlanıldım. Azərbaycan dilində oxuya bilmirəm. İfadəni qabağıma qoydular, mən də imzaladım".

Daha sonra təqsirləndirilən Nofəl Səfərov oğlunun da ifadə verməsini istəyib: "Oğlum şöbədə mənim səs-küyümü eşidirdi. Gəlsin ifadə versin".

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

Xatırladaq ki, hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. \\Report.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR