Qarabağ Universitetində təqaüd və istilik anlaşılmazlığı...
Qarabağ Universitetində 500-dən çox bal toplayan tələbələrə başqa universitetlərlə müqayisədə daha az, cəmi 50 manat təqaüd verilir.
Hurriyyet.az Oxu.az-a istinadla xəbər verir ki, belə bir məsələ sosial şəbəkədə müzakirə mövzusu olub.
Tələbə qeyd edib ki, bu, başqa universitetlərlə müqayisədə çox azdır:
"Bundan əlavə mənzilə qaz çəkilməyib, təhlükəsizliyə görə elektrik sobasından da istifadəyə icazə verilmir".
Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinə müdiri Aytən Quliyeva bildirib ki, Qarabağ Universitetinin Elmi Şurasının 1 oktyabr 2024-cü il tarixli, 1 saylı iclasında yüksək balla Qarabağ Universitetinə daxil olmuş tələbələrin həvəsləndirilməsi üçün universitetin büdcədənkənar vəsaitləri hesabına məqsədli təqaüdün təyin edilməsi qərara alınıb.
"Həmin qərara əsasən I-IV ixtisas qrupları üzrə 600 və daha çox, V ixtisas qrupu üzrə 255 və daha çox bal toplayan tələbələrə aylıq 100 manat məbləğində, I-IV ixtisas qrupları üzrə 500-600 arası, V ixtisas qrupu üzrə 200-255 arası bal toplayan tələbələrə aylıq 50 manat məbləğində, qeyd edilən kateqoriyalara aid edilməyən, bununla belə ayrı-ayrı ixtisaslar üzrə ən yüksək bal toplayan 5 tələbəyə isə aylıq 50 manat məbləğində məqsədli təqaüd təyin edilməsi nəzərdə tutulub".
"İkinci məsələyə gəldikdə isə, qeyd etmək istəyirəm ki, tələbələrin təhlükəsizliyini nəzərə almaq məqsədi ilə yataqxanada ümumən qaz yoxdur. Otaqların isidilməsi üçün isə ümumi kombi sistemi fəaliyyət göstərir", - deyə A.Quliyeva vurğulayıb.