Qarışqanın filə ərə getməsi… - ELDƏNİZ QULİYEV YAZIR

Biri var idi, biri yox idi...
Çox-çox bundan əqdəm balaca-balaca məmləkətlər "ağrımayan başıma niyə yaylıq bağlayım" deyibən, özlərinə yepyekə bir "böyük qardaş" axtarırdılar... Ki, başlarını və bədənlərini həmin o böyük qardaşın qoltuğuna-filanına soxub xımır-xımır yaşasınlar...
Əlqərəz, belə qarmaqarışıq günlərin birində gözəlçə bir qarışqa xanım qaça-qaça gəlib yuvada bəyan edir ki, bəs, mən Fil bəyə ərə getmək istəyirəm! Qarışqanın ata-anası, qohum-əqrabası qışqırıb haray qoparırlar ki, ay bala, sən hara, Fil hara?!.. Ağlın çaşıb nədir, harada görünüb ki, qarışqa filə ərə getsin?.. Bizi yuva içində biabır eləmə, adımız var, sanımız var!..
Qarışqa iki ayağını bir fındıq qabığına pərçimləyib də deyir ki, yox ki, yox!!! Mən Filə vurulmuşam, özü də bir könüldən min könülə! Sevirəm və bilin ki, sevgiyə qadağa-zad yoxdu!.. İstəsəniz də, istəməsəniz də mən Fil bəyə ərə gedəcəm! İcazə verməsəniz, özümü gölməçəyə atıb öldürəcəm, - vəssəlam!!!
Qohum-əqraba, valideynlər, tanış-biliş, qonum-qonşu əvvəl mat-məəttəl, sonra isə naəlac qalıb razılaşırlar... Neynəsinlər, sevgidən gözəlçənin gözü kor olmuşdu...
Nə isə, kamali-ədəblə kəbin kəsdirilir. Toy-büsat qurulur, böyük məclis təşkil olunur, yemək-içmək, çalıb-oxumaq və s. və i.a. Götürüb Qarışqa xanımı Fil bəyə ərə verirlər və...
...və hər şey də elə bundan sonra baş verir...
Həə, elə toy gecəsi, yəni Fil bəyin Qarışqayla birgə izdivac otağına girdiyi anda... necə olursa, gözünə döndüyüm Fil bəy xortumunu uzadıb... ölür (!?). Əcəl idimi, təsadüf idimi,- bilinmir. Fakt odur ki, Fil həqiqətən yıxılıb canını sevgilisinə tapşırır.
Qarışqa vay-şivən qoparıb başına-gözünə döyə-döyə zülüm-zülüm ağlayır, ağlayır...
Az sonra valideyinləri, qohum-əqrabası, tanış-bilişləri tökülüşüb Qarışqaya təsəlli verməyə cəhd edirlər:
- A bala, özünü belə üzmə, yazıqsan. İşdi də, oldu, qəzavü-qədər belə gətirdi, əcəldi... əcəldən və kərtənkələdən qaçmaq olmaz... Sakit ol, toxta, bu qədər ağlamaq, bu qədər inləmək olmaz...(və s. və i. a.).
Qarışqa yaşlı və qəmli gözləriylə onları süzüb dərin, çox dərin bir "Ah" çəkir: - Sizə nə var ki...- deyir, - Mən bunun ölməsinə ağlamıram ey... Axı Fil indi mənim "zakonnu" ərim sayılır, düzdümü?..
Hamı başının işarəsiylə təsdiqləyir. Qarışqa:
- Hə, əgər bu Fil doğrudan da mənim ərimdisə...onda gərək mən onu torpağa tapşıram. Bu mənim borcumdur. Deməli, belə çıxır ki, indi mən bütün ömrüm boyu oturub qəbr qazmalıyam ki, Fili basdıra bilim!..
**
Hörmətli oxucu, görəsən səfeh-səfeh adamlar və balaca-balaca məmləkətlər nədən həmişə qarışqa kimi, filə ərə getməyə can atırlar?.. Nəticədə isə, it kimi peşiman oluban başlarına döyə-döyə qalırlar?.. Yəqin bu da bir sirri-Xudadı!..
P.S. Xahiş edirəm, yazıda eyham və siyasi çalar-malar axtarmayın!..
Eldəniz QULİYEV
