Qarabağdakı erməni separatçılarına qarşı CİDDİ TƏDBİRLƏR BAŞLAYA BİLƏR

2023-01-17 11:41:00

Qarabağdakı erməni separatçılarına qarşı CİDDİ TƏDBİRLƏR BAŞLAYA BİLƏR

Məhəmməd Əsədullazadə: "Rəsmi Bakı Rusiya tərəfindən Qarabağa göndərilən Ruben Vardanyanın əli ilə Kremlin planının qarşısını alıb"

Zaur Məmmədov: "Ermənistanda olduğu kimi, Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək"

"Paşinyan həm hakimiyyəti üçün, həm Azərbaycanla danışıqlarda ciddi pressinq qarşısında qalacaq"

Bugünlərdə Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Qeyd edək ki, səfər çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşən və daha sonra mətbuat konfransı keçirən Yael Bron-Piven "Dağlıq Qarabağın statusu"nu müəyyən etməyin Fransanın işi olmadığını bəyan edib: "Bizim mövqeyimiz dəqiqdir. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, statusunu da Fransa müəyyən edən deyil. Onun statusu məsələsini beynəlxalq hüquqa uyğun olaraq konflikt tərəfləri özləri müəyyən etməlidir".

Görünən odur ki, Yael Bron-Pivenin məlum açıqlaması Ermənistan tərəfini ciddi narahat edib və bu səbəbdən də erməni politoloqlar ardarda Fransa Milli Assambleyasının sədrini tənqid etməyə başlayıblar. Belə ki, bununla bağlı axar.az-da yer alan məlumata görə, erməni analitik Qalust Qriqoryan Yael Bron-Pivenin açıqlamasından məruz olduqlarını dilə gətirməklə yanaşı, bunu siyasi ikiüzlülüyün zirvəsi adlandırıb: "Ötən il Fransa Milli Assambleyası "Avropa və (Yaxın) Şərqin erməni xalqının və xristian icmalarının müdafiəsi haqqında" qətnamə qəbul edib. Bu qətnamədə Qarabağ münaqişəsinin yekun və təcili həllinə xüsusi diqqət yetirilib. Onun müstəqilliyini tanınmasına 188 deputat lehinə, 3-ü əleyhinə səs verib. Bundan əlavə, ötən il noyabrın 25-də Fransa Senatı böyük səs çoxluğu ilə Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul edib. Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, Yael Bron-Pivenin bu addımını, bu çıxışlarını necə başa düşmək olar? Fransanın siyasi manevrlər adı altında Qarabağın və erməni xalqının maraqlarına etinasızlıq göstərməsi kimi. Biz indi Bakı mediasında belə bir xəbər görürük ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini Fransa prezidentinə təqdim edib. Emmanuel Makron onun etimadnaməsini qəbul edərək bildirib ki, Fransa Azərbaycana dost ölkədir. Bu doğrudur, yoxsa Azərbaycan mətbuatının şişirtməsi? Bunu deyəcəyəm: Fransadan heç bir təkzib olmadı. Üstəlik, biz gördük ki, Qarabağın müstəqilliyinin tanınması məsələsində rəsmi Parisin tarixi sıçrayış etməyə könlü yoxdur".

Təxminən, eyni mövqedən çıxış edən erməni politoloq Suren Surenyants isə "Fransa Milli Assambleyasının sədrinin Ermənistana səfəri və verdiyi bəyanatlar kontekstində biz reallığı, yəni qərbpərəstlərimiz tərəfindən hazırlanmış saxta gündəmlə məşğul olduğumuzu gördük", deyə vurğulayıb. Erməni politoloq onu da əlavə edib ki, Yael Bron-Pivenin səfəri nəticəsində Ermənistan cəmiyyətində müəyyən antifransa ovqatının yaranacağı istisna deyil.

Bu arada, Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev isə bu qənaətdədir ki, əgər Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması prosedurunun başlandığını bəyan etsə, bu, Moskva-İrəvan münasibətlərinin korlanmasında yeni mərhələ olacaq: "Biz bilirik ki, bu kimi məsələlər hazırda İrəvan tərəfindən ciddi şəkildə nəzərdən keçirilir".

"Ruben Vardanyan Xankəndidə qalmasının ermənilərin əleyhinə işlədiyinin fərqindədir, həm də o, Ermənistan və Qarabağdakı erməni icması tərəfindən qəbul edilmir"

Beləliklə, mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan Qarabağdakı erməni separatçılarına qarşı ciddi tədbirlərə başlaya bilər: "Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağa göndərdiyi Ruben Vardanyanı müdafiə etməməsi və onu prosesləri qızışdırmaqda ittiham etməsi, onun Kremlin canişinini qəbul etmədiyini göstərir. Ermənistan parlamentinin spikeri də Laçın dəhlizində baş verənlərlə bağlı qeyd edib ki, ölkəsi bu məsələyə qarışa bilməz. Hesab edirəm ki, Ermənistanın baş naziri bu mövqeyi ortaya qoyursa, prinsipcə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməlidir. Amma Nikol Paşinyan dolayı yolla yekun sülh müqaviləsinə Qarabağ məsələsini də salmağa çalışır. Təbii ki, Azərbaycan buna gedə bilməz və bu məsələ rəsmi Bakı üçün bitib".

Ermənistan müxalifətinin "Madrid prinsipləri"ni və digər məsələləri qabartdığını vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, Azərbaycan münaqişəni həll edib və müharibə yolu ilə həll ediləndən sonra əvvəlki təkliflərin üzərindən xətt çəkilib: "Qeyd edim ki, "Madrid prinsipləri" və müharibədən əvvəl Minsk qrupunun irəli sürdüyü təkliflər tarixdə qaldı. Çünki "Madrid prinsipləri"ndə Qarabağın statusu yalnız danışıqlar yolu ilə münaqişə həll ediləcəksə, onda baxila bilərdi. Sonradan referendum məsələsi də hüquqi müstəviyə görə danışıqlar prosesindən də çıxarılmışdı. Ermənistan tərəfi və Rusiya isə yenidən bu məsələyə qayıtmaq üçün bəyanatlar verir. Lakin bu, mümkün deyil. Çünki Azərbaycan münaqişəni həll edib və müharibə yolu ilə həll ediləndən sonra əvvəlki təkliflərin üzərindən xətt çəkilib". Politoloq onu da əlavə edib ki, Rusiya tərəfindən Qarabağa göndərilən Ruben Vardanyanın Xankəndidə qalması ermənilərin əleyhinə işləyir: "Özü də bunun fərqindədir, lakin Rusiyanın təsirindən çıxa bilmir. Qarabağa müəyyən bir missiya ilə göndərilən Ruben Vardanyan nə Ermənistan tərəfindən, nə də Qarabağda erməni icması tərəfindən qəbul edilir. Azərbaycan Laçın dəhlizini humanitar məsələlər istisna olmaqla, bağlamaqla Vardanyanın əli ilə Rusiyanın planının qarşısını alıb. Qarabağda erməni icmasına status tələb edilməsi və geri addım atılmamasının yaxın perspektivdə onlar üçün ciddi mənfi fəsadları olacaq".

"Rusiya, Fransa və İran Xankəndinin Azərbaycanın yurisdiksiyasına daxil olmasının vaxtını uzatmaq, dondurmaq üçün səylər göstərsələr də, separatçıları müstəqil qurum kimi tanımır"

Artıq Ruben Vardanyan, Araik Arutyunyan və Nikol Paşinyan arasında münaqişənin açıq fazaya keçirilməməsinin qərara alındığını deyən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bunun gerçəkliyi dəyişmədiyini qeyd edib: "Son günlər Ruben Vardanyanın teleqram kanalları Araik Arutyunyanın imicinə zərbə vurmaq üçün əllərindən gələni etdilər. Artıq prosesi dayandırmaq qərarına gəlsələr də, əslində hər şey hələ indi başlayır. Çünki Ermənistanda olduğu kimi, Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək". Bakı Politoloqlar Klubunun rəhbərinin qənaətincə, bu halda ən çətin vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan qala bilər: "Çünki o, həm hakimiyyəti üçün, həm Azərbaycanla danışıqlarda ciddi pressinq qarşısında qalacaq. Bu arada, onu da qeyd etməliyəm ki, artıq rəsmi Bakı Ruben Vardanyanla bağlı qəti mövqeyini aidiyyatı beynəlxalq subyektlərə çatdırıb".

Fransa Milli Assambleyasının sədrinin İrəvanda ermənilərə həqiqəti deməyə məcbur olduğunu bildirən politoloqun fikrincə, Yael Bron-Pivenin Qarabağla bağlı verdiyi bəyanat bütün dünyadakı erməniləri yuxudan ayıldan siyasi sillə olmalıdır: "Rusiya, Fransa və İran Xankəndinin Azərbaycanın yurisdiksiyasına daxil olmasının vaxtını uzatmaq, dondurmaq üçün səylər göstərsələr də, separatçıları müstəqil qurum kimi tanımır. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Hazırda Ruben Vardanyan kloununun fəaliyyəti isə yerli əhalinin istismarı və bədbəxtçiliyi üçün atılan addımlardan başqa bir şey deyil".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.197663