Saat:18:45
Haqqımızda

“QARABAĞDA YENİ DÖNƏM” – “Rusların geri çəkilməsi İran və Fransanı narahat edib”

2024-04-18 11:30:19

“QARABAĞDA YENİ DÖNƏM” – “Rusların geri çəkilməsi İran və Fransanı narahat edib”

Məlum olduğu kimi, ötən gün Bakı ilə Moskva arasında əldə olunan qarşılıqlı razılaşma ilə 2020-ci ildə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli müqavilə əsasında Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin bir hissəsi bölgəni tərk edib. Rusiya və Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, artıq sülhməramlıların bölgəni tərk etmə prosesinə start verilib. Sülhməramlıların ilk tərk etdiyi bölgə isə Kəlbəcərdəki Xudavəng monastrı olub. Buradakı rus qoşunları ötən gün ölkələrinə geri dönüblər. Rəsmi məlumata görə, növbəli şəkildə davam edəcək bu proses bu ilin sentyabrında tam başa çatacaq.

Hurriyyet.az xəbər verir ki, bu tarixi olayı qardaş ölkə Türkiyənin mətbuatı da yaxından izləyir. Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye gazetesi” bu gün sözügedən xəbərin manşetini “Qarabağda yeni dönəm” şəklində atıb. Həmin məqalənin maraqlı hissələrinin tərcüməsini oxuculara təqdim edirik:

“Ötən gün Qarabağda yerləşən Rusiya qoşunlarının bir hissəsi bölgəni tərk edib. Razılaşmaya uyğun olaraq 2025-ci ilə qədər bölgədə müşahidə qüvvəsi saxlamaq hüququna malik olan rusların geri çəkilməsi yeni dövrün başlanğıcı kimi şərh edilə bilər. Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi əməliyyatlardan dərhal sonra başlayan bu inkişaf regionun tam normallaşması kimi qiymətləndirilir.

 

 

Azərbaycanlı ekspert Turan Rızayev bildirib ki, bundan sonra sərhədlərin müəyyənləşdirilməsi, Zəngəzur dəhlizi və hazırda işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması kimi məsələlər prioritet təşkil edir. Rusların daha çox Ukrayna cəbhəsində cəmləşdiyini qeyd edən Rızayev, “Ruslar bölgədə daha çox vaxt itirmək istəmədikləri üçün qüvvələrini bir il əvvəldən geri çəkirlər”,-deyə bildirib. Ruslar müxtəlif bölgələri tərk etdikdən sonra bütün gözlər Türkiyə ilə Rusiyanın birgə müşahidə məntəqəsinin yerləşdiyi Ağdama çevrilib. Hazırda hərbi müşahidə məntəqəsində iki ölkədən 100-ə yaxın əsgər var.

Azərbaycanlı politoloq Ramin Sadıqov baş verənləri meydandakızəfərin “taclandırılması”kimi dəyərləndirib.

“Rusiya orada öz missiyasını başa vurmuşdu. Azərbaycan SSRİ-nin süqutu zamanı rus ordusunu öz ərazisindən çıxaran ilk ölkə olub. Tarix təkrarlandı. Paralel olaraq İran və Fransanın təxribat cəhdlərinə qarşı geri addım atmayacağıq. Artıq hər sahədə əlimiz güclənib. Fransa və İran hələ də bu bölgəni qarışdırmaq istəyir. Bu geri çəkilmə Azərbaycan-Ermənistan danışıqlarına da müsbət təsir göstərəcək. Rusiyanın 250 ildir ermənilərin probleminə çevirdiyi Qarabağ məsələsi tamamilə bağlanıb”,-deyə o qeyd edib.

 

Digər tərəfdən, Rusiya qüvvələrinin geri çəkilməsi İran və Fransanı narahat edib. Fransa bu yaxınlarda Bakıdakı səfirini məsləhətləşmələr üçün ölkəyə geri çağırdığını açıqlayıb. Bundan əvvəl Fransanın 2023-cü ilin dekabrında Ermənistana 50 zirehli texnika göndərdiyi məlum olub. Rəsmi səfər üçün getdiyi Ermənistanda Fransanın müdafiə naziri Sebastyan Lekornu bu ölkəyə qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri verməyə hazır olduqlarını açıqlayıb. Ötən ilin sonunda Azərbaycan Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib, yanvarda isə Fransa vətəndaşını ölkədə casusluq etdiyinə görə həbs edib. Eyni zamanda ötən gün İranın sərhəd xəttində yerləşən hərbi mövqelərində aktivlik müşahidə olunub. İrəvanı Azərbaycana qarşı silahlandıran İran və Fransa işğaldan azad edilmiş Qarabağda sabitlik əldə olunarsa, Azərbaycanın diqqətini Zəngəzura, Qərbi Azərbaycana və mübahisəli məsələlərə yönəldərək irəliləyiş əldə edəcəyindən ehtiyatlanır.

Sonda qeyd edək ki, Rusiyanın sülhməramlı kontingenti 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyannamə çərçivəsində Dağlıq Qarabağa ezam olunub. Bəyannaməyə əsasən, sülhməramlılar 2025-ci il noyabrın 10-dək bölgədə qala bilərdilər. Həmin vaxt bölgəyə yüngül silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli texnika, 380 zirehli avtomobil göndərilmişdi”.

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199375