QARMONUN TƏDRİSİ ÜÇÜN MÜHÜM İŞLƏR GÖRDÜ - Əhsən Rəhmanlı yazır

2022-06-08 12:57:00

QARMONUN TƏDRİSİ ÜÇÜN MÜHÜM İŞLƏR GÖRDÜ - Əhsən Rəhmanlı yazır

Qarmon ixtisasının tədrisində mühüm xidmətləri olan pedaqoqlardan biri Natiq Rəsulov olmuşdur. Aramızdan vaxtsız gedən bu insanın hələ nə qədər görüləsi işləri var idi. Sağ qalsaydı o, bu sahəyə yeni-yeni töhfələr verəcəkdi.

Natiq Məmmədsaleh oğlu Rəsulov 1952-ci il yanvarın 9-da Şəki şəhərində dünyaya gəlib. Beşuşaqlı ailənin ikinci övladı Natiq idi. Ailənin başçısı Məmməd Saleh Rəsul oğlu Abdulxalıqov mühəndis olub. Övladların anası Sayalı Məmməd qızı Abdullayeva kitabxana işçisi idi. Natiqgilin ana tərəfi ziyalılar nəsli olub. Böyük dayı Abdürrəhim Abdullayev S.Mümtaz adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışıb.

Natiq lap kiçik yaşlardan musiqiyə meylli idi, eşitdiyi, yadında saxladığı mahnıları ağzında zümzumə edər, ev əşyalarını, masanı, kətili döyəcləyib ritm tutardı, guya nağara çalır. Sonralar da bu həvəs davam etmişdi. Həvəs göz önündəydi. Valideynlər də bunu görürdülər. Məmmədsaleh kişi Sayalı xanıma deyir: “Uşağı apar musiqi dərsinə qoy”. Həmən vaxtlar Şəki şəhər pionerlər və məktəblilər evində (haz. uşaqların və gənclərin inkişaf mərkəzi) Natiqgilin qohumu işləyirdi. Anası Natiqi tar dərnəyinə yazdırmaq istədikdə nəsə alınmayıb. Onu qarmon dərnəyinə qəbul ediblər. Görünür tale işi burada öz əhəmiyyətli rolunu oynayıb. İlk musiqi təhsilini qarmon sənətilə başlaması çox sonralar bu işin onun fəaliyyətinin əsas hissəsinə çevrilməsinə, bu sahədə çoxlarının edə bilmədiyi dəyərli işlərə imza atmasına səbəb olacaqdı.

Bir 2 nəfər, musiqi alətlərində ifa edən insanlar və qarmon şəkili ola bilər

Natiq bir müddət qarmon dərnəyində dərs alır. Qarmon təhsilinin sonralar davamı olmayacağı prizmasından yanaşaraq ata-ananın razılığı ilə kamança sinfində məşğul olur. İstedadı güclü olduğu üçün Natiq qarmonu da , kamançanı da ifa etməyi yaxşı öyrənir. Onun ilk sənət müəllimi Kamal Məmmədov olmuşdur. Sonralar Şəki şəhər 1 saylı yeddiillik uşaq musiqi məktəbinin kamança sinfində oxuyarkən ona ixtisasdan Qurban Ələkbərov dərs demişdir. Natiq musiqi məktəbinin ən istedadlı, çalışqan və nümunəvi şagirdlərindən biri olmuşdur. O,UMM-ni 1967-ci ildə bitirmişdir.

N.Rəsulov 1959-cu ildə Şəki şəhər 12 saylı ümumtəhsil məktəbin birinci sinfinə daxil olub və 1968-ci ildə natamam orta təhsili uğurla başa vurub. Həmin il Şəki Musiqi Texnikumunun (haz. Musiqi Kolleci) kamança sinfinə daxil olub və 1971-ci ildə buranı müvəffəqiyyətlə bitirib. Oxuduğu illərdə 1 saylı UMM-də müəllimlik fəaliyyətində olub. Orta təhsil ocaağında və musiqi məktəbində oxuduğu illərdə şagirdlərdən ibarət ansambllarda çalıb. Texnikum illərində isə rayon mədəniyyət evində Əliəfsər Rəhimovun rəhbərlik etdiyi x.ç.a. ansamblında fəaliyyət göstərib. Bu ansambl Şəkidə, kəndlərdə, ətraf rayonlarda konsertlər verir və respublika üzrə keçirilən müsabiqələrdə fərqlənirdi. Belə geniş fəaliyyət ansamblın gənc üzvlərini və bu sırada N.Rəsulovu mükəmməl musiqiçi kimi yetişdirirdi.

Natiq 1972-ci ildə Bakıya gəlir və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsinə daxil olur və təhsil almarla yanaşı 22 saylı UMM-nin kamança sinfində dərs deyir. O, Aqşin Quluyevin rəhbəri olduğu“Şənlik” x.ç.a. ansamblında çalaraq tanımlı və gənc müğənniləri radioda, televiziyada və filarmoniyadakı konsertlərdə müşayiət edir. Onun səviyyəli kamança ifaçısı olması xalq artisti, virtuoz tarzən Hacı Məmmədovun diqqətindən yayınmır. Ustad tarzən onu Dövlət Filarmoniyasında yaratdığı x.ç.a. ansamblına işə götürür. Burada çalışması N.Rəsulovu Azərbaycan musiqi ictimaiyyətinə daha yaxşı tanıdır.

Dərin idrak və zənqin mənəviyyat sahibi Natiq istər ifaçılıq sənətində, istərsə də pedaqoji sahədə bacarıqla və vicdanla çalışırdı. O, 1977-ci ildən 2000-ci ilə qədər Sumqayıt Musiqi Texnikumunun müəllimi olub. Əvvəlcə kamança sinfində dərs desə də, 1984-cü ildən, texnikumda qarmon sinfi açılan andan bu sinfin ixtisas (not) müəllimi olmuşdur. N.Rəsulov 1998-cil idən Bakıdakı İncəsənət Gimnaziyasında da çalışırdı. 1999-cu ildə Mədəniyyət və İncəsənət Universitetində qarmon sinfi açılarkən burada da dərs deyirdi.

N.Rəsulov milli nəfəs alətlərimizin və klarnetin mahir ifaçısı Ələkbər Əsgərovun (1933-1995) Sumqayıt Musiqi Texnikumunda yaratdığı “Dügah” folklor ansamblın kamança ifaçısı olmuşdur.

Natiq konservatoriyada oxuyarkən kafedra müdiri, görkəmli bəstəkar, xeyirxah insan Süleyman Ələsgərov (1924-2000) da ona dərs demişdi. Bu insandan elm, bilik almaqdan əlavə Natiq onun səxavətli cəhətlərindən, xeyirxah əməllərindən də bəhrələnmiş və bu xüsusiyyətləri öz xislətində yaşatmışdı. Süleyman müəllimlə Natiq arasında ən xoş və mənəvi dəyərlərə söykənən münasibət yaranmışdı. S.Ələsgərov öz mənzilində dərs keçərkən onları həmişə nahara da qonaq edərdi. Natiq tətil zamanı Şəkiyə gedərkən Süleyman müəllim semimli tələbəsi vasitəsilə onun valideynlərinə sovqat göndərərdi.

Natiq Rəsulov tədris müəssisələrində əsl pedaqoq kimi çalışaraq yaxşı kadrlar hazırlamışdır. O, Sumqayıt Musiqi Texhikumunda kamança üzrə dərs deyərkən Kazbek Əliyev, Abbasqulu Nəcəfzadə (haz. elmlər doktoru, professo), Elşən Mansurov, Fəridə Məlikova, Azər Əliyev, Aida və Aybəniz bacıları, Xəyyam, Sevil Əliyeva onun yetirmələri olmuşlar. Natiq müəlim özü yaxşı kamança ifaçılarımızdan biri olduğu üçün tələbələrini də yüksək səviyyədə hazırlayırdı. Zəhməti hədər getməmişdi. Adlarını qeyd etdiyimiz kamança ifaçıları öz adlarını yaxşı musiqiçilər sırasına yazmışlar.

Natiq müəllimin qarmon sinfində hazırladığı tələbələr də istər Sumqayıt Texnikumundakı təhsil illərində, istərsə də sonralar həmişə fərqlənmişlər. Bu sırada Ramil Nağıyev, Xaqani Səməd, Gülnarə Əliyeva, Cəmilə, Elnur Həşimov, Anar Abbasov, İlqar Talıbov, Könül Babayeva, Ulzana Məmmədova və Şirin Səlimovun adını qeyd etməliyik.

Ramil Nağıyev və Xaqani Səməd bu sətirlərin müəllifi ilə birlikdə Bakı Humanitar Kollecinin qarmon sinfində bacarıqla çalışıblar.

Qarmon üçün ilk dəfə 1997-ci ildə əsər yazan S.Ələsgərov olmuşdur. O, “Skerso” və “Lirik pyes”adlanan bu əsərləri sevimli yetirməsi və qarmonun not tədrisində əhəmiyyətli işlər görən N.Rəsulova vermişdi. Natiq müəllim qarmon üçün ilk qaranquş, ilk müşdə, ilk töhfə olan bu əsərləri ən sevimli və ən istedadlı tələbəsilə hazırlamaq qərarına gəlmişdi. Odur ki, o, Ramil Nağıyevin əsgərlikdən gəlməsini gözləməli olmuşdu. Ramil hərbi xidmətdən təhsilə qayıdan kimi Natiq müəllim S.Ələsgərovun hər iki əsərini onunla hazırlamış və nəticə uğurlu olmuşdu.

N.Rəsulov “Skerso”nun x.ç.a. otkestri üçün partiturasını da hazırlamışdı. Azərbaycanın tanımlı musiqiçilərindən biri (haz.xalq artisti) N.Rəsulovdan qaytarmaq şərtilə partituranı almış, lakin qaytarmamışdı.

Bir 1 nəfər şəkili ola bilər

1995-ci il may ayında Sumqayıt Musiqi Texnikumunun zalında maraqlı bir konsert olmuşdu. Bu qarmon sinfinin tələbələrindən biri Ramil Nağıyevin solo konserti idi. Konsertin sonunda N.Rəsulov tələbələri Könül, Gülnarə və Ramil ilə birlikdə özü də qarmon ifaçısı kimi çıxış etmişdi. O, tələbələrilə birlikdə xarici ölkə bəstəkarlarının əsərlərini hazırlamışdı. Hər kəs öz partiyasını çalırdı.

N.Rəsulov ömrünün sonuna qədər Sumqayıt Musiqi Texnikumunda (hazırda Kollec) x.ç.a. şöbəsinin müdiri vəzifəsini icra edib. Həmin texnikumda qarmon üzrə ilk ixtisas-not müəllimi o olub. 1996-cı ildə N.Rəsulovun dəvətilə Gülağa Zeynalov bu təhsil müəssisəsində qarmonun not tədrisinə başlayıb. Natiq müəllimin kamança sinfini bitirən Natəvan Həşimova qarmonun not müəllimi kimi həmin texnikumda saxlanıb. Əsərlərin qarmon tədrisi üçün nota alınmasında Natəvan Həşimova həmişə Natiq müəllimə küməkçi olub.

Natiq müəllimin ən böyük xidmətlərindən biri musiqi əsərlərinin qarmon tədrisi üçün köçürülməsidir. O, əsərlərdə sağ əlin partiyasının daha zəngin səslənməsi üçün sol əlin klaviaturasına da xüsusi əhəmiyyət verir və onu hazırlayıb əsərdə-notda göstərirdi. Bir sənətkar kimi o, xalq musiqisini və klassik musiqini gözəl bilirdi.

N.Rəsulov vaxtında öz işini görmüş, qarmon sənətinin inkişafı və onun tədrisi qarşısında dayanan problemlərin həlli yollarında mühüm addımlar atmış və nailiyyətləri imzalamışdı. O, Sumqayıt Musiqi Texnikumunda dərs dediyi illərdə qazandığı böyük təcrübə əsasında qarmonun not tədrisi üçün kitablar yazaraq nəşr etdirmişdir:

1.”Qarmon məktəbi”, Bakı-Çaşıoğlu, 1999-cu il.

2.”Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi”, I kitab.

3.”Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi” , II kitab.

4.”Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi” (Xarici ölkə bəstəkarlarının əsərlərindən köçürmələr”, Bakı-Çaşıoğlu,2002-ci il.

Sumqayıt Musiqi Texnikumunda Natiq müəllimin qarmon sinfinin konsertmeysteri pianoçu Sevinc Mustafayeva idi. O, olduqca savadlı, bacarıqlı və çalışqan musiqiçidir. Natiq müəllim kitablarını yazarkən fortepiano müşayiətinin hazırlanmasında Sevinç xanımın xüsusi rolu olmuşdur. Ümumiyyətlə N.Rəsulovun qarmon üçün yazdığı tədris vəsaitlərinin hazırlanıb ortaya çıxması üçün Sevinc xanım əhəmiyyətli şəkildə kömək göstərib. O, Natiq müəllimimn ölümündən 2 il sonra onun məcmuəsinin nəşr olunması üçün təşəbbüs göstərmişdir. Natiq müəllimin tələbələri olmuş musiqiçilərlə söhbət aparan Sevinc xanım onlardan topladığı vəsait hesabına kitabın nəşrinə nali olmıuşdur.

N.Rəsulov yetirmələrinin qəlbində öz hücrəsini qurmuşdur. Əbəs deyil ki, bütün tələbələri onu hörmətlə xatırlayırlar. Onun vaxtsız itkisi yalnız ailə üzvlərini, doğmalarını deyil, tələbələrini də yandırır. Bu sədaqətli, səxavətli və saf insanın yeri hər an görünür.

Xaqani Səmədin xatirələrindən: “Natiq müəllim mənə 3 il dərs deyib. İşə can yandırır, dərsin boş, səmərəsiz keçməsinə imkan vermir, hər birimizlə ciddi məşğul olurdu. Onun davranışında, hər əməlində xeyirxahlıq hiss olunurdu. Bu əməllər onun xislətində idi. Bakıdan, evdən səhər erkən çıxıb Sumqayıta çatır, 8.30-da qarmon ixtisası üzrə Natiq müəllimin dərsində olurdum. Ümumi dərslərimiz bəzən axşam saat 17.00-a və ya 18.00-a qədər çəkirdi. Dəfələrlə olmuşdu ki, belə vaxtlarda dərsdən çıxıb evə gedərkən dəhlizdə mənə rast gələn Natiq müəllim qoluma girər, çantasını mənə verib deyərdi:-Yaman yorulmuşam, şanta da mənə ağırlıq edir. Onu al, götür, söhbət edə-edə gedək.

O, Sumqaayıtda yaşayırdı. Yaşadığı binaya catanda onunla xudahafizləşib getmək istədikdə, məni buraxmır, yaşadığı mənzilə dəvət edirdi. Hər dəfə də süfrə açdırıb məni şam yeməyinə qonaq eləyirdi. Bişirilən Şəki pitisi o qədər dadlı olurdu ki...

Xeyli sonralar anladım ki, çantasının ağırlığını, yorğunluğunu bəhanə edib məni özüylə şan yeməyinə aparırmış. O, fikirləşirmiş ki, səhər tezdən evdən çıxan tələbə, axşam dərsdən Bakıya qayıdıb evə çatana qədər ac qala bilər. Qoy axşam yeməyini Sumqayıtda yeyib Bakıya rahat gedib çıxsın. O, bizimlə müəllim-tələbə münasibətlərindən əlavə, dostluq münasibətləri də qurmuşdu. Allah o xeyirxah insana qəni-qəni rəhmət eləsin”.

Ramil Nağıyevi dinlərkən: “Texnikumda oxuduğum illərdə Sumqayıtda kirayədə qalırdım. Muğam üzrə müəllimim Zakir Mirzəyev idi. O, Bakıda öz mənzilində dərs keçirdi. Natiq müəllim də bəzən ixtisas dərsimiz üzrə öz mənzilində məşğul olurdu. Deyirdi ki, bəzi not əsərləri var, evdədir, gəl bizə onlara birlikdə nəzər yetirək. Gedirdim, dərsi keçib qurtarandan sonra süfrə arxasında əyləşdirməmiş, təamlara qonaq etməmiş məni buraxmazdı. O, bilirdi ki, mənim valideynlərim rayonda yaşayırlar, Sumqayıtda kirayədəyəm, ola bilər ki, hər zaman isti ev xörəkləri yemirəm. Mənimlə öz mənzilində dərs keçməsinin əsas səbəbi sən demə, məni ev xörəklərinə, Şəki pitisinə qonaq etmək imiş.

Natiq müəllim tələbələrə hörmət və sevgiylə yanaşırdı. O, bizi həm ifaçılıq sənətinə və həm də pedaqoji sahəyə hazırladı. Onu unutmaq günahdır. Daim qəlbimizdə və xatirimizdədir. Həmişə Allahdan ona rəhmət diləyirəm”.

Həqiqi pedaqoq, əsl vətəndaş, gözəl musiqiçi, nəcib insan N.M.Rəsulov 2000-ci il oktyabrın 24-də dünyasını dəyişmişdir. O, ailə üzvləri, müəllim yoldaşları və tələbələri tərəfindən daim xatırlanır. Çap etdirib qoyub getdiyi kitablardan tədris vəsaiti kimi istifadə edən şagirdlər, tələbələr və müəllimlər müəllif haqqında olan bölümə nəzər yetirdikdə onu yada salırlar.

O, az yaşasa da çox iş gördü.

 

Əhsən RƏHMANLI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya