"Qarabağla bağlı müəyyən dərs proqramları hazırlanmalıdır" — RƏYLƏR

2023-03-11 21:25:00

Ölkəmizdə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi çox önəmlidir. Bunun çox əhəmiyyətli olduğu nəzərə alınaraq Azərbaycanda bu istiqamətdə mühüm işlər görülüb və görülməkdədir. Son illər xüsusən təhsil sistemində mühüm yeniliklər müşahidə edilir. Bunun da cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandığı göz önündədir. Ümumiyyətlə, hər zaman dövlət siyasətinin əsas prioritetlərindən olan təhsilimizin inkişafı bu gün də öz aktuallığını qoruyur. Azərbaycanda təhsil sektorunun  inkişaf etdirilməsi üçün çox mühüm addımlar atılır. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün proqramlar qəbul olunur.

Xatırladaq ki, 1990-cı ildən başlayaraq dünya standartlarına uyğun, modern təhsil sisteminə keçid prosesinin başlamasının şahidi olduq. Ümummilli Lider Heydər Əliyev digər sahələrlə yanaşı, təhsilimizin modernləşməsinə də xüsusi diqqət ayırdı və bu istiqamətdə əsaslı işlərin təməlini qoydu. Məhz 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində struktur dəyişiklikləri aparılmağa başladı. Bununla da, tez bir zamanda müəssisələrin şəbəkəsi optimallaşdırıldı, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olundu, ümumiyyətlə, təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verildi.

Qeyd edək ki, cənab İlham Əliyev bu gün təhsil sahəsində uğurlu islahatlar aparır və bu istiqamətdə mühüm sərəncamlar imzalayır. Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında da Sərəncam imzalayıb. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edir.


Mövzu ilə bağlı Demokrat.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, son illər ölkədə elmi-kütləvi, mədəni-maarif  və təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlər görülür. Deputatın sözlərinə görə, bu istiqamətdə işlərin icrası prosesi intensivləşdirilib və müxtəlif proqramlar üzərində ciddi işlər aparılır:



“Sirr deyil ki, hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlıdır. Azərbaycanda da bu sahədə müəyyən işlər görülür, amma dünyada daha çox yeniliklərə imza atılır. O baxımdan ölkəmizdə bu proseslərin daha sürətləndirilməsinə ehtiyac vardır. Bu gün ölkəmizdə təşkil olunan “Yüksəliş” müsabiqəsinə çox müsbət baxıram. Çünki onun təşkil olunması xüsusi əhəmiyyət daşıyan bir məsələdir. “Yüksəliş" müsabiqəsinin əsas məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır. Ümumiyyətlə, bu layihə ali təhsilli gənclərin qarşısında yeni imkanlar açır. Onlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə bilmək imkanı əldə edirlər.

“Yüksəliş” istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üçün təşkil olunan müsabiqədir. Ümumiyyətlə, bu gün istedadlı gənclərin ortaya çıxarılması, inkişaf etdirilməsi üçün dövlət mühüm addımlar atır. Söhbət savadlı, bilikli, bacarıqlı gənclərin dövlətin idarəçiliyinə cəlb edilməsindən gedir. Bu gün bu istiqamətdə mərhələli addımlar atılır və qeyd edim ki, əvvəlki dövrlərdə də bu müsabiqə keçirilib. Təbii ki, müəyyən müsbət nəticələr də əldə olunub. Bu gün ölkəmizdə müəyyən təhsil proqramlarının hazırlanması istiqamətində ciddi işlər gedir”.

Millət vəkili qeyd edib ki, mədəniyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanmasına dövlət səviyyəsində xüsusi önəm verilməkdədir:

“Bunlar birmənalı olaraq təhsilimizin daha da güclü olmasına, möhkəmlənməsinə, daha da inkişafına öz müsbət və ciddi təsirini göstərəcək. Əsas odur ki, dövlət bu istiqamətdə addımlarını atır, tədbirlər həyata keçirir. Bu da bütövlükdə dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə müsbət töhfəsini verir. Əsas odur ki, daha geniş işlər görməyə imkanımız və münbit şəraitimiz var. İnanıram ki, biz zamanla daha böyük uğurlara nail olacağıq və məqsədlərimizə çatacağıq. Ona görə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi labüddür”.

Təhsil üzrə ekspert Elçin Əfəndi Demokrat.az-a açıqlamasında qeyd edib ki, elmi-kütləvi, mədəni-maarif, təhsil yönümlü müvafiq proqramların hazırlanması istiqamətində həm Elm və Təhsil Nazirliyi, həm də nazirliyin tabeliyində olan Təhsil İnstitutu tərəfindən tədris proqramlarının hazırlanmasıyla bağlı müəyyən işlər görülür:



“Təbii ki, kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsi hər zaman vacibdir. Bizim dünya səviyyəsində tanınan ədiblərimiz, yazıçılarımız var. Məsələn,Yusif Məmmədəliyev, Lütfi Zadə və s.  bu kimi dahi şəxslərin ölkəmizdə  tanıtımına, təbliğatına və müvafiq olaraq onlar haqqında dərsliklərin hazırlanmasına çox ehtiyac var. Bundan başqa, Qarabağla bağlı müəyyən dərs proqramları hazırlanmalıdır. Lakin bugünədək bu işlər görülməyib və bunlar hamısı görülməli olan məsələlərdir”.

Təhsil eksperti regionlarda istedadlı şagirdlərin olduğunu qeyd edib və təklif edib ki, həmin istedadlı şagirdlərin seçilməsi üçün müvafiq tədbilərin görülməsi çox zəruridir:



“Biz adətən musiqi yarışmasında gözəl səsi olan vətəndaşımızı seçirik. Daha sonra onlara  müğənnilik, xanəndəlik istiqamətində inkişafına töhfə veririk. Düşünürəm ki, bunu biz müxtəlif sahələrə tətbiq etməliyik, xüsusilə də təhsil sahəsində. Hesab edirəm ki, müəyyən istiqamət üzrə istedadlı uşaqlar yığılmalıdır, yaxud da onların müxtəlif istiqamətlər üzrə elmi biliklərin verilməsinə cəlb olunmaları vacibdir. Bu istiqamətdə ciddi işlə görülməlidir”.

Prezident İlham Əliyevin “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncamını yüksək dəyərləndiyini qeyd edən ekspert əlavə edib ki, bu müsabiqə gənc kadrların yetişdirilməsi üçün mühüm layihədir:



“Bu müsabiqə ölkənin gələcək taleyində mühüm rol oynamaq istəyən şəxslər üçün çox böyük bir imkandır. “Yüksəliş” müsabiqəsinə əvvəlki illərlə müqayisədə tələbat çoxdur. Qeydiyyatdan keçənlərin sayı isə kifayət qədər çoxdur. Nəzərə alaq ki, bu il 40 mindən yuxarı qeydiyyat olub. Bu isə layihənin nə qədər uğurlu olmasından xəbər verir.  “Yüksəliş” müsabiqəsinin keçirilməsi kadr ehtiyatının formalaşmasına, eyni zamanda gənc mütəxəssislərin müvafiq olaraq dövlət orqanlarında işə cəlb olunmasına xidmət edir. Bu cür proqramların həyata keçirilməsini uğurlu hesab edirəm. Ümumiyyətlə, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi üçün ölkəmizdə çox işlər görülməlidir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması 


Aynurə Pənahqızı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.198835