Saat:09:15
Haqqımızda

Qarabağ Kreml "tələ"sində

2021-08-20 12:42:00

Qarabağ Kreml

 

"Böyük Ermənistan" yaratmaq ideyası 1920-ci il aprelin 27-də Sovet qoşunları Bakını, bir ay sonra Qarabağı işğal etdikdən və müstəqil Azərbaycanın mövcudluğuna xitam verdikdən sonra da ermənilərin strateji planları çərçivəsindən çıxmayıb. SSRİ-nin subyektlərindən olan Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyət bu səbəbdən məhz Sovet illərində açıq olmasa da, qapalı şəkildə davam edib. Ermənilərin Azərbaycana qarşı torpaq iddialarına Kreml tərəfindən mənfi reaksiyanın göstərilməməsi Ermənistanı mənfur niyyətinə çatmasına daha da şirnikləndirib.

19-cu əsrdə məqsədli olaraq Türkiyə və İrandan Azərbaycanın tarixi torpaqlarına köçürülmələrinə və 20-ci əsrin əvvəllərində burada Ermənistan adlı dövlət yaratmalarına himayəçilik etmiş Rusiyaya arxalanan ermənilər Dağlıq Qarabağ ərazisinə sahib olmaq üçün bu illər ərzində boş oturmayıblar. Buna baxmayaraq, Kreml dəstəyini nümayişkaranə şəkildə bildirməyə tələsməyib, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ ətrafında manevrlərini davam etdirib.

Rəqəmlərə müraciət etsək, 1826-1828-ci illərdə Rusiya-İran müharibəsi zamanı ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsi prosesi baş verib. İrandan İrəvana, Naxçıvana və Dağlıq Qarabağa 8949 erməni ailəsi köçürülüb. 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinə görə, daha 40 min erməni ailəsi İrandan Azərbaycana gətirilib. 1829-cu ildə Türkiyə ilə Rusiya arasında imzalanmış Ədirnə sülh müqaviləsi əsasında isə 12655 erməni ailəsi Türkiyədən Qafqaza köçürülüb. Ümumilikdə, 1828-1830-cu illərdə rus çarizmi 84600 erməni ailəsinin Qarabağ, İrəvan, Borçalı, Axalkalak və Axaltaxisinin ən yaxşı torpaqlarında yerləşdirilməsinə nail olub. Bu zaman təkcə Qarabağın dağlıq hissəsinə 200 min erməni gətirilib.

1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Cənubi Qafqaza 185 min erməni köçürülüb. 1893-1894-cü illərdə ermənilərin Azərbaycan ərazisinə kütləvi köçürülməsi prosesi davam edib. 1894-1896-cı illərdə Türkiyədə planlı şəkildə erməni-türk və erməni-rus toqquşmaları törədilib. Nəticədə 1896-cı ildə Cənubi Qafqazda ermənilərin sayı 900 min nəfərə çatdırılıb.

1905-ci ildə Bakıda azərbaycanlıların kütləvi şəkildə qırğını törədilib və bu hadisələr Naxçıvanda, İrəvanda, Zəngəzurda, Qarabağda, Gəncədə təkrarlanıb. Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur quberniyalarında 75 azərbaycanlı kəndi, Gəncədə 200-dən çox yaşayış məntəqəsi dağıdılıb, xeyli sayda günahsız əhali qətlə yetirilib. 1908-ci ildə müxtəlif dövlətlərdən ermənilərin Cənubi Qafqaza köçürülməsi siyasəti onların sayını 1 milyon 300 min nəfərə çatdırıb. 1914-1915-ci illərdə Birinci Qafqaz ordusunun Sarı-Qamış, Xoy, Urmiya və Salmasda əməliyyatları zamanı 159 min, Anadolunun şərqində – Qars və Ərdahanda 200 mindən çox azərbaycanlı öldürülüb. 1918-ci ildə bolşevik hökumətinin yaradılması adı altında ermənilər Bakı, Şirvan, Quba, Lənkəran və Kürdəmirdə 50 mindən çox azərbaycanlını qətlə yetiriblər. Təkcə Bakıda 15 min əhali öldürülüb. 1921-ci il 21 noyabrda erməni köçürmələri nəticəsində Qafqazda "Ermənistan" adlı dövlət elan olunub.

Sovet rejiminin ilk illərində bolşeviklər Zaqafqaziyada nüfuzlarının aşağı düşməsindən qorxaraq Qarabağ haqqında belə bir qərar qəbul etdilər: "Müsəlmanlarla ermənilər arasında milli sülhün vacibliyini, Yuxarı Qarabağla Aşağı Qarabağ arasında iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSRİ-nin hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla ona geniş vilayət muxtariyyəti verilsin".

Həmin ərəfədə V.İ.Leninin yazılarında və partiya qərarlarında geniş vilayət muxtariyyətinin və demokratik əsaslı yerli özünüidarəetmənin yaradılmasının vacibliyi göstərilirdi. Həmçinin sənədlərdə muxtar özünüidarəetmə hüququna malik ərazilərin sərhədlərinin müəyyən edilməsi prinsipləri də formalaşmışdı. Bildirilirdi ki, sırf yerli əhalinin istəyinin nəzərə alınması məsələnin demokratik həllidir. Bu yolla əhalinin milli tərkibi məsələsini birinci sıraya çıxarmayan bolşeviklərin fikrincə, bu ərazilərin sərhədlərinin yaradılması daha vacib - iqtisadi, sosial faktorların cərgəsində nəzərə alınmalıdır.

O zaman Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində qalmasında əsasən vilayətdə əhalinin əksəriyyətini təşkil edən əməkçi kəndlilər maraqlı idilər. Onlar bilirdilər ki, Azərbaycan Ermənistandan fərqli olaraq daha çox xam torpaq ərazilərinə malikdir. Ona görə də, 1923-cü ilin yayında keçirilmiş referendumda Dağlıq Qarabağ kəndləri yekdilliklə vilayətin Azərbaycanın tərkibində qalmasına səs verdilər. Beləliklə, 1923-cü il iyulun 7-də Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Amma bu, o demək deyil ki, Azərbaycana qarşı haqsızlıqlar edilmədi. Az keçməmiş Azərbaycanın Zəngəzur, Göyçə, Gürcüstanın Loru (Borçalının tarixi nahiyəsi) vilayətləri Ermənistana verildi. Qarabağın azlıqda olan erməniləri üçün Dağlıq Qarabağ muxtariyyəti təsis olundu. 1929-cu il fevralın 18-də Azərbaycanın iradəsi əleyhinə Ermənistana 9 kəndin, o cümlədən Mehrinin birləşdirilməsi barədə də qərar qəbul edildi. Zəngilana tabe olan Nüvədi, Mexvaz, Aldar kəndlərinin də Ermənistana birləşdirilməsi nəticəsində Mehri rayonu təşkil edildi. Lakin ermənilər Azərbaycanın Dağlıq Qarabağ və Gürcüstanın Cavaxeti bölgəsinə olan iddialardan əl çəkmədilər. Ermənistanda Dağlıq Qarabağ xülyası bir an belə yaddan çıxmadı.

...1945-ci il noyabr. Ermənistanın Kommunist (bolşeviklər) partiyasının katibi Q.Arutyunovun İ.V.Stalinə məktubundan: "...Ermənistan MK və XKS UİKb)P-nin qarşısına Azərbaycan SSR Dağlıq Qarabağ vilayətinin vilayət şəklində Ermənistan SSR-in tərkibinə qatılması məsələsini qaldırır. Bu məsələ öz müsbət həllini taparsa, Ermənistan MK və XKS hökumətə Qarabağın keçmiş paytaxtı Şuşanın statusunun bərpa olunmasını təklif edəcək".

Lakin bir sıra mülahizələrə görə, Stalin ermənilərə "yox" deyir. Əvəzində isə 1948-1953-cü illərdə Ermənistandan 180 mindən çox azərbaycanlı sürgün edilərək, Azərbaycanın müxtəlif bölgələrində yerləşdirildi.

1956-cı il. N.S.Xruşşov hakimiyyət başında olanda Sov.İKP MK-da güclü dayaqlara malik daşnaklar ondan "erməni məsələsini" yoluna qoymağı xahiş etdilər. N.S.Xruşşov: "İstənilən qədər yük maşınları ayıra və erməniləri bir neçə sutka ərzində Ermənistana daşıtdıra bilərəm. Bununla da "erməni məsələsi" həll olunar" deyir. Daşnaklar susurlar 60-cı illərdə Ermənistan Qarabağ məsələsini təkrarən qaldıraraq "Böyük Ermənistan" məqsədlərinə xidmət edən "Dənizdən dənizə" xəritəsi uydurdular. Ermənistan ərazisində azərbaycanlı şəhər və kəndlərin adlarını dəyişdirərək erməniləşdirdilər.

...1964-1982-ci illər. L.İ.Brejnevin uzun illik "birinciliyi" dövründə ermənilər yatmayıb, Moskvaya məktub dalınca məktub göndərirlər: "...Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirmək lazımdır. Onda hər şey öz qanuni yerini alar..." Moskva yenə "yox" deyir. Ara bir qədər sakitləşir.

Çürümüş "həlqə" Mixail Qorbaçov oldu. 1985-ci ildə M.S.Qorbaçovun Sov.İKP MK-nın baş katibi seçiləndən sonra "Böyük Ermənistan" tərəfdarları aktivləşdilər. Sonuncu baş katib, imperiyanın birinci və axırıncı prezidenti ermənilərin saysız-hesabsız hədiyyələrinə və xarici təzyiqlərə dözməyib sındı. Qafqaz az bir zamanda qan gölünə çevrildi. Kreml Ermənistanı tam və açıq şəkildə dəstəklədi.

1988-ci il 22 fevralda Xan kəndində vilayət partiya yığıncağı keçirildi. Görünüş naminə DQMV-də baş vermiş neqativ halların aradan qaldırılması yolları müzakirə edildi. Yığıncaqda Sov.İKP MK Siyasi Bürosuna namizəd, Sov.İKP MK-nın katibi Q.P.Razumovski çıxış edərək "Son zamanlar Sov.İKP MK-nın, SSRİ Ali Sovetinin sədrliyinin və başqa mərkəzi orqanların ünvanlarına DQMV erməni əhalisi tərəfindən göndərilmiş məktub və ərizələrdə vilayətin Ermənistan SSR-ə birləşdirilməsini xahiş edirlər", - deyə bildirdi. Bu məqsədlə Moskvaya, Bakıya və Yerevana müraciət ünvanlandı.

Azərbaycan SSR Ali Sovetinin 1988-ci il 13 iyun tarixli qərarında DQMV deputatlarının vilayətin Ermənistan SSR-ə verilməsi tələblərinin qanunsuz olduğu və uyğun olaraq Azərbaycan SSR və SSRİ Konstitusiyalarında DQMV-nin statusu barədə göstərilmiş maddələrin qüvvədə qalması bəyan edildi.

1988-ci il sentyabrın 3-də Kərkicahan kəndi atəşə tutuldu. Ermənilər azərbaycanlılara hücum etdilər. Bu hadisələrin dəfələrlə təkrarlanması nəticəsində 21 sentyabrda sonuncu azərbaycanlı Xankəndini tərk etdi. 1988-ci il dekabrın 10-da erməni daşnakları Ermənistanı türklərsiz Respublika elan etdilər. 1988-ci ilin sonlarında hər iki respublikada fövqəladə vəziyyət elan olundu. Ermənistandan 185 yaşayış məntəqəsindən 250 mindən çox azərbaycanlı, 18 min müsəlman kürd, minə yaxın rusdilli əhali silah gücünə qovuldu, 255 azərbaycanlı öldürüldü. Ermənilər indi "Ermənistan" adlandırılan Qərbi Azərbaycandan bütün türk etnosunu qovub çıxarmağa, Sovet dövründə əsası qoyulan mənəvi genosid siyasətini reallaşdırmağa nail olaraq, azərbaycanlıları görünməmiş zorakılığa məruz qoydular. Rəqəmlərə görə, 20-ci əsrdə 1 milyon azərbaycanlı öldürülüb, 1,5 milyon nəfər Ermənistandan qovulub.

1989-cu il dekabrın 1-də Ermənistan parlamenti irəli gedərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. 1990-cı ildə isə Dağlıq Qarabağdan Ermənistan parlamentinə 12 nəfər deputat seçildi və müasir dövlətlərarası münasibətlərdə misli görünməmiş təcavüzkarlıq aktı baş verdi. Bundan sonra Ermənistan Azərbaycanda elan edilməmiş müharibəyə başladı. Ermənistan tərəfi Rusiya və Qərbin aparıcı dövlətlərinin köməyi ilə məqbul və qeyri-məqbul yollarla tələsik silah alıb özünün silahlı qüvvələrini yaratdı. Hələ ki, Sovet qoşunları cərgələrində olan hərbi birləşmələr ermənilərin tərəfinə keçdi. Ermənilər daha da şirniklənib Azərbaycan torpaqlarında ikinci erməni dövləti - "Dağlıq Qarabağ Respublikası" elan etdilər. Dünyanın demokratiya carçısı sayılan, ərazi bütövlüyü prinsipini əsas götürən dövlətlər baş verənləri müşahidə etməklə kifayətləndilər. 

Kreml isə yenə öz qoşunlarını Qarabağa doldurdu ki, erməniləri hər cür "təzyiq"lərdən müdafiə etsin, ermənilərin yeri daha da möhkəmlənsin. 

MÜRSƏL İRƏVANLI, Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR