Qarabağda "sülhməramlılar"ın NÖVBƏTİ TƏXRİBATI

2022-12-13 10:45:00

Qarabağda

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında əsas baryer Rusiyadır"

Məhəmməd Əsədullazadə: "Azərbaycanla Rusiya arasında ciddi siyasi böhran yaşanacaq, lakin sonda Kremlin Bakının tələbləri ilə barışması gözlənilir"

"Azərbaycan növbəti aylarda Laçın dəhlizində gömrük postunun qurulmasını və silahlı erməni birləşmələrinin çıxarılmasını reallaşdıra bilər"

Nazim Cəfərsoy: "Bakı İrəvanla müzakirələrdə Qarabağda yaşayacaq erməni qədər Azərbaycanlının da toplu şəkildə Zəngəzura qayıtmasını bir şərt kimi masaya qoymalıdır!"

Turan Rzayev: "Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə "Qisas" və ya Fərrux əməliyyatına bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür"

Asif Nərimanlı: "Şuşa yolunda keçirilən aksiya rusların "mülki təxribatına" qarşı mülki etiraz formasıdır və siyasi baxımdan ən doğru seçim hesab edilə bilər"

Son günlər ərzində baş verən hadisələrdən sonra qəti əminliklə demək olar ki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin imzaladığı bəyanata əsasən Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyasının fəaliyyətinə zidd addımlar atır və erməni separatçılarının müdafiəsi məqsədiylə əllərindən gələni edirlər. Bugünlərdə Azərbaycan mediasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdırmağa çalışan monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqları işıqlandırmasına imkan verilməməsi də bunu sübut edən faktlardan biri kimi dəyərləndirilməlidir.

Dünən isə Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları "Ekoloji terrora son" şüarı altında, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda, rus sülhməramlıların postu qarşısındakı etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları sülhməramlıların komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb ediblər. Lakin Andrey Volkov etirazçıların tələbinə məhəl qoymayıb, hələ bu, azmış kimi əraziyə rus sülhməramlılara dəstək üçün əlavə qüvvə də cəlb edilib.

"Rusiyaya verilən nota da onu göstərir ki, rəsmi Bakının sülhməramlılarla bağlı mövqeyi birmənalı olaraq onların çıxarılmasına hesablanıb"

Beləliklə, həm sözügedən mövzu, həm də Türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alması ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, gələn ilin yanvar ayından Azərbaycanın Laçın dəhlizində mini gömrük postunu quraraq yola nəzarəti Rusiya sülhməramlı qüvvələrlə birgə nəzarət etməsi gözlənilir. Bununla bağlı Rusiya ilə danışıqların aparıldığını vurğulayan politoloq qeyd edib ki, Kremlin də öz şərtləri var: "Son hadisələr onu deməyə imkan verir ki, Azərbaycanın növbəti ildən məhz gücdən istifadə edərək Laçın dəhlizində nəzarət buraxılış məntəqəsini bərpa etməsi reallaşır. Rusiyaya verilən nota da onu göstərir ki, rəsmi Bakının sülhməramlılarla bağlı mövqeyi birmənalı olaraq onların çıxarılmasına hesablanıb".

"Rusiyanın əsas məqsədi Qarabağda mövqelərini möhkəmləndirmək və regiona üçüncü ölkələri buraxmamaq, strateji cəhətdən Azərbaycana təzyiq etməkdir"

Azərbaycanın Laçın dəhlizini yumuşaq güc vasitəsilə növbəti dəfə bağladığını qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı və Rusiya sülhməramlı qüvvələrinin buna şərait yaratması, rəsmi Bakını belə bir addım atmağa sövq edib: "Bu, Ermənistan və Rusiyaya növbəti mesajdır. Bu mesajdan nəticə çıxarılmasa, onda növbəti dəfə yolu Azərbaycan əsgəri bağlayacaq. Onu da nəzərinizə çatdırım ki, rəsmi Bakı sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı Rusiyaya nota təqdim edib. Moskva notadan nəticə çıxarmır və separatçıların qorunmasını həyata keçirməkdədir. Çünki Rusiyanın əsas məqsədi Qarabağda mövqelərini möhkəmləndirmək və regiona üçüncü ölkələri buraxmamaq, strateji cəhətdən Azərbaycana təzyiq etməkdir. Məhz bu səbəbdən də Rusiyanın Qarabağda möhkəmlənməsinə imkan verməməliyik. Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında bu məsələdə ciddi siyasi böhran yaşanacaq. Lakin sonda Rusiyanın Azərbaycanın tələbləri ilə barışması gözlənilir".

Azərbaycanın ermənilərin reinteqrasiyasında və Xankəndidə suverenliyin bərpasında qərarlı olduğunu deyən Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, hazırda bunun qarşısını alan Rusiyadır: "Məhz Rusiya son aylarda separatçıların silahlandırılmasında, İrandan hərbi təlimatçıların Xankəndinə gətirilməsində mühüm rol oynayır. Odur ki, növbəti aylarda Azərbaycan Laçın dəhlizində gömrük postunun qurulmasını və silahlı erməni birləşmələrinin çıxarılmasını reallaşdıra bilər. ABŞ və Avropa İttifaqı bu prosesdə Azərbaycana siyasi dəstək verir. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında əsas baryer Moskvanın siyasətidir. Kreml Qarabağda möhkəmlənməsi ilə Ermənistanda siyasi proseslərə təsir edir". Bakı ilə Vaşinqton arasında siyasi münasibətlərin yüksək səviyyədə qurulduğunu qeyd edən politoloqun sözlərinə görə, ABŞ-ın Xankəndi məsələsində hər hansı bir mənfi münasibət göstərməsi gözlənilmir.

"General-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinatından sonra ordumuzun Türkiyə modelinə keçidinə ümid edə bilərik"

Türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alması ilə bağlı məqama gəlincə, Məhəmməd Əsədullazadənin qənaətincə, bundan sonra ordumuzun Türkiyə modelinə keçidinə ümid edə bilərik: "Bəxtiyar Paşa ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların uğurla həyata keçirilməsinin əsas komandiridir. Ordumuzun Türkiyə modelinə keçidi istiqamətində işlər iki ildir ləngiyir. Təbii ki, Rusiyaya bağlı qruplar buna imkan vermirdi. Prezident İlham Əliyevin bu istiqamətdə siyasətinin uğurla alınması, ordunun Türkiyə modelinə keçməsi üçün xüsusi olaraq Bəxtiyar paşanın müşavir təyin edilməsi sıradan bir təyinat deyil. Bəxtiyar Paşa prezident Rəcəb Tayyib Ərdoğan və dövlət başçısı İlham Əliyevə birbaşa çıxışa, o cümlədən qətiyyətli və ona təsir edəcək hər hansı bir qrupun üzərinə gedəcək cəsarətə malikdir. Odur ki, bundan sonra ordumuzun Türkiyə modelinə keçidinə ümid edə bilərik. Düşünürəm ki, bu islahatlar Naxçıvan Əlahiddə Ümumqoşun ordusunu da əhatə etməlidir. Çünki oradakı muxtar rəhbərlik ordunu Rusiya modeli ilə idarə edir". Politoloq əlavə edib ki, Bəxtiyar Ersayın təyinatı 90-cı illərin təyinatından fərqlidir, çünki bu dəfə proseslər birbaşa dövlət başçılarının nəzarətində olacaq: "Onu da qeyd etmək lazımdır ki, məhz Türkiyə modelində hərbi təlimlərinin nəticəsidir ki, bu gün Azərbaycan ordusu Qafqazda döyüş qabiliyyətli ordu olaraq keyfiyyət baxımından Rusiya və İran ordusundan da güclüdür".

"Azərbaycan və Ermənistan liderlərinin Tiflis görüşü Moskva və Brüsseldən fərqli olaraq daha müsbət atmosferdə keçə bilər"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da əlavə edib ki, Vladimir Putinin prezident İlham Əliyevə zəngi Azərbaycanın son günlər sülhməramlı qüvvələrlə bağlı Rusiyaya nota verməsi və Laçın yolunda yumşaq gücdən istifadə etməsi fonunda baş verib: "Putin telefon danışığında ənənəvi olaraq əldə olunan üçtərəfli razılaşmaların yerinə yetirilməsinin vacibliyini qeyd edib. Halbuki, Rusiya özü əldə olunmuş razılaşmaların icrasını əngəlləyən əsas tərəfdir. Qeyd edim ki, Moskva Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsində maraqlıdır. Odur ki, Putinin prezident İlham Əliyevlə telefon danışığında Nikol Paşinyanla görüşün keçirilməsini təklif etməsi istisna deyil. Rusiya təşəbbüsün Vaşinqtonun əlinə keçməməsi üçün bu görüşü təyin edir. Prezident İlham Əliyev belə bir görüşün müsbət sonluqla keçməsində maraqlıdır. Dekabrın 7-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşünü məhz müsbət nəticə əldə olunmayacağına görə təxirə saldı".

Nikol Paşinyan yeni görüş üçün Tiflisi uyğun gördüyünü qeyd edən politoloq bildirib ki, bu, Azərbaycanın bir neçə ay əvvəl irəli sürdüyü təklifidir və Vaşinqton da bunu dəstəkləyib: "Tiflis görüşü Moskva və Brüsseldən fərqli olaraq daha müsbət atmosferdə keçə bilər. Prosesi ABŞ dəstəkləyir, demək, Vaşinqtondan Paşinyana ciddi təzyiqlər baş verib ki, o, Moskva deyil, Tiflis görüşündə maraqlıdır. Bu səbəbdən də Putinin əl-ayağa düşməsini anlamaq olar".

"Bu dəfə səmimiyyət göstərmək sırası Ermənistan dövlətində və xalqındadır, lakin onların bunu qəbul etməsi real görünmür"

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə son iki ildir müzakirələr prosesinin və Qarabağda baş verənlərin Azərbaycanla Ermənistan arasında əsas problemin həlli üçün iki yolun olduğunu göstərdiyi qənaətindədir: "Birincisi, Azərbaycan Ermənistanla müzakirələrdə Qarabağda yaşayacaq erməni qədər Azərbaycanlının da toplu şəkildə Zəngəzura qayıtmasını bir şərt kimi masaya qoymalıdır! Ya da Ermənistan bu şərti qəbul etməsə, o zaman tərəflər arasında imzalanacaq sülh müqaviləsində Türkiyə ilə Yunanıstan arasında imzalanmış Lozan anlaşmasına bənzər əhali mübadiləsi mövzusu gündəmə gətirilməlidir. Əgər Ermənistan və ermənilər birinci təklifi qəbul etsələr, bu iki xalqın səmimi şəkildə bir arada yaşama iradəsinin konkret nümunəsi olacaq. Azərbaycan dövləti və xalqı son 30 ildir işğal prosesinə və yerli ermənilərin Azərbaycan əleydarı cinayətlərinə baxmayaraq, Qarabağda ermənilərin qalmasına rıza göstərərək və müharibədən sonra onlara "bərabər hüquqlu vətəndaşlıq" təklif edərək öz səmimiyyətini göstərib. Buna görə də səmimiyyət göstərmək sırası Ermənistan dövlətində və xalqındadır".

Regionun müsbət gələcəyi üçün bu yolun ən doğru və ən faydalı olduğunu diqqətə çatdıran Nazim Cəfərsoy onu da qeyd edib ki, bugünkü Ermənistanın və ermənilərin bunu qəbul etməsi real görünmür: "Əgər bunu qəbul etməsələr, o zaman əhali mübadiləsi ilə ən azından iki normal qonşu dövlət kimi yaşama imkanı olacaq. Mövcud hal və bunun dəyişik versiyalarında isə Qarabağda problemin həll olması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müşkül görünür. Və bu mövzu tərəflər arasında gələcək illərdə də davamlı yaşanacaq yeni münaqişələrə səbəbiyyət təşkil edəcək".

"İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər"

Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasının dinc xarakterli olduğunu və heç bir gərginlik ehtiva etmədiyini vurğulayan siyasi şərhçi Turan Rzayev də bildirib ki, azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir: "Məsələ ondadır ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölkəmizə qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz şəkildə istismar edilib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir. Rəsmi Bakı mövcud vəziyyətə etiraz olaraq 3 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin əməkdaşlarını əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə göndərdi. Tərəflər arasında müzakirələr 3 saat davam etsə də, nəticə əldə edilmədi. Dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycanın monitorinq heyəti Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirdi. Görüşdə əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneə törədildi". Siyasi şərhçinin sözlərinə görə, rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək: "Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı. Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi. İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi. Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır. İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər. Söhbət "Qisas" əməliyyatı və ya bu ilin mart ayında təşkil edilən Fərrux əməliyyatına bənzər növbəti prosesin icrasından gedir. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə də bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür".

"Bu aksiya ümumilikdə Qarabağ iqtisadi rayonuna qayıdışın cığırını da açır"

Siyasi şərhçi Asif Nərimanlı da qeyd edib ki, Şuşa ərazisində sülhməramlıların müvəqqəti nəzarət etdiyi yolda keçirilən etiraz aksiyası Rusiyanın başqa çıxış yolu qoymamasının nəticəsidir: "Azərbaycan öz suveren ərazisində ekoloji monitorinq keçirmək məqsədilə sülhməramlılarla danışıqlar aparırdı və bir-birinin əksi olan iki hadisə baş verdi. Belə ki, nümayəndələrimiz monitorinqə başlamaq üçün bölgəyə getdi, Vardanyan isə başının dəstəsi ilə prosesə mane oldu. Bu təsdiq edir ki, Azərbaycanın tələbi qarşısında "yox" deyə bilməyən ruslar "mülki təxribat"la qarşısını aldılar. Şuşa yolunda keçirilən aksiya bu kontekstdə "mülki təxribata" qarşı mülki etiraz formasıdır və siyasi baxımdan da ən doğru seçim hesab edilə bilər". Siyasi şərhçi əlavə edib ki, artıq sülhməramlıların - Rusiyanın qarşısında təkcə diplomatlar və hərbçilər yox, həm də praktiki olaraq xalq var: "Və bu aksiya ümumilikdə Qarabağ iqtisadi rayonuna qayıdışın cığırını da açır. Mülki əhali Xankəndinə, Xocalıya, Xocavəndə yürüş edərsə, heç bir qüvvə qarşısını ala bilməyəcək".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.180200