Saat:15:10
Haqqımızda

“Qara qutu” nə zaman açılacaq?

2025-11-14 10:36:03

“Qara qutu” nə zaman açılacaq?

Noyabrın 11-də Gürcüstanın Siqnaxi bölgəsində qəzaya uğrayan, içərisində 20 Türkiyə hərbçisinin olduğu "C-130"un qalıqları üzərində araşdırma işləri davam edir. Artıq 20-ci şəhidin də nəşi tapılıb və bununla da axtarış-xilasetmə işləri başa çatıb. Qeyd edək ki, təyyarənin “qara qutu”su da tapılıb və Türkiyəyə aparılıb.

Qəza ilə bağlı yeni detallar da üzə çıxıb. Bu barədə Teleqraf “Türkiyə” qəzetinə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, havada üç yerə ayrılan təyyarədə partlayış və ya yanğın baş verməyib. Həlak olan hərbçilərin nəşləri noyabrın 14-də Türkiyəyə gətiriləcək. Uçuş zamanı təyyarə pilotlarının danışıqları və sistem fəaliyyətini qeydə alan qara qutunun incələnməsi nəticəsində qəzanın səbəbinin müəyyənləşdiriləcəyi gözlənilir.

Onu da bildirək ki, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Gürcüstanda qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsində hərbi sursat olmayıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik təyyarədəki heyətin Zəfər günü ilə əlaqədar Azərbaycana getmiş "F-16"ların texniki xidmət heyəti olduğunu açıqlayıb. Türkiyə Milli Müdafiə Nazirliyi qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin sonuncu dəfə saat 13:50-də Tiflislə əlaqə saxladığını bildirib: “11 noyabrda Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Bazasına məxsus 68-1609 nömrəli "C-130E" tipli təyyarə canlı qüvvə və materialların daşınması məqsədilə saat 09:02-də Kayseridən Gəncəyə uçub. Zəfər günü tədbirləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən "F-16"lara texniki xidmət materialları çatdırmaq üçün 13:15-də yenidən havaya qalxıb. 13:50-də Tiflislə son dəfə rabitə əlaqəsi qurulub, bundan sonra təmas kəsilib”.

Nazirlik təyyarənin qəzaya uğrama səbəbinin hələlik bilinmədiyini qeyd edib: “Təyyarə hələlik məlum olmayan səbəbdən Tiflisin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb”.

Nazirlik onu da bildirir ki, "C-130" tipli hərbi yük təyyarəsinə bir ay bundan əvvəl texniki baxış keçirilib. Bildirilib ki, sözügedən təyyarələrin texniki baxışları Türkiyə tərəfindən mütəmadi şəkildə həyata keçirilir: ""C-130" tipli təyyarələr hazırda 70-dən çox ölkədə aktiv istifadə olunur. Qəzaya uğrayan təyyarənin texniki keçmişi araşdırıldıqda təyyarəyə ”Erciyes Avionik" modernləşdirməsinin tətbiq olunduğu, planlı gövdə, mühərrik baxışlarının vaxtında yerinə yetirildiyi, sonuncu texniki baxışının 11 sentyabr - 12 oktyabr 2025 tarixləri arasında aparıldığı müəyyən edilib".

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı daha bir məlumatdan aydın olur ki, qardaş ölkədə Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C-130" tipli hərbi nəqliyyat təyyarəsindən sonra eyni tipli bütün təyyarələrin uçuşları müvəqqəti olaraq dayandırılıb. Bu qərar hadisənin baş verdiyi 12 noyabr tarixində qəbul olunub. 

Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsi "C-130" istifadəyə tam yararlı olub. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib. Sözçü vaxtilə Səudiyyə Ərəbistanından alınmış təyyarənin istifadəyə yararsız olması ilə bağlı medianın iddiasına belə cavab verib: “Sözügedən təyyarə 21 yanvar 2012-ci ildə Səudiyyə Ərəbistanından alınıb, baxış və texniki xidmətlərindən sonra 2014-cü ildə envanterə daxil edilib. Təyyarə modernizasiya olunaraq 2022-ci ildən istifadəyə verilib.

O vaxtdan bu günə qədər təyyarə müntəzəm texniki baxışlarla xidmətə davam edib. Amma iddia edildiyi kimi, təyyarə istifadəçi ölkə tərəfindən istifadədən çıxarılmayıb, sadəcə, ehtiyacdan artıq olan bir təyyarə idi. "C-130" təyyarələri hələ də Səudiyyə Ərəbistanı tərəfindən istifadə olunur".

Zəki Aktürk təyyarənin qara qutusunun araşdırılmaq üçün Türkiyəyə gətirildiyini də xatırladıb: “Qəzaya uğrayan təyyarəmizə aid qara qutu araşdırılma məqsədilə ölkəmizə gətirilib. Artıq Ankarada araşdırılmağa başlanılıb”.

Türkiyə təyyarəsinə məxsus və istintaq üçün vacib olan bütün texniki vasitələr və fraqmentlərə baxış keçirilib və ekspertiza aparılır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında uzağı gələn həftə təyyarənin qara qutusunun açılacağına əminliyini ifadə etdi: “Hazırda təyyarə qəzası ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Burada üç dövlətin - Türkiyə, Gürcüstan, Azərbaycan istintaq orqanları birgə fəaliyyət göstərir. Burada əgər təyyarə qəzası ilə bağlı dövlətlərarası narazılıqlar yoxdursa, təyyarənin vurulma ehtimalı mövcud deyilsə, qara qutunun deşifrə prosesi bir həftəyə yekunlaşa bilər. Burada, sadəcə olaraq, bir neçə məqamı nəzərə almaq lazımdır. Bu qara qutu quyruq hissəsindən tapılıb. Əgər qara qutu texniki baxımdan zədələnməyibsə, informasiyanın oxunması mümkündürsə, o zaman qutunun açılması bir neçə günə mümkündür. Məlum məsələdir ki, Türkiyə bu məsələdə mütəxəssisdir. Türkiyə tərəfi NATO-nun üzvü olduğuna görə özləri deşifrə edəcəklər. Onun üçün də bir həftə ərzində bunun açılması gözlənilir. Təbii ki, rəsmi açıqlama vaxtı texniki analizlər başa çatsa, ictimaiyyətə açıqlama təxmini 10 gün müddətində verilir. Bu açıqlama mütləq şəkildə verilməlidir. Çünki ortada dezinformasiyalar mövcuddur. Müxtəlif dövlətlərin maraqlarından çıxış edən qüvvələr var. İrəli sürülən istər texniki nasazlıq, istər qeyri peşəkarlıq, istərsə də terror aktı kimi versiyalar qara qutunun deşifrəsindən sonra aydın olacaq. Hadisə Gəncədən uçuşdan sonra 26-27-ci dəqiqə aralığında baş verib. Həmin dəqiqədə ekipajın hansı danışıqları olubsa, bu, mütləq şəkildə açıqlanacaq. Hazırda siyasi gərginlik, qarşılıqlı ittihamlar yoxdur. Bir daha qeyd edirəm ki, ilkin açıqlamaların azı bir həftə ərzində verilməsi mümkündür”.