“QARABAĞDA ÇOX AZ SAYDA ERMƏNİ QALACAQ...” - “Brüssel görüşündə çox böyük əhəmiyyəti olan qərarları elan ediblər”

2022-04-16 14:31:00

“QARABAĞDA ÇOX AZ SAYDA ERMƏNİ QALACAQ...” - “Brüssel görüşündə çox böyük əhəmiyyəti olan qərarları elan ediblər”

Zərdüşt Əlizadə: “Ruslar istəyirlər ki, sülhməramlılar qalsın və separatçılardan istifadə olunsun, amma indi Azərbaycan da əvvəlki Azərbaycan deyil...”

“Sülh müqaviləsi üçün nə Rusiyaya, nə də Minsk Qrupuna ehtiyac yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışında yer alan reallıqları qəbul etməyin vacibliyi haqda mesajlar və Azərbaycanla sülh bağlanmasının əhəmiyyətinə dair fikirlər göstərir ki, problemin həlli istiqamətində qəti addımların atılması ehtimalı xeyli artıb. Bunun nəticəsidir ki, artıq Rusiya, onun əlaltısı olan erməni müxalifəti və Xankəndindəki separatçılar anti-Paşinyan fəaliyyətini xeyli gücləndirib. Məqsəd sülh prosesini və xüsusilə Brüssel görüşündə əldə olunan irəliləyişləri tormozlamaqdır.

“AzPolitika.info” sülh danışıqları və Azərbaycan-Ermənistan münasibətlərinin perspektivi mövzusunu politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:

- Zərdüşt bəy, Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan rəsmiləri arasında aktiv təmaslar, eləcə də qarşılıqlı pozitiv açıqlamalar müşahidə edilir. Baş nazir Nikol Paşinyanın son açıqlamalarından belə təəssürat yaranır ki, sanki o, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, eləcə də sülh sazişi ilə bağlı müstəqil qərar verməyə cəhd göstərir. Sizin yaranmış bu duruma baxışınız necədir?

- Müharibədən sonra erməni cəmiyyətində ciddi və sürətli oyanma prosesi gedir. Bu proses özünü son parlament seçkilərində Nikol Paşinyanın partiyasının 75 faiz səslə qələbə qazanmasında göstərdi. Keçmişdə qalmaq və müharibəni davam etdirmək istəyən qüvvələr isə seçkilərdə cəmi 25 faiz səs qazandı. Onlar məcbur oldular ki, qanuna tabe olsunlar, parlament fəaliyyəti çərçivəsində daim səsverməni uduzan azlıq rolunu oynasınlar. Müharibədən sonra çox cəhd etdilər ki, mübarizəni küçə müstəvisinə keçirsinlər. Amma alınmadı. Əvəzində aydın oldu ki, erməni əhalisinin əksəriyyəti Paşinyanın barış və reallığı qəbul etmək görüşünü dəstəkləyir.

İndi iş o yerə çatıb ki, vaxtı ilə marginal hesab olunan və heç kəsin bəyənmədiyi Georgi Vanyanın fikirlərini Ermənistanın Baş naziri, Təhlükəsizlik Şurasının katibi, Xarici İşlər naziri, parlament spikeri və deputatlar səsləndirir və deyirlər ki, biz artıq siyasi gerçəkliyi, beynəlxalq hüququ tanımalı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməliyik. Paşinyanın son çıxışında dedi ki, artıq bizim siyasi üstünlüyümüz Qarabağdakı ermənilərin siyasi hüquqlarıyla bağlı olmalıdır. Bizdə də prinsipcə, bu mövqe heç vaxt rədd edilmirdi. 

Müharibədən əvvəl biz Qarabağdakı ermənilərə ən yüksək muxtariyyət verməyə hazır idik. Ancaq ermənilər bunu qəbul etmədilər. Müharibə oldu, biz qələbə qazandıq, Ermənistan məğlub oldu. Vay məğlubun halına. İndi qalib gələn Azərbaycan deyir ki, biz ərazimizdə olan ermənilərə sadəcə, Azərbaycan vətəndaşı statusu verməyə hazırıq. Azərbaycan vətəndaşlarının istifadə etdiyi hüquqdan buyurub istifadə etsinlər. Ermənilər də bununla razılaşmalıdır.

- Ermənilərin bu mövqeyi qəbul etməsi baxımından Brüssel görüşü nə dərəcədə əhəmiyyətli rola malik olub?

- Brüssel görüşündə Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan çox böyük əhəmiyyəti olan qərarları elan ediblər. Birincisi, sülh müqaviləsinin hazırlanmasına başlanmalıdır. Bu iş xarici işlər nazirlərinə tapşırıldı.

İkincisi, elan olundu ki, sərhədlər məsələsi mütləq həllini tapmalıdır. Bu işi aprel ayının sonuna qədər yaradılması gözlənilən komissiyalara tapşırdılar. İfadə edildi ki, sərhəd problemləri yaradılacaq sərhəd komissiyası tərəfindən yoluna qoyulsun. Yəni işlək mexanizm yaradılır ki, hansısa sərhəd münaqişəsi yarandıqda bunu həmin komissiya həll etsin. Əlbəttə ki, ikitərəfli qaydada. Başqa sözlə, artıq iki ölkənin əlaqə mexanizmləri yaranır. Nə Rusiya, nə Avropa Şurası, nə də Minsk Qrupuna ehtiyac yoxdur. İki ölkənin prezidenti, xarici işlər nazirləri, delimitasiya komissiyası bu məsələləri həll edəcəklər. Artıq Ceyhun Bayramovla Ararat Mirzoyan zəngləşərək bir dəfə müzakirə aparıblar. Əminəm ki, bir müddət sonra Suren Papikyan və Zakir Həsənov arasında da təmas yaranacaq, hərbi ziddiyyətlər nazirlər arasında telefon danışığı vasitəsilə səhmana salınacaq. Bütün bunlar onu göstərir ki, məsələ münaqişənin nizamlanması istiqamətində irəliləyir.

-Amma Qarabağda qanunsuz erməni hərbi birləşmələri qalmaqda davam edir...

- Rusiya dərk edir ki, Ukrayna müharibəsinin fəsadları uzun müddət çəkəcək. Praktiki olaraq Rusiyanın Qərbi Avropa ilə Ukrayna, Belarus və Baltik dövlətləri üzərindən dəmir yolu əlaqələri kəsilib. Belə olan halda, Azərbaycan, Türkiyə və Gürcüstan vacib nəqliyyat dəhlizinə çevrilib. Əslində, Ukrayna müharibəsinin bir təsiri də odur ki, Cənubi Qafqaz yolunun siyasi əhəmiyyəti artır. 

Biz hazırlaşmalıyıq ki, dəmir yolumuz, gəmilərimiz, şose yollarımız, gömrüyümüz, sərhədçilərimiz rəvan işləsin və yük axını təmin edilsin. Bundan da Qafqaz ölkələrinə, eləcə də Türkiyəyə gəlir gələcək.Təbii ki, bu yoldan istifadə edən dövlətlər -Rusiya, Qazaxıstan, Çin də qazanacaq. Burada artıq bölgə təhlükəsizliyinin yeni memarlıq mərhələsi yaranır. Yəni ki, Rusiya Cənubi Qafqazı Qarabağ, Osetiya və Abxaziya münaqişələri ilə idarə edirdi. İndi isə yeni nəqliyyat dəhlizləri meydana çıxır. Buna da bütün dövlətlər -Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya razı olur. Məncə, bu, bölgənin yeni təhlükəsizlik memarlığıdır.

- Zərdüşt bəy, reallıq budur ki, müharibənin başa çatmasının 2 ilinin tamamına az qalsa da, bu müddət ərzində Paşinyan az qala 5 dəfə sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirməsinə baxmayaraq, sözlərinə əməl etməyib. Ötən gün Ermənistanın xarici işlər naziri yenidən Minsk Qrupu formatının qaldığını bildirib, rusiyalı həmsədr isə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə Rusiyanın xüsusi səfiri təyin edilib. Sülh müqaviləsinin sənəd olaraq ibtidai forması belə hazırlanmayıb. Bütün bunların fonunda yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağı nə dərəcədə inandırıcıdır?

- Hesab edirəm ki, yaxın bir il ərzində sülh müqaviləsi imzalanmaya bilər. Məsələn, Rusiya və Yponiya müharibəsindən sonra sülh müqaviləsi imzalanmayıb. Amma iqtisadi əlaqələr, diplomatik münasibətlər qurulub, idmançılar yarışlara gedib-gəliblər və s. Bununla yanaşı, ərazi iddiaları qalır və sülh müqaviləsi hələ də yoxdur.

Bu gün sülh müqaviləsinin olması Ermənistana daha çox lazımdır. Çünki zəif tərəf odur. Ermənistan öz mövqeyini hansısa sənədlə təsdiqləməlidir. Azərbaycan tərəfi açıq bildirməsə də, ictimai rəydə belə fikirlər səslənir ki, Ermənistanın Qarabağa iddiası olduğu kimi, bizim də Zəngəzura iddiamız var və bu ərazilər bizim tarixi torpağımızdır. Belə iddialar ilk olaraq iqtisadi və hərbi baxımdan zəif Ermənistana xeyirli deyil. Çünki beynəlxalq hüquq güclü dövlətlərə deyil, zəif dövlətlərə lazımdır, beynəlxalq hüquq məhz zəif dövlətləri qoruyur. Böyük dövlətlərsə heç beynəlxalq hüquqa diqqət etmirlər. Məgər Rusiya Ukraynaya hücum edəndə və ya ABŞ İraqı işğal edərkən beynəlxalq hüquqa fikir verib? Böyük dövətlər beynəlxalq hüquqa möhtac deyillər. Bu, ilk növbədə kiçik dövlətlərə lazımdır. O cümlədən də indiki halda Ermənistana. Ən azından iqtisadi əlaqələri qurmaq, yatırımlar etmək üçün. Odur ki, indi Azərbaycan və Ermənistan rəhbərliyi çalışacaq ki, bu işi həll etsinlər. Sözsüz ki, bulanıq suda balıq tutmaq istəyən çoxdur. Məsələn, Fransa, ABŞ və Rusiya kimi. Amma bu, faktiki olaraq mümkün görünmür.

- Niyə?

- İndi Rusiya ilə ABŞ-ın münasibətləri kəskin şəkildə pozulub. Eləcə də Fransa və Rusiya əlaqələri. Onlar oturub Qarabağ məsələsini birgə müzakirə edə bilməzlər. Ona görə də Lavrov deyir ki, Minsk Qrupu Brüsseldə dəfn edildi. Bəli, dəfn edildi. Düzdür, Ararat Mirzoyan ənənəyə uyğun olaraq “bəlkə də qaytardılar” deyə Minsk Qrupunun adını çəkib. Amma bu məsələ nə Mirzoyandan, nə də Ermənistandan asılıdır. Minsk Qrupu vasitəçilik platformasıdır. Bu qurum Azərbaycan və Ermənistanın razılığı ilə yaranıb. Amma indi münaqişənin bir tərəfi bu vasitəçiləri istəmir. 

Düzdür, rəsmi bəyanat verməyib, ATƏT-ə məktub göndərməyib. Biz istəyirik ki, məsələ öz-özünə həll edilsin, yəni Minsk Qrupu aradan çıxsın. Lüzum da görmürük ki, bəyanat verək. Normalda İlham Əliyevin bir bəyanatı bəs edər ki, ABŞ və Fransanı bölgədə görməyək. Bir məktubla bunu etmək olar. Amma etmək istəmirik. Niyə? Çünki ABŞ və Fransa bu addımı dost olmayan hərəkət kimi qiymətləndirə bilər. Biz də deyirik ki, Minsk Qrupu ölüb, münaqişə isə artıq yoxdur. Bu yolla gedirik. Mirzoyanın Minsk Qrupuna istinad etməsi isə sadəcə “dalay-dalay”dır. Ha çalışıldı ki, Minsk Qrupu gəlsin, Xankəndinə getsin və s. Bakı dedi ki, zəhmət çəkməyin, istəmirik. Biz zamanında məcburən Minsk Qrupunun yaranmasına razı olmuşduq, indi isə onu istəmirik. Bitdi, məsələ qurtardı.

 

 

- Ancaq Xankəndində olan separatçılar bir qədər fərqli düşünürlər, Paşinyanın son bəyanatından sonra saxta parlament toplaşaraq bəyanat qəbul edib, baş separatçı Arutunyan qanunsuz silahlı dəstələrin komandirləri ilə görüşüb...

- Qarabağdakı Araiklə, Balasanyanla, Babayanla və digərlərilə hesablaşan, onları sayan, fikirlərini nəzərə alan varmı? Onların pulu, hərbi qüvvəsi varmı? Yoxdur! Beynəlxalq statusu varmı? Yoxdur. Arada bir Moskvaya gedib üçüncü, dördüncü dərəcəli məxluqla görüşüb qayıdırlar. Onlardan alət kimi istifadə edirlər. Başqa heç nə.

İndi Qarabağ barəsində Azərbaycan və Ermənistan arasında Rusiya və ya Brüsselin vasitəçiliyi ilə razılıq əldə olunsa, məsələ həll olunmuş sayılır. Əlbəttə, ruslar istəyirlər ki, sülhməramlılar qalsın və separatçılardan istifadə olunsun. Amma indi vəziyyət əvvəlki kimi deyil, elə Azərbaycan da əvvəlki Azərbaycan deyil. Siyasi qüvvələrin nisbəti dəyişib. Bir azdan bu məsələlər görünəcək. Qarabağdakı erməni əhalisinə isə seçmək qalır. Ya gedirlər, ya da qalırlar. Qalırlarsa, Azərbaycanı tanıyırlar, Azərbaycan hökumətinin mərhəmətinə sığınırlar. Ən nəhayətdə sizə deyim ki, azərbaycanlılar qayıdandan sonra Qarabağda çətin ki, erməni qalsın. Bunun üçün də qayıdış proqramı sanballı şəkildə həyata keçirilməlidir. Bundan sonra Qarabağda çox az sayda erməni qalacaq.

- Bunlar o zaman baş verə bilər ki, Rusiya müqavimət göstərməsin, prosesə mane olmasın...

- Əslində. mən bunu yuxarıda izah etmək istədim. Rusiyanın artıq prioritetləri dəyişir. Ona lazımdır ki, Qarabağda bir neçə min erməni qalsın, onları qorumaq adı ilə əsgərlərini saxlasın, Laçın və Zəngəzur dəhlizinə nəzarət etsin. Üstəlik onun Ermənistan üzərində iqtisadi ağalığı var. Azərbaycanda da rus biznesi işləyir, nəsə gətirib satırlar. Biz də şimaldan buğda, digər məhsullar alırıq. Rusiya həm də böyük bazardır, onlara nələrisə sata bilərik. Gedib orada nəsə tikə bilərik.

İndiki Rusiya rəhbərliyinin axmaq siyasəti nəticəsində Rusiya təcrid vəziyyətinə düşüb. 10-15 ildən sonra Rusiya yenidən açılacaq, Qərb şirkətləri yenidən ora qayıdacaq. Heç nə əbədi deyil. Dünyada hər şey dəyişir. İndi bizim bölgəmizdə də nəqliyyat dəhlizləri məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu mənada Rusiya da reallıqları nəzərə almağa məhkumdur.İndi bölgənin təhlükəsizlik memarlığının əsasını yeni nəqliyyat dəhlizi qoya bilər

“AzPolitika.info”  


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya