QARDAŞ ÖLKƏLƏRİN LİDERLƏRİ LAÇINDA GÖRÜŞÜR - Sabah daha bir tarixi açılış olacaq

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində inşa olunan üçüncü beynəlxalq hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah – 28 may tarixində açılır.
Hurriyyet.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak edəcəklər.
Bu, üç qardaş ölkənin liderlərinin azad edilən torpaqlarda birgə qatıldıqları növbəti mühüm tədbir olacaq.
Qeyd edək ki, yeni hava limanı 1800 metr yüksəklikdə yerləşdiyi üçün Azərbaycanın ən yüksək hündürlükdəki hava limanı hesab olunur. Dağlıq ərazidə çətin relyef şəraitində inşa edilən hava limanı müasir infrastruktura malikdir.
Laçın hava limanı 30 km məsafədəki Laçın şəhərinə, 70 km uzaqlıqdakı Şuşaya və 60 km məsafədəki Kəlbəcərə yaxın yerləşir. 3000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağına sahib hava limanı saatda 200 sərnişin qəbul edə bilən terminal binası ilə fəaliyyət göstərəcək.
Azərbaycanın Baş naziri Əli Əsədovun 26 may 2025-ci il tarixli sərəncamı ilə Laçın hava limanına “beynəlxalq” status verilib. Bununla da ölkədə beynəlxalq statusa malik hava limanlarının sayı 9-a çatıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl Füzuli Beynəlxalq Hava Limanının (26 oktyabr 2021) və Zəngilan Beynəlxalq Hava Limanının (20 oktyabr 2022) açılışlarında da Prezident İlham Əliyevlə birlikdə iştirak etmişdi.
AzPolitika.info
