Qarabağ ermənilərinə Azərbaycan pasportu verilir - Sabiq nazirdən mühüm açıqlamalar
“Qarabağın dağlıq hissəsinin Azərbaycana inteqrasiya planları rəsmi Bakı tərəfindən açıq şəkildə dəfələrlə bəyan olunub. Bunun icrası isə müxtəlif ssenari əsasında ola bilər. Əminəm ki, mütəxəssislər bölgənin reinteqrasiyası ilə məşğuldurlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.
Eks-nazir Ermənistanın Təhlükəsizlik Şurasının sabiq katibi David Şahnazaryanın səsləndirdiyi fikirlərə toxunub. Xatırladaq ki, erməni siyasətçi Bakının Qarabağın dağlıq hissəsi ilə bağlı İrəvana göndərdiyi 4 maddəlik planların olduğunu dilə gətirib. Şahnazaryanın fikrincə, rəsmi Bakı ilk növbədə, bölgədə yurisdiksiyanı bərpa etməklə yanaşı, sıravi ermənilərə Azərbaycan pasportları verməyi düşünür. Bundan savayı, Xankəndi və ətraf ərazilərdə manatın dövriyyəyə buraxılması da həyata keçiriləcək planlar arasında yer alıb. Həmçinin, bölgədə fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin silahsızlaşdırılması ilə yanaşı, tanınmamış “DQR”ə məxsus “hakimiyyət struktur”larının Azərbaycan hökumətinə təhvil verilməsi də İrəvana göndərilən 4 maddəlik proqrama daxil edilib.
Öz növbəsində, T.Zülfüqarov bəyan edib ki, Bakıdan İrəvana 4 maddəli planla bağlı məlumatın göndərilməsi məntiqli bir addımdır:
“Bildiyimiz kimi, Ermənistan bu məsələlərdə iştirak etmir, çünki Azərbaycan bəyan edib ki, Qarabağ və onun sıravi əhalisi ilə bağlı olan məsələlər bizim daxili məsələmizdir. Lakin, eyni zamanda ABŞ-ın dövlət katibi Entoni Blinken bu mövzuya toxunarkən deyib ki, “müvafiq ölkələrdəki milli azlıq mövzusu müzakirə oluna bilər”. Yəni burada göstərilir ki, tərəflər bu məsələni qarşılıqlı şəkildə müzakirə edə bilərlər”.
Analitikə görə, Azərbaycanın rəsmi mövqeyi bundan ibarətdir ki, Ermənistan bu mövzuya toxunmaq istəyirsə, proses yalnız qarşılıqlı şəkildə baş verə bilər:
“Yəni Azərbaycan vaxtilə Ermənistanda yaşayan və münaqişə nəticəsində öz yurd-yuvasından qovulmuş azərbaycanlıların həmin ərazilərə qayıtması və onların təhlükəsizliyinin təmin edilməsi mövzusunu müzakirə etməyə hazırdır. Hətta bunun barəsində dövlət başçısı səviyyəsində belə bəyanatlar verilib”.
Hesab edirəm ki, David Şahnazaryan bu mövzuya toxunarkən bu fikirləri də səsləndirib. Lakin bu, heç də o demək deyil ki, bu məsələ qısa müddətdə öz həllini tapacaq. Sadəcə olaraq, Şahnazaryanın səsləndirdiyi məqamlar ümumi müzakirələrin başlanması fonunda növbəti bir detal ola bilər”.
