"Qarabağ klanı"nı hərəkətə gətirən Rusiya post-Paşinyan dönəminə hazırlaşır"

2022-04-19 14:03:00

Məhəmməd Əsədullazadə: "Hesab edirəm ki, Moskvada Paşinyana aparılacaq danışıqlarda bir müddət də prosesin durduğu yerdə davam etməsi üçün təlimatlar verilə bilər"

Zaur Məmmədov: "Hazırda Ermənistanda baş verənlərin necə bitməsindən asılı olmayaraq, rəsmi Bakı hədəflərinə çatacaq"

Elxan Şahinoğlu: "Putin Ukraynadakı ağır müharibə və Qərbin sərt sanksiyaları fonunda məntiqlə Cənubi Qafqazdakı sülhyaratma prosesinə mane olmamalıdır"

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvaya işgüzar səfər edəcək. Bununla bağlı Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, səfər zamanı Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutacaq və tərəflər iqtisadi əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərə dair mövzuları müzakirə edəcəklər.

Onu da qeyd edək ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildikdən sonra Putinlə Paşinyan arasında telefon danışığı olub. Və bu zaman Paşinyan Rusiya prezidentini sözügedən görüşün nəticələri barədə məlumatlandırıb. Böyük ehtimalla, aprelin 19-da Putinlə Paşinyanın əsas müzakirə mövzusu məhz Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən sülh müqaviləsi ilə bağlı məsələlər olacaq.

"Paşinyanın Moskva səfəri öncəsi onun istefasının əsas tələb kimi irəli sürüldüyü aksiyanın keçirilməsini təsadüfi saymaq olmaz"

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, aprelin 17-də İrəvanın mərkəzində - Azadlıq meydanında Kremlin diqtəsi ilə oturub-duran "Qarabağ klanı"nın təmsilçisi, eks-prezident Serj Sarkisyanın lideri olduğu "Şərəf duyuram" blokunun deputatı, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyanın çağırışı ilə müddətsiz etiraz aksiyası keçirilib. Bu barədə axar.az-da yer alan informasiyaya görə, iştirakçıların oturaq aksiyaya və çadır qurmağa cəhd etməsi ilə toqquşmalar başlayıb. Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb. Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib. O, həmçinin, bunun üçün "yol xəritəsi"nin tərtib olunacağını da bəyan edib.

Söz yox ki, Paşinyanın Moskva səfəri öncəsi onun istefasının əsas tələb kimi irəli sürüldüyü aksiyanın keçirilməsini təsadüfi saymaq olmaz. Çünki Rusiyanın adamı kimi xarakterizə olunan və daim Kremldən aldığı tapşırıqlar əsasında hərəkət edən Artur Vanetsyan bir neçə gün öncə Rusiyaya səfər edib və böyük ehtimalla, keçirdiyi görüşlərdən sonra yeni təlimatlarla ölkəsinə geri dönüb. Aydın şəkildə görünür ki, Brüssel görüşünün nəticələrindən narazı qalan Moskva məhz "Qarabağ klanı" vasitəsiylə Ermənistan əhalisini Nikol Paşinyana qarşı qaldırmağa çalışır. Bütün bunları nəzərə aldıqda, aprelin 19-da baş tutacaq görüşün Paşinyan üçün gərgin keçəcəyini demək olar.

"Azərbaycan gələn il Xankəndi üzərində yuridiksiyasını bərpa edə bilər"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən Azərbaycan və Ermənistan arasında danışıqlar müsbət nəticə verib. Bunun Azərbaycanın diplomatik və siyasi uğuru olduğunu vurğulayan politoloqun fikrincə, Azərbaycan gələn il Xankəndi üzərində yuridiksiyasını bərpa edə bilər. Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Paşinyanın parlamentdə 30 ildir erməni cəmiyyəti və siyasi elitası üçün qəbul edilməyən ciddi mesajlar verməsi onu göstərir ki, İrəvan üçün əsas çıxış yolu Azərbaycanla normal əlaqələr qurmaq və Qarabağ iddialarından əl çəkməkdir: "Artıq Ermənistan Azərbaycanla Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsində müzakirə edəcək. Demək olar ki, rəsmi İrəvan "status" məsələsindən geri çəkildi. Həmçinin, "Artsax Respublikası"nın Ermənistan üçün bitdiyi vurğulandı və İrəvan bu məsələni beynəlxalq müstəvidə müzakirə etməyəcək".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Rusiya da öz növbəsində, mövcud reallıqları qəbul etmək məcburiyyətindədir: "Düzdür, Moskva Minsk qrupundakı təmsilçisini Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etsə də, proseslər Brüssellə davam edəcək. Çünki Rusiyanın fəaliyyəti pozuculuq xarakterli olduğu üçün Bakı və İrəvan Moskvadan məsafəli davranacaq. Düşünürəm ki, Paşinyanın Rusiya səfəri öncəsi parlamentdə çıxışını Kremlə mesaj kimi xarakterizə etmək olar. Belə ki, o, çıxışı zamanı Rusiyanın Qarabağla bağlı təklif etdiyi siyasəti qəbul etməyəcəyi anonsunu verdi. Odur ki, bundan sonra Rusiya və Ermənistan arasında gərginlik yeni müstəviyə keçir".

"Putin Rusiyanın 200 ildir ermənilərdən istifadəsinə Paşinyanın son qoymasını ona bağışlamayacaq"

Qarabağdakı separatçılar üçün geri sayımın başladığını iddia edən Məhəmməd Əsədullazadə bildirib ki, Bu gün Rusiya Ermənistan və Azərbaycan arasında normallaşma prosesini pozmaq siyasəti həyata keçirir: "Kreml rəhbərliyi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını Qarabağda sülhməramlı fəaliyyətinə, həmçinin Ermənistanda mövqeyinə mənfi təsir etdiyini hesab edir. Ona görə də Kreml Nikol Paşinyana ciddi təzyiqlər edəcək, daxildə siyasi müxalifəti səfərbərliyə cəlb edəcək. Hesab edirəm ki, Moskvada Paşinyana aparılacaq danışıqlarda bir müddət də prosesin durduğu yerdə davam etməsi üçün təlimatlar verilə bilər. Lakin Ermənistanın baş naziri artıq regionda formalaşan geosiyasi nizami pozmayacaq. Odur ki, onun Kremlin təklif və təzyiqlərindən yayınması istisna deyil. Çünki Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla sülhdə maraqlıdır. Rusiya isə öz növbəsində, post-Paşinyan dönəminə hazırlaşır". Politoloq hesab edir ki, Putin Rusiyanın 200 ildir ermənilərdən istifadəsinə Paşinyanın son qoymasını ona bağışlamayacaq: "Ancaq o da bir faktdır ki, geopolitik proseslər Moskvanın əleyhinə işləyir və Paşinyan bundan istifadə edəcək. Onun parlamentdə çıxışı məhz buna hesablanmışdı".

"Azərbaycan və Ermənistan arasında son razılaşmalar və təkbətək görüşlər fonunda sülhün əldə edilməsi istiqamətində aparılan işlər Ermənistan daxilindəki bəzi qüvvələr və regiona qonşu olan iki dövlət üçün arzuolunmazdır"

Artur Vanetsyanın çağırışı ilə keçirilən müddətsiz etiraz aksiyasına toxunan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə bu qənaətdədir ki, Azərbaycan və Ermənistan arasında son razılaşmalar və təkbətək görüşlər fonunda sülhün əldə edilməsi istiqamətində aparılan işlər Ermənistan daxilindəki bəzi qüvvələr və regiona qonşu olan iki dövlət üçün də arzuolunmazdır: "Artur Vanetsyan, Aşot Safaryan, İşhan Saqatelyan fasiləsiz mitinqə başlayıblar. Onlar çıxışlarında Şuşanı, Naxçıvanı yenidən işğal edəcəklərini bildiriblər. Hər üç ad və onların yanında olan digərləri bəzi xarici dairələr tərəfindən müdafiə edilirlər. Hətta, bəzi paytaxtlar Totoyan və Vanetsyanı Nikoldan sonrakı hakimiyyət üçün ən uğurlu seçim adlandırırlar. Əlbəttə ki, Azərbaycan və Ermənistan arasında son razılaşmalar və təkbətək görüşlər fonunda sülhün əldə edilməsi istiqamətində aparılan işlər Hayastanın daxilindəki bəzi qüvvələr və regiona qonşu olan iki dövlət üçün də arzuolunmazdır. Vanetsyanı, Safaryanı, Saqatelyanı və digərlərini məhz həmin qüvvələr küçələrə çıxarırlar". Bakı Politoloqlar Klubunun rəhbəri onu da əlavə edib ki, hazırda Ermənistanda baş verənlərin necə bitməsindən asılı olmayaraq, rəsmi Bakı hədəflərinə çatacaq: "Əgər Ermənistan sülhdən yayınarsa, bu, Qafqazda yeni sərhədlərin ortaya çıxması ilə nəticələnəcək".

"Putin ya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dəstək verəcək, ya da bu prosesi pozmaq üçün imzalayacağı sənəd vasitəsilə Paşinyana müxtəlif vasitələrlə təzyiq edəcək"

Nikol Paşinyanla Vladimir Putin arasında baş tutacaq görüşə dair fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan müxalifəti hesab edir ki, Paşinyan Moskvada Putinlə hansısa sənədə imza atacaq: "Putinin qarşısında iki variant var: Kreml sahibi ya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına – Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dəstək verəcək, ya da bu prosesi pozmaq üçün imzalayacağı sənəd vasitəsilə Paşinyana müxtəlif vasitələrlə təzyiq edəcək. Putin Ukraynadakı ağır müharibə və Qərbin sərt sanksiyaları fonunda məntiqlə Cənubi Qafqazdakı sülhyaratma prosesinə mane olmamalıdır. Ancaq məntiq olsaydı, Putin Ukraynaya hücum etməzdi".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya