"Qala Qapısı" restoranının sahibi Mübariz və Samir qardaşları hansı vəzifəni daşıyır...? - SENSASİON FAKTLAR

2022-05-30 23:17:00

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oxuması vacibdir...

Akademik Zərifə Əliyeva adına istirahət parkı və orada yerləşən “Qala Qapısı” restoranı ilə bağlı yazmaq istəyərkən, qeyri-ixtiyari olaraq, yadıma Şixovdakı "Dostluq" parkında qeyri qanuni tikilən villaların Hacıbala Abutalıbov tərəfindən zurna-qavalla sökülməsi düşdü. Çox maraqlı idi ki, nə üçün söküntünü hörmətli Hacıbala müəllim, zurna-qavalla edirdi. Ya o özünü çox ağıllı, ya da ətrafdakıları dəli hesab edirdi. Ya da ki, özü dəli ətrafdakıları isə ağıllı sayırdı. Bu Hacıbala müəllimin öz seçimi idi. Bir onu bilirəm ki, bir də bu Hacıbalalardan dünyaya gəlməyəcək. Bir də tarix onun kimi Mer yetişdirməyəcək. Nə isə..

Bu məsələnin üzərində bir o qədər dayanmayaq. Amma bir məsələni qeyd edək ki, əgər Hacıbala Abutalıbovun dövründə Zərifə Əliyeva adını daşıyan parkın giriş qapısına "Qala Qapısı" restoranı sözləri yazılmış olsaydı, Hacıbala Abutalıbov özü orada dayanıb plakatı sökdürüb, restoranı yerlə yeksan edərdi. Hacıbala Abutalıbov baxmazdı ki, parkın içində qeyri-qanuni restoran tikən Mübariz adlı Ədliyyə işçisidir, yoxsa Samir adlı idmançı.
Doğrudan da, bu qarışıq dünyamızda kimlər nə edirsə etsin, bəlkə də bağışlamaq olar, amma böyük insanların ruhunu incitmək olmaz. Bir ağızdan hamımız abidələrimizi qoruyaq, parklar salaq, ağaclar əkək, gələcək nəsillərə nə isə əmanət edək. Amma biz bu gün əməllərimizlə nəinki gələcək nəsillərə nə isə qoyub gedirik, hətta Ulu Öndərimiz Heydər Əliyevin bizə yadigar qoyduğu parkları, yaşıllıqları, xalqın ümumi istifadəsində olan istirahət yerlərini söküb, dağıdıb yerində özəl restoranlar, kafelər, istirahət mərkəzləri tikirik. Bütün xarici ölkələrdə olduğu kimi, bizdə də böyük klinikaların qarşısında geniş parklar mövcud idi. Azərbaycanda yeganə klinikalardan biridir ki, "Şəfa" ocağının qarşısında böyük park salınmışdır. Dərdi olanlar, çətinliklə üzləşənlər, hətta sevinənlər də bu parkda öz əsəblərini sakitləşdirərdilər. Amma təəssüflər olsun ki, son zamanlar Zərifə Əliyeva parkının içərisində ağacları kəsərək, yerində restoran, kafe tikən insanlar, burada istirahət etmək istəyənlərə mane olurlar. Amma bir məsələni də nəzərə çatdıraq ki, Bakı şəhərində bəzi nazirlər və vəzifəli şəxslər parkları, yaşıllıqları vəzifələrinin hesabına zəbt edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Çox güman ki, günün birində cənab Prezidentimiz Bakının Baş Planı və ya Arif Qaraşovla Hacıbala Abutalıbovun arasında itən xəritəni tələb edəcək. Onda həmin vəzifəli şəxslərin səsi bərpa olunacaq, Şuşa türməsindən gələcək. Deyəsən bunlara Kürdəxanı ilə Şüvəlan bəs eləmədi.
Hörmