Qardaş olub HAYASTAN-İRAN... - NƏ ETMƏLİ?

2022-08-27 10:48:00

Qardaş olub HAYASTAN-İRAN... - NƏ ETMƏLİ?

İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirib. Rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin və fəaliyyətinin əsasında da məhz bu amil dayanıb. Təəssüf doğuran bir məqam var: İran rəhbərliyi həmişə hesab edib ki, müstəqil Azərbaycan 30 milyon soydaşımızın yaşadığı bu ölkədə mövcud olan rejimə qarşı ən ciddi təhlükədir.

Müsəlman qonşumuzdakı ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resurslarının, İranda sığınacaq tapmış çoxsaylı xəyanətkar ünsürlərimizin Azərbaycana qarşı həm əvvəllər, həm də indi apardıqları kampaniyaların əsas məqsədi ölkəmizi daim təzyiq və təhdid altında saxlamaqdır. Bu günlərdə Türkiyənin “Yeni Şafak” nəşrində İran XİN-də çalışmış və dini rəhbərliyə yaxın olduğu bildirilən Əbülfəzl Zühdüvənd adlı bir şəxsin iddiaları sərt tənqid edilib. Zühdüvəndin səs yazısında iddia edilir ki, türklər Zəngəzuru almaq istəyirlər və İranın Ermənistanla olan sərhədini bağlamağa çalışırlar. Bundan başqa, Zühdüvənd İranın heç vaxt Türkiyə ilə müttəfiq olmayacağını, Azərbaycanın qorxunc bir fenomen və İran üçün təhdid olduğunu, Naxçıvanın, Azərbaycanın İrana aid olduğunu iddia edib. O, erməniləri İranın təbii müttəfiqi adlandırır və Azərbaycanı İran üçün xərçəng hüceyrəsi kimi qiymətləndirir.

Zühdüvəndin dedikləri İranın ali rəhbərliyi, diplomatları, fars çevrəsinin dilindən düşməyən və bütün kuluarlarda səsləndirdikləri iddialardr. Bu iddialar İranın Azərbaycana qarşı siyasətinin əsasında duran təməl prinsiplərdir. Bütün bunları ancaq riyakarlıq, qeyri-səmimilik, düşmənçilik adlandırmaq olar.

İranın bölgədə real siyasəti də bu həqiqəti bilavasitə təsdiq edir. İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirən çox azsaylı ölkələrdəndir. Rəsmi Tehran hələ işğal dövründə bəyan edirdi ki, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana maddi və mənəvi yardım göstərir, dəstəkləyir. Amma reallıqda Ermənistanla işbirliyi qurur, ona hərtərəfli dəstək verir, birgə iqtisadi layihələr həyata keçirir, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına hər cür köməklik göstərirdi. Hətta 44 günlük müharibə dövründə və ondan sonra da İran hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirib Azərbaycanı təhdid etməyə çalışdı, məhz İran ərazisindən Ermənistana silah-sursat ötürüldü. Həmin dövrdə bunu təsdiq edən çoxsaylı videolar paylaşılmışdı.

Bu gün də İran Ermənistan ordusunu dronlarla, digər silahlarla təmin edir və bunu təsdiq edən faktlar mövcuddur. Özünü İslamın mühafizəçisi, şiəliyin məkanı elan edən İran 30 il ərzində ermənilərin məscidləri dağıtmasına, orada heyvan saxlanmasına bir söz belə demədi. Əvəzində isə İrəvanda, Şuşada məscidləri “bərpa edib” rəsmi Ermənistanın “humanizm” qiyafəsini geyinməsinə şərait yaratdı.

Bu günlərdə İranın bir qrup hərbçisi Qarabağa səfər etdi, erməni işğalı dövründə talanan torpaqlarımızda reallığı öz gözləri ilə gördülər, məscidlərdə donuz saxlayan düşmənlərin necə mundarlıqlara yol verdikləri barədə daha yaxından agah oldular. Amma eyni vaxtda İrandan yenə də anti-Azərbaycan çıxışlar səslənməyə başladı. Məntiqlə, əksinə olmalı idi. Məsciddə donuz saxlayan işğalçılara görə müsəlman qardaşını, qonşusunu, hətta bütün təzyiqlərə rəğmən, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyən bir ölkəni rəsmi Tehran niyə narazı salmaqda davam edir sualı bu gün də çox aktualdır. Hansı ki, Azərbaycan İrana qarşı ən sərt sanksiyalar tətbiq olunanda belə, bu ölkəyə arxa çevirməyib, ənənəvi normal qonşuluq münasibətlərini davam etdirib.

