Saat:16:23
Haqqımızda

Qarabağda antiterror əməliyyatı: Azərbaycan və Rusiya üz-üzə gəlir?

2022-11-28 14:00:00

Qarabağda antiterror əməliyyatı: Azərbaycan və Rusiya üz-üzə gəlir?

“Bilirsiniz ki, sülhməramlılar bölgəyə gələndə üzərlərinə götürdükləri konkret öhdəliklər var idi. Üçtərəfli bəyanatda həm Ermənistan, həm Rusiya, həm də Azərbaycanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Azərbaycan o öhdəlikləri yerinə yetirdi, habelə qısa zamanda erməni əsgərlərinin nəşləri Ermənistana təhvil verildi və əsirlər də qaytarıldı. Biz nə öhdəlik götürmüşdüksə, onu yerinə yetirdik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekpsert Emin Həsənli deyib.

Hərbi analitik son günlər Ermənistanın destruktiv mövqeyinə cavab olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində öz mövcudluğunu hələ də qoruyan separatçı rejim üzərində antiterror əməliyyatlarının keçirilməsi ilə bağlı cəmiyyətdə olan çağırışlara münasibət bildirib. 

E. Həsənli əlavə edib ki, Ermənistanın isə yerinə yetirmədiyi öhdəliklər var:

“Məsələn, onlar minalanmış ərazilərin xəritələrini vermədi. Rusiya sülhməramlıları isə bölgəyə gələndə erməni silahlı birləşmələri çıxmalıydı və həmin an çıxsaydı, bu problem olmayacaqdı. Ancaq Azərbaycan ictimaiyyəti Ermənistanın heç bir zaman öhdəliyi yerinə yetirmədiyini bilərək o zaman da proqnozlaşdırırdı ki, ermənilər bu dəfə də bunu yerinə yetirməyəcək. Amma Azərbaycan tərəfi növbəti dəfə bu şansı verdi ki, həm beynəlxaq birlik bunların bir daha riyakarlığını görsün, həm də Azərbaycandan onları yaxşı tanıyan yoxdur, xüsusən də bu danışıqları aparandan”.

Mütəxəssisə görə, Azərbaycan hakimiyyəti illərdir bu danışığı aparıb:

“Hətta rejimlər dəyişsə də, tarixə nəzər salsaq, görəcəyik ki, 100 ildən artıqdır bu xislət dəyişməyib. Görünür, başqa yol yoxdur və Dəmir Yumruq yenidən işə düşməlidir. Eləcə də Rusiya sülhməramlıları buna qarışa bilməz. Niyə? Birincisi, Rusiya Azərbaycanla müttəfiqdir və müttəfiqlik qaydalarına əməl etməlidir. İkincisi, Rusiya da öz ərazisində - Çeçenistan və Şimali Qafqazın bir çox ərazilərində bu əməliyyatları keçirib. Rusiya öz milli maraqlarını qorumaq adı altında Suriyada, yaxud Ukraynada əməliyyatlar keçirib. İndi bu əməliyyatlar haqlı-haqsız, bu, başqa mövzudur. Onlar, ancaq milli maraqlarını əsas gətirərək bunu keçirir. ABŞ milli maraqlarını əsas gətirərək okeanın o tayından buraya gəlib Yaxın Şərqdə əməliyyatlar keçirir. Belə olan halda niyə Azərbaycan öz ərazisində terrorçuları təmizləməməlidir? Niyə Azərbaycan öz ərazisində separatizmə son qoymamalıdır?”.

Hərbi təhlilçi izah edib ki, Ermənistan və Qarabağdakı qondarma rejim dünyanın beynəlxaq hüququyla ən ağır cinayətlərini - soyqırımı, işğal, terror, separatizm və s. törədiblər:

“Bunun cavabı olmalıdır. Başqa hansı cavab verək? Biz kəşf etməmişik axı bu əməliyyatları? Necə dünyada ABŞ, Fransa, Rusiya və yaxud dünyanın digər dövlətləri bu cür əməliyyatlar keçirirsə, Azərbaycanın da bu cür əməliyyatlar keçirməsi öz hüququdur. Nəinki Qarabağ ərazisində, hətta Qazaxdan Naxçıvana qədər bütün sərhədboyu ərazidə buferzona yaradılmalıdır. Necə ki, qardaş Türkiyə bunu Suriya ərazisində yaradıb. 15-20 km.lik həmin zolaq yaranmayana qədər o atəş dayanmayacaq, onlar buna əməl etməyəcək. Ermənilər isə müxtəlif bəhanələrlə bunu uzadırlar, hər dəfə görüntü verirlər ki, guya sülhə yaxındırlar, çağırışlar verirlər, sonra da yayınırlar. Ölkənin Baş naziri səhər bir açıqlama verir, günorta bir, axşam bir. Parlament daxil Paşinyan üç tədbirdə olur və onun üç açıqlaması bir-birinə ziddiyət təşkil edir. Bu, özü də ayrı-ayrı günlərdə yox, eyni gündə olur. Yaxud da parlamentin spikeri, xarici işlər naziri və digər vəzifələrdəki məmurlar”.

“Bu, onu göstərir ki, onlar artıq alternativ yol qoymayıblar. Necə ki, 2016-cı ildə alternativ yox idi və Azərbaycan o əməliyyatı keçirdi, həmçinin 2020-ci ildə daha genişmiqyaslı əks-hücum əməliyyatı keçirdi. İndi də antiterror əməliyyatları keçirməlidir və görünür, bunun başqa yolu yoxdur. Çünki Ermənistan yenə də cəzasızlıq mühitinə düşüb bu hərəkətləri ard-arda etmək istəyir. Necə ki, sentyabrda etdilər və ağır cəza aldılar.

Baxın, davamlı olaraq onların başının üstündə Dəmir Yumruq olmalıdır. Onlar xroniki xəstədirlər və “xəstəlik” 1-2 əməliyyatla sağalası deyil. Görünür, ermənilər davamlı olaraq “vaksinləşmə”lidirlər ki, virus məhv olub getsin”, - yekunlaşdırıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR