Saat:20:01
Haqqımızda

Qarabağ qaziləri Vüqar Tofiqoğlunun həbsinə etiraz edəcək - AÇIQLAMA

2025-12-01 22:09:55

Qarabağ qaziləri Vüqar Tofiqoğlunun həbsinə etiraz edəcək - AÇIQLAMA

Məğrur Bədəlsoy: “Aksiyanı 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günündə keçirəcəyik”

“Piketə icazə verməsələr, aclıq aksiyası keçirməyi nəzərdə tuturuq”

Xəbər verdiyimiz kimi, “Vüqar Tofiqoğlunun Hüquqlarını Müdafiə Komitəsi”ndə birləşən bir qrup Qarabağ qazisi “Hurriyyet TV”-nin rəhbəri Vüqar Tofiqoğlunun (Məmmədov) qanunsuz həbsinə etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırır.

Qeyd etmişdik ki, etiraz aksiyası ilə əlaqədar Komitə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət olunub.

Məsələ ilə bağlı aksiyasın təşkilatçılarından olan Qarabağ qazisi, tanınmış jurnalist Məğrur Bədəlsoyla əlaqə saxladıq.

- Məğrur bəy, Vüqar Tofiqoğlunun ev dustaqlığına buraxılması ilə bağlı etiraz aksiyası keçirəcəyinizi bəyan etmisiniz. Bununla əlaqədar müvafiq qurumlara rəsmi müraciət olunub?

- Bəli, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Konkret ünvan göstərərək, Bakı Apellyasiya Məhkəməsi və Məhkəmə Hüquq Şurasının inzibati binalarının qarşısında piket keçirəcəyimizə dair məlumat vermişik. Aksiyada iştirak edəcək olan 10 nəfər insanın sayı haqqında da məlumat vermişik. Çünki sayı yazmayanda bəzən bəhanə edirlər. Aksiya 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günündə, saat 14:00 radələrində Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının qarşısında, 14:30-da isə Məhkəmə Hüquq Şurasının inzibati binasının qarşısında keçiriləcək. Yeganə şüarımız isə odur ki, Vüqar Tofiqoğlunun həbsi ev həbsi ilə əvəz olunsun.

Qeyd etdiyim kimi, müvafiq İcra Hakimiyyətinə aksiya ilə bağlı xəbərdarlıq olunub. Həmçinin, Daxili İşlər Nazirliyinə də müraciət etmişik ki, bizim təhlükəsizliyimiz təmin olunsun, başqa tərəflərdən müdaxilə olunmasın.

- Rəsmi qurumlar piketə icazə verməsə, etiraz etməkdə israrlı olacaqsınız?

- Hazırda rəsmi qurumların cavabını gözləyirik. Əslində, Bakı Şəhər İcra Hakimiyyəti 5 gün müddətində cavab verməlidir. Düzdür, hələ cavab verilməyib. Sabaha, birigünə çox güman ki, cavab veriləcək. İcazə verməsələr, biz yenə də qanuni yollarla digər müdafiə vasitələrinə əl atacağıq. Bunlardan biri kimi, aclıq aksiyası keçirməyi də nəzərdə tuturuq. Bunun üçün də bizə yer verilməli və orada aclıq aksiyası keçirmək üçün şərait yaradılmalıdır.

Jalə FAMİLQIZI