İran niyə belə edir və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsinin cavabı necə verilməlidir? Bizə dost-qardaş olmalı olan qonşu dövlət niyə bizi bitirməyə çalışır? Bütün bunların səbəbləri nədir? Dia.az xəbər verir ki, siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a qonşu ölkənin əcaib davranışları ilə bağlı maraqlı fikirlərini bölüşdü: “Özünü ”İran İslam Respublikası" adlandıran, amma əslində islam dünyasının bətnində qarayara olan, bölücü, təfriqəçi, riyakar, simasız, neofaşist panfarsizmlə saxta ideoloji çərçivəyə salınmış məzhəbçiliyin horrası olan, yalnız müsəlman ölkələrinə qənim kəsilən mollakratiya rejimi Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi ilk gündən ərazi bütövlüyümüzə, suverenliyimizə, azad və müstəqil yaşamaq haqqımıza qənim kəsilib. Bunun da səbəbi sərhədlərinin yaxınlığında dünyəvi, sivil, demokratik dəyərlər üzərindən inkişaf edən, öz ayaqları üzərində möhkəm dayanan, beynəlxalq münasibətlər sisteminin nüfuzlu və ləyaqətli üzvünə çevrilmiş Azərbaycan adlı dövlətin mövcudluğudur. Çünki İran adlanan dövlətin gerçək sahibləri olan, haqqı yağmalanmış 40 milyonluq türk millətinin - Azərbaycan, Qaşqay, Xorasan və Xələc türklərinin, türkmənlərin gözünün önündə onların Azərbaycan Respublikasındakı soydaşlarının öz dövlətlərini bərpa etmələrindən və bu dövlətin nəhəng bir coğrafiyada söz və nüfuz sahibinə çevrilmələrindən qəzəblənib, narahatlıq keçirib. Düşünüb ki, günün birində İranın gerçək sahibləri öz haqlarına sahib çıxmaq istəyər, ultramillətçi panfarsist rejimin məzhəbçiliklə pərdələnmiş mahiyyətini darmadağın edib azad və demokratik bir cəmiyyətdə yaşamaq istəyərlər. Türkiyəyə münasibətdə özünü büruzə verən aşırı qısqanclığın səbəbi budur".

E.Mirzəbəyli hesab edir ki, Azərbaycana münasibətdə həm də məzhəb amilindən qaynaqlanan qəzəb və qorxu var: “Xain xoflu olar” deyirlər və bu atalar sözü İranın mövcud rejiminə və onun müxtəlif adlar altında ətrafa zəhər saçan tör-töküntülərinə münasibətdə özünü tamamilə doğruldur. Sizi əmin edirəm ki, bəşər tarixində bu qədər saxta, qeyri-səmimi, qeyri-insani, bəsit Şərq hiyləgərliyindən yoğrulmuş, vaxtilə türk xanədanlıqlarına yol taparaq min cür iyrənc əməllər törədən qanı, südü haram fitnəbazlardan törəmiş bir rejim heç vaxt mövcud olmayıb. Bunların müsəlmanlığa, həmçinin islamın ən böyük məzhəblərindən biri sayılan, tarixin müxtəlif dövrlərində “İsnə aşəriyyə”, “İmamilik” (İmamiyyə), “On ikiçilik”, “ənsarilik” (qızılbaşlıq) adlandırılan, böyük türk sərkərdəsi və hökmdarı Nadir şah tərəfindən reformasiya edilərək, dinimizin təməl fəlsəfəsiylə inteqrə edilmiş Cəfəriliyə də mahiyyət etibarilə heç bir aidiyyəti yoxdur.

Mollakratiya rejiminin yürütdüyü siyasət qərmətilik və bazigiyyənin sintezidir, təfriqəçilikdir. Əslində, İran rejiminin yürütdüyü siyasətin mahiyyətini görmək üçün nə nəzəri məsələlərə diqqət çəkməyə, nə də uzaq tarixdən gələn panfarsist ekstrimizminə nəzər salmağa ehtiyac var. İran İslam Respublikası islam dünyasını inkişafdan, birlikdən və həmrəylikdən sapdırmaq məqsədilə yaradılan, qərmətilərin missiyasını müasir dövrdə həyata keçirən bir təsisatdır. Mollakratiyanın hakimiyyəti mənimsəməsindən cəmi 1 il sonra müsəlman ölkəsi ilə - İraqla müharibəyə başlaması, zənnimcə rejimin yaradılışının səbəblərini ortaya qoyan, mahiyyətini açıqlayan ən önəmli faktlardan biridir".

Siyasi şərhçi qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının tarixində müsəlman ölkələrinin bir-birinə qarşı irəli sürdüyü iddiaları ifadə edən yeganə fakt da İran İslam Respublikası ilə bağlıdır: “1984-cü il iyunun 1-də BMT Təhlükəsizlik Şurası Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şikayəti əsasında, İranın bu ölkələrin ticarət gəmilərinə çoxsaylı hücumlar təşkil etməsi faktını əsas götürərək 552 saylı qətnamə qəbil edib. İran Birinci Qarabağ müharibəsində Ermənistana hərtərəfli dəstək verib və Azərbaycan ərazilərinin Ermənistanın işğalı altına düşməsində rəsmi Tehranın maraqlı olduğunu sözdə islam respublikasının bugünkü davranışları da sübuta yetirir.

Təsadüfi deyil ki, Azərbaycan torpaqlarının işğal edilməsi prosesinə rəhbərlik edən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bir neçə müsahibəsində Birinci Qarabağ müharibəsində İranın Ermənistan və ermənilər üçün həyat yolu olduğunu vurğulayıb. Eyni fikirlər daha sonra müharibə caniləri Robert Köçəryan və Serj Sərkisyan tərəfindən də təkrarlanıb".

E.Mirzəbəyli xatırlatdı ki, İkinci Qarabağ müharibəsi zamanı da biz İranın Zəfərimizə əngəl törətmək üçün min cür hiyləyə əl atdığının şahidi olduq: “Zəfərdən sonrakı hədələyici davranışları, hərbi təlimləri, Zəngəzur dəhlizi ilə bağlı rejimin qarın ağrısını hər kəs gördü və hələ də görməkdədir. Bu baxımdan, vaxtilə İran xarici işlər nazirliyində çalışmış, bu ölkənin dini rəhbərliyinə yaxın olduğu bildirilən Əbülfəzl Zühdüvənd adlı zındığın Türkiyə mediasına müsahibəsində Ermənistanı İranın təbii müttəfiqi adlandırmasında təəccüblü heç nə yoxdur. İranın panariizmə yoluxmuş xəstə rejimi ilə erməni millətçiləri təməl olaraq, eyni ideyanın daşıyıcılarıdırlar. Ermənilər farslarla eyni dil ailəsinə aiddirlər və bunu dəfələrlə rəsmi şəkildə dilə gətiriblər, qohum mədəniyyətə sahib olduqlarını bildiriblər.

Azərbaycana ərazi iddiası irəli sürən Zühdüvənd unutmasın ki, Azərbaycan coğrafi addır və bütün azərbaycanlıların tarixi vətənidir. Azərbaycanlılar da, hələlik bu tarixi coğrafiyanın bir hissəsində öz dövlətlərini bərpa ediblər. Zühdüvəndin vətəni izə Persiyadır və narahat olmasın, hətta xahiş etsələr də belə, bəşər tarixində yalnız xəyanətləriylə yadda qalan “Persiya” adlı ərazini nə zamansa özümüzə birləşdirməyi düşünmürük".

Sosial şəbəkələrdə isə “Traktor” azarkeşlərinin “Azərbaycan” hayqırtıları yayılmaqdadır. Bu, İran rejiminə ciddi xəbərdarlıqdır, söhbət 40 milyonluq türkdən gedir və Azərbaycanı təhdid edən ölkə daxilindəki türk faktorunu nəzərdən qaçırmamalıdır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060933