“Qarabağda qanunsuz biznes quranlar heç bir iddia qaldıra bilməz” – DEPUTAT

Azərbaycan torpaqlarının işğalda olduğu illərdə özgə mülkünə çökənlər və ya dövlət əmlakını heç bir qanuna əsaslanmadan öz şəxsi biznesinə çevirənlər bundan sonra dövlət qarşısında hər hansı iddia qaldıra bilməzlər.
Hurriyyet.az xəbər verir ki, bunu azpolitika.info saytına müsahibəsində Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Deputat xatırladıb ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanan respublikalarda bu və ya digər şəkildə özəlləşdirilmə həyata keçirilib.
“Azərbaycanda da özəlləşdirilmə prosesi baş tutub və insanlar əmlak sahibi olmaq hüququ qazanıblar. Lakin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bu proses dövlətin nəzarətindən kənarda qalıb. Bu torpaqların işğal altında olduğu zamanlarda müxtəlif şəxslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yerləşərək, bu ərazilərdə ya özgələrinin əmlakına “çöküblər”, ya da dövlətin balansında olan torpaq və müəssisələri mənimsəyiblər. Ona görə də, hazırda ermənilərin Azərbaycan hökumətinə qarşı əmlak iddialarını qaldırması xeyli suallar doğura bilər. Əlbəttə ki, Azərbaycan qanunlarına görə hər kəsin əmlak hüququ dövlət tərəfindən qorunur və məhkəmə qərarı olmadan, birindən alınıb başqasına verilə bilməz. Amma bunun üçün, əvvəlcə, bu hüquqları sübut etmək, əsaslandırmaq lazımdır”, - deyə Fəzail Ağamalı qeyd edib.
Onun sözlərinə görə, SSRİ dövründə Qarabağda yaşayan və hər hansı hərbi cinayətlərdə iştirak etməyən sadə ermənilərin hüquqları reinteqrasiya proqramında nəzərdə tutulur. “Əminəm ki, bu istiqamətdə dövlət tərəfindən hər hansı diskriminasiya olmayacaq. Lakin özgə mülkünü, dövlət əmlakını mənimsəyənlər hər hansı iddia ilə çıxış edə bilməzlər. Qanunsuz zəbt edilən əmlaka görə kompensasiya tələb etmək qanuna ziddir. Hər şey Azərbaycan Respublikasının qanunlarına uyğun olmalıdır. Və belə də olacaq. Zəbt olunmuş ərazilər və əmlaklar öz sahiblərinə, məcburi köçkünlərə geri qaytarılmalıdır. Bu yanaşmanın işğal dövründə mənimsənilmiş dövlət torpaqları və müəssisələrə də şamil olunacağı fikrindəyəm. Qarabağda özünə qanunsuz biznes quranların hazırda hər hansı iddiası qanuni əsas daşımır”, - deyə Milli Məclis üzvü əlavə edib.
