Saat:00:55
Haqqımızda

Qarabağdakı ermənilər nə vaxtadək dramla yaşayacaqlar - Bakıdan reaksiyalar

2022-01-28 14:13:00

Qarabağdakı ermənilər nə vaxtadək dramla yaşayacaqlar - Bakıdan reaksiyalar

Qarabağdakı ermənilərə Ermənistan büdcə ayırırsa, bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə qəsddir

Bir müddət əvvəl Ermənistan hökumətinin Qarabağdakı separatçılara maliyyə yardımını dayandıracağı haqda rəsmi məlumatlar yayılsa da, ermənilərin hər sözü kimi, bu da yalan çıxdı. Yayılan xəbərlərə görə, Ermənistan hökuməti 2022-ci ildə Qarabağ separatçıları və terrorçularına 290 milyon dollar pul ayıracaq.

Məlumatlara görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüşü zamanı qərar verib. Deyilənə görə, Ermənistanın separatçılara ayırdığı pul vəsaiti Barada - Xankəndi su kəmərinin və Barada su anbarının inşasına, eləcə də digər layihələrə yönələcək. Onlar həmçinin evlərin, infrastrukturların tikintisi və Qarabağın sosial problemləri barədə müzakirələr ediblər. Paşinyan həm deyir ki, Azərbaycanla sülh sazişi imzalamaq istəyirik, Azərbaycanın ərazisi bütöv, sərhədləri toxunulmazdır, həm də o biri tərəfdən müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki separatçılara pul ayırır. Bu vəsaitin bir hissəsi Qarabağda məskunlaşan 20 min civarındakı erməninin kommunal xərclərinin, maaş, təqaüd və pensiyalarının ödənilməsinə, bir hissəsi bağça, məktəb və obyektlərin saxlanılmasına, Qarabağda yaşamı davam etdirmələri üçün aylıq kompensasiyalara və s. gedir. Amma bütün bu xərclər 288 milyon dollardan qat-qat az edir və əlbəttə, vəsaitin əsas hissəsinin təyinatı müəmmalıdır. Bütün statistik hesablamalar təsdiqləyir ki, vəsaitin böyük hissəsi Qarabağda erməni hərbi birliklərinin saxlanılmasına və silahlandırılmasına xərclənir.

Yada salaq ki, 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səslənən fikirlərdən biri də Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində məskunlaşdırılan ermənilərə vəsait ayrılması idi. Göründüyü kimi, İrəvan hələ də sanki öz ərazisi kimi bir ovuc ermənilərin qaldığı separatçı anklava, Xankəndinə rəsmi şəkildə maliyyə dəstəyini davam etdirir. Həm də bu maliyyə yardımı edənlər sırasında erməni lobbist fondları da var.

Bəs Ermənistandan Qarabağa təyinatı müəmmalı olan maliyyə yardımlarına Bakı nə vaxtadək göz yumacaq? Bu vəsaitlərin xərclənməsinə hansısa nəzarət mexanizmi mümkünmü?

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu 

YAP-çı deputat Hikmət Babaoğlu Azərbaycan qanunlarına zidd addımların atıldığını diqqətə çatdırdı: “Ermənistan tərəfinin Azərbaycan ərazisində yaşayan erməni icmasına ciddi məbləğdə pul ayırması tamamilə beynəlxalq hüquqa və Azərbaycan qanunlarına ziddir. Belə olan halda, deməli, bu cür hərəkətlər hüquqi məsuliyyət yaradır və rəsmi İrəvan bu hərəkətinə görə hüquqi məsuliyyət daşıyır. Üstəlik, ayrılan pulların hansı məqsəd və hansı təyinat üzrə ayrıldığı da bəlli deyil. Heç kim iddia edə bilməz ki, bu qədər vəsait, sadəcə, humanitar məqsədlər üçün ayrılır. Biz bilirik ki, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə yaşayan erməni icmasının içərisində terroristlər, qeyri-qanuni silahlı dəstələr və cinayətkar təxribatçılar var. Onlar vaxtaşırı Azərbaycan qanunlarını pozaraq müxtəlif terror və təxribat hərəkətləri edirlər. Çox təəssüf ki, biz hələlik belə cinayətkarların yalnız bir qisminə hüquqi cəza tədbirləri tətbiq edirik. Ancaq yaxın gələcəkdə, əlbəttə, qanunlarımız erməni icmasının hər bir üzvünə tam şamil ediləcək. İndiki vəziyyətdə isə Ermənistan büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsinin erməni terrorçu və silahlı dəstələrinin təminatına xərclənməsi tamamilə realdır. Bu cür qanunazidd və Azərbaycanın təhlükəsizliyini təhdid edən halların qarşısının tam alınması isə Azərbaycan qanunlarının erməni icmasına tam tətbiq edilməsindən keçir. Yaxın gələcəkdə belə də olacaqdır. Hələlik isə Azərbaycan ərazisində yaşayıb onun qanunlarını pozanlar məsuliyyətdən kənarda qalsalar da, əmin olsunlar ki, onların etdikləri cinayət qarşılığında cavab verəcəkləri gün çox da uzaqda deyil”.

