QARABAĞ MƏSƏLƏSİNƏ YANAŞMADA PUTİNİN və MİŞELİN FƏRQİ... – Və ya Brüssell razılaşmaları Moskvanı və onun əlaltılarını niyə narahat edir?

2022-05-25 15:17:00

QARABAĞ MƏSƏLƏSİNƏ YANAŞMADA PUTİNİN və MİŞELİN FƏRQİ... – Və ya Brüssell razılaşmaları Moskvanı və onun əlaltılarını niyə narahat edir?

İrəvandakı “Brüssell etirazları”nın pərdəarxası da məlum oldu: “Avropa Rusiyanın Qarabağdan çıxmasını istəyir...”

Çox zaman Azərbaycandakı Rusiya agenturası və sıravi “rusbaşlar” Azərbaycanın dövlət və cəmiyyət olaraq Ukraynanın haqq savaşına dəstək verməsini tənqid edərkən, guya bunun bizim Qarabağdakı uğurlarımıza və mövqeyimizə mənfi təsir edəcəyini iddia edirlər. Lakin bu Moskva sifarişli təbliğat və təhdidlərdən fərqli olaraq, reallıqda müşahidə etdiyimiz durum bu iddiaların tam əksini deməyə əsas verir. Ən azından bu gün rusiyapərəst müxalifətin İrəvan küçələrində təşkil etdiyi etirazlar, son Brüssel razılaşmasıyla bağlı erməni politoloqların və müxalif siyasətçilərin saldıqları haray-həşir göstərir ki, Rusiyanın Ukrayna işğalı səbəbindən düşdüyü beynəlxalq təcrid durumu Moskvanın və onun İrəvandakı əlaltılarının regionumuzda oynadıqları çirkin oyunları ciddi təhlükə altına salıb.

Bunun fonunda Avropa İttifaqının fəallaşması, Şarl Mişelin son Brüssel görüşündən sonrakı bəyanatı, eləcə də həmin görüşdə əldə olunmuş razılaşmaların icrası istiqamətində konkret addımların atılmasına başlanması Moskvanı və onun əlaltılarını bərk narahat edir. Görəsən, niyə?

 

 

Səbəb sadəcə, Rusiyanın Qafqazdakı “sülh təşəbbüsü”nün Avropanın əlinə keçməsi, danışıqlar prosesinin Kremlin inhisarından çıxması qorxusu və qısqanclığıdırmı? Əlbəttə ki, yox...

Moskvanın Brüssel danışıqlarından narahatçılığının ən dolğun izahını elə ruspərəst erməni politoloqlarının özləri verirlər. Məsələn, erməni politoloq Taron Ovannisyan “Sputnik Armenia”-ya bu mövzunu şərh edərkən Moskvanın və Avropa İttifaqının, daha konkret desək, Putinlə Şarl Mişelin Qarabağa dair istifadə etdiyi ifadələrdəki fərqlərə diqqət yönəldərək, deyib: “Paşinyanla Putinin 19 aprel görüşündən sonra yayılan bəyanatda “dağlıq Qarabağ münaqişəsinin diplomatik və siyasi yollarla tənzimlənməsinin vacibliyi” bildirilirdi.

Mişelin son bəyanatında isə ümumiyyətlə, “Qarabağ münaqişəsi”nin mövcudluğuna dair heç bir ifadə yoxdur. Məsələ ondadır ki, münaqişənin artıq mövcud olmadığı, problemin həll edildiyi narrativi tamamilə rəsmi Bakının mövqeyinə uyğundur. Bu halda “dqr”-in statusu ilə bağlı bütün söhbətlər silinib atılır, Rusiya sülhməramlı kontingentinin oradakı mövcudluğu isə mənasını itirir.

Moskva sənədində göstərildiyi kimi, “münaqişənin həll olunmaması” isə status məsələsinin müzakirəsi perspektivlərini açır”.

Bəli, göründüyü kimi, Brüssel görüşlərində əldə olunan razılıqlar və Avropa İttifaqının fəallaşması ilk növbədə rus sülhməramlılarının Qarabağdakı mövcudluğuna, deməli Rusiyanın regiondakı maraqlarına ciddi təhlükə yaradır və bunu bizim “rusbaş” politoloqlar və “siyasi aktivistlər” qanmasa da, erməni politoloqları yaxşı başa düşürlər...

Bu fikrin davamı olaraq erməni politoloq deyir: “Ukrayna böhranı və Rusiya ilə Qərbin mövqelərinin qütbləşməsi fonunda iki xarici aktor arasındakı ziddiyyətlər Qarabağ mövzusunda da kəskinləşir. Əgər Ermənistan inandırıcı arqumentlərlə çıxış edə bilməsə, Brüssel prinsipial olaraq, “artsax”ın Azərbaycanın tərkibinə daxil olmasının əleyhinə olmayacaq. Brüssel Ermənistanla Azərbaycan arasında hakim rolunda çıxış etmək istəyir. Brüssel problemin mövcudluğunu bilir, lakin onu “erməni əhalisinin təhlükəsizliyi” anlayışına qədər daraldır. Ukrayna ətrafındakı hadisələr isə Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyətinə müəyyən korrektələr gətirir. Qərb öz qarşısına Rusiyanın Qafqazdan və xüsusilə Qarabağdan sıxışdırılıb çıxarılması məqsədini qoyur. Rus hərbi kontingentinin Qarabağdan çıxarılmasına imkan verən istənilən qərar Brüsselin “əlinə oynayır” və onun üçün fərqi yoxdur ki, bu qərar kimin maraqlarına ziddir – Azərbaycanın, yoxsa Ermənistanın”.

Ovannisyan sonda bildirir ki, Ermənistan bu gün çətin duruma düşüb və Moskva ilə Brüssel arasında manevr etmək məcburiyyətində qalıb.

Onu da qeyd edək ki, hətta ermənipərəst Fransa da Brüssel görüşlərini və orada əldə olunan razılaşmaları dəstəklədiyini bildirib. Bununla bağlı Fransa XİN-in adından yayımlanan son bəyanatda Şarl Mişelin təşəbbüsləri və əldə olunan razılaşmalar yüksək qiymətləndirilir. Bunun özü də Ukrayna müharibəsindən öncəki durumla müqayisədə fərqli situasiya yarandığından və Rusiya ilə Fransanın artıq erməni məsələsində “bir ələ oynamasının” çətinləşdiyindən xəbər verir.

 

 

Bütün bunların fonunda erməni müxalifətinin aktivləşməsi və Brüssel razılaşmalarını “topa tutması” anlaşılandır. Yeri gəlmişkən, qondarma qurumun Qarabağda qalan tör-töküntüləri də İrəvandakı etirazlara dəstək ifadə etməkdədir. Hətta qondarma qurumun “parlamenti” “təhlükəsizlik şurası”nın təcili iclasının çağırılmasını tələb edərək, Şarl Mişelin bəyanatını tənqid edib. Bu da bir daha revanşist erməni siyasi cameəsində hər şeyin eyni mərkəzdən idarə olunduğunu göstərir...

Yeri gəlmişkən, qondarma qurumun “parlamenti”-nin Ş.Mişelin bəyanatı ilə bağlı “vay-şüvən”ini “dağlıq Qarabağ parlamenti təhlükəsizlik şurasının çağırılmasını tələb etdi” başlığı ilə yayan və bununla da sözügedən separatçı təşkilatı “legitimləşdirən” mətbu orqanlar arasında “Sputnuk” də var.

O “Sputnik” ki, məşhur Kreml təbliğatçısı və təxribatçısı Marqarita Simonyana aiddir. Xatırladaq ki, onun Azərbaycan bölməsi bu gün də Bakıda fəaliyyət göstərir və ona hələ də “gözün üstə qaşın var” deyən yoxdur. Ona rəhbərlik edən isə daha əvvəl “Sputnik”-in separatçı Cənubi Osetiya bölməsinə başçılıq etmiş və Simonyana yaxın şəxslərdən biri hesab edilən Vitali Denisovdur...

“AzPolitika.info”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya