Qaqauziya Prezidentinin məhkəməsi 3 oktyabr tarixində keçiriləcək
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moldovanın Qaqauziya muxtariyyətinin başçısı Yevgeniya Qutsulun məhkəməsi növbəti dəfə təxirə salınıb. Səbəb ittihamçı tərəfin şahidlərinin məhkəmə iclasına gəlməməsi olub.
Qutsul iclasdan sonra jurnalistlərə bildirib: "İttiham edən tərəfin şahidləri yenə də gəlmədikləri üçün iclas oktyabrın 3-nə keçirilib".
O, məhkəmə iclası ucbatından Rusiyaya səfərini yarımçıq qoymağa məcbur olduğunu bildirib. Qutsul Sankt-Peterburq şəhərində keçirilən Avrasiya qadın forumunda iştirak edirdi.
Siyasətçi Moldovanın müxalif və rusiyapərəst "Şor" partiyasının maliyyələşdirilməsi zamanı qanun pozuntularında itiham edilir. Bu partiya hökumət tərəfindən ölkənin təhlükəsizliyinə təhdid hesab edilir.
Hürr Tərcüman