Politoloq: “Taliban Əfqanıstanda sabitliyi qoruyub, ölkəni inkişaf etdirə  bilər”

 Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu yardımın silah alışına sərf ediləcəyini bildirdi: “Bu, növbəti erməni xislətidir. Burada deyir ki, sülh müqaviləsinə hazırıq, ərazi bütövlüyünü tanıyırıq, oradan da yardım edir. Hər zaman demişəm ki, bunlar ərazi bütövlüyümüzü tanısalar da, bu o demək deyil ki, sülh müqaviləsini imzalamalıyıq. Xankəndi və ətrafını tam şəkildə nəzarətə götürməyənə, oradakı erməniləri özümüzə tabe etməyənə qədər Ermənistanla heç bir sülh müqaviləsi imzalanmamalıdır. Çünki bu adam deyir ki, sülh müqaviləsi imzalayaq, Azərbaycanın ərazi bütövlüyünü tanıyaq, hər zaman tanımışıq, bunu erməni lobbisi edib, bizlik bir problem yoxdur, digər tərəfdən də pul yardımı edir. Təbii ki, pul yardımları silahlara gedəcək. Orada hansı kommunal xərclərdən söhbət gedə bilər? Bu məsələ Azərbaycan tərəf üçün həmin əraziləri tam nəzarətə götürmək anlamına gəlməlidir. Rəsmi Bakı nəinki etiraz etməlidir, real hərəkətə keçməlidir. 2022-ci il Xankəndi ili olmalıdır. Azərbaycan dövlət olaraq özünü tam şəkildə buna kökləməlidir”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu daha maraqlı məqamlara toxundu: “Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra da Ermənistan Qarabağa maliyyə ayırır, Azərbaycana aid bölgənin büdcəsini formalaşdırır. Bu, anormal durumdur. Ancaq təəssüf ki, reallıq fərqlidir. Qələbəmizə rəğmən, Xankəndi və ətrafındakı əraziyə separatçılar nəzarət edir. Həmin separatçılar bölgədə yaşayan azsaylı ermənilərə nəzarət edirlər. Bu vəziyyətdə bizim iki seçimimiz var. Birinci seçim odur ki, durumu dəyişmək üçün hərəkətə keçirik, antiterror əməliyyatı nəticəsində separatçıları tərk-silah edib, oradakı ermənilərin Azərbaycan qanunları ilə yaşamasını təmin edirik. Bu sırada Qarabağın hər yerində manat işlənməsini də təmin edirik. İkinci seçim odur ki, mövcud reallıqlar çərçivəsində Ermənistanın Qarabağ separatçılarına maliyyə ayırmalarına hələ ki göz yumuruq və bu problemi görməzdən gəlirik. Çünki nə qədər ki, bölgədə rusiyalı hərbçilər var, Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamasını təmin etmək problematikdir. İkinci seçimin Azərbaycan üçün ciddi təhlükələri olduğunu düşünürəm. Qarabağdakı ermənilərə Ermənistan büdcə ayırırsa, bu birbaşa Azərbaycanın ərazi bütövlüyünə qəsddir. Buna uzun müddət dözümlü münasibət bəsləmək olmaz. Manat Azərbaycan ərazisinin hər yerində tədavüldə olmalıdır”.

“Yeni Müsavat”

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR