Saat:18:45
Haqqımızda

Qarabağdakı ruslar SÜLHMƏRAMLIDIRSA... - məramı SÜLH olmayan KİMDİR?

2023-03-24 15:47:00

Qarabağdakı ruslar SÜLHMƏRAMLIDIRSA... - məramı SÜLH olmayan KİMDİR?

Rusiya sülhməramlıları Azərbaycan ərazisində qalmaq haqlarını hər ötən gün itirirlər. Çünki onlar üzərilərinə düşən missiyanı yerinə yetirmirlər, mandatlarının tam əksinə fəaliyyət göstərirlər və bu qanunsuzluqlarını günü-gündən artırırlar.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan 1 ədəd "KamAZ" avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Əvvəllər də bir neçə dəfə oxşar hallar qeydə alınıb. Azərbaycan bu qanunsuz və gizli əməllərdən xəbər tutub, ölkənin müvafiq qurumları buna son qoyulması ilə bağlı Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə xəbərdarlıqlar edib. Amma bütün bunlara baxmayaraq vəziyyət dəyişmir.

Deyəsən, sülhməramlılara vəzifələrini, niyə torpaqlarımızda olduqlarını daha sərt formada xatırlatmaq lazımdır. Çünki Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmırlar.

Qarabağdakı rus "sülhməramlıları" mandatlarını xatırlamayacaqlarsa, növbəti təxribat və qanunsuzluqlar da olacaq. Amma Azərbaycan qanunsuz əməllərə, əlbəttə ki, göz yuma bilməz. Proseslər onu göstərir ki, sülhməramlılar Qarabağda təxribata nəinki biganə qalır, hətta buna şərait yaradırlar.

Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sazişə uyğun olaraq Rusiya sülhmaramlı kontinkenti regionda təhlükəsizliyi təmin etmək məqsədilə Qarabağa gəlib. Onların fəaliyyət müddəti 5 il, yəni 2025-ci ilə ilədək nəzərdə tutulub.

Faktlar isə onu göstərir ki, sülhmaramlılar Qarabağdakı erməni terrorçularının və separatçılarının himayədarına çevriliblər.

Birincisi, Qarabağdakı erməni terrorçular müntəzəm olaraq Azərbaycan mövqelərini atəşə tutur. Bunu Rusiya Müdafiə Nazirliyi də görür, bilir. Elə isə niyə "sülhməramlılar" mandatlarını yerinə yetirmək naminə təhlükəsizliyi təmin etmir, adekvat və preventiv tədbirlər həyata keçirmir?! Axı sabitliyə görə onlar məsuliyyət daşıyırlar.

İkincisi, üçtərəfli bəyanatda sülhməramlıların regiona girməsi ilə paralel olaraq Ermənistan hərbçilərinin Qarabağdan çıxarılması ilə bağlı xüsusi bənd də var. Amma bu, icra olunmayıb.

Üçüncüsü, sülhməramlılar indi də Qarabağdakı Ermənistan hərbçilərinə silah daşıyırlar. Ermənistandan Qarabağa qanunsuz silah daşınması yalnız rəsmi İrəvanın destruktiv mövqeyi, sülh gündəliyindən uzaqlaşmaq cəhdi ilə izah oluna bilər. Bu isə o deməkdir ki, sülhməramlılar Qarabağa qanunsuz silah daşınmasına şərait yaratmaqla Ermənistanın növbəti təxribatlarına imkan yaradırlar. Beləliklə, ermənilərin ayağı yel alır. Belə olan təqdirdə biz Rusiyanın vasitəçilik səylərinə necə şübhə ilə yanaşmaya bilərik?

Dördüncüsü, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanın 49 mülki vətəndaşı işğaldan azad olunan ərazilərdə minaya düşərək həlak olub, 286 nəfər yaralanıb. Bu ona görə baş verir ki, Ermənistan dəqiq mina xəritələrini Azərbaycana vermir.

Amma təəssüf ki, sülhməramlılar bu məsələyə də münasibət bildirmir, düşmənin mina terrorunu görməzdən gəlirlər. Halbuki sabitliyin təmin olunması naminə ermənilərə təzyiq göstərilməli idi.

Ən əsas məsələlərdən biri isə budur ki, sülhməramlıların yarıtmaz fəaliyyəti Rusiya ilə qarşılıqlı etimad mühitinə də zərbə vurur. Rusiya Prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu bunu nəzərə almalıdırlar.

Əks halda rəsmi Bakı nəinki sülhməramlıların 2025-ci ilədək ərazimizdə qalmasına razılıq verməyəcək. Onların tez bir zamanda torpaqlarımızı tərk etməsi məsələsini gündəmə gətirilə bilər. Buna tam haqqımız var. Torpaqlarımızda süni gərginliyin yaranmasına imkan verən sülhməramlı bizim nəyimizə gərəkdir ki?! 

report.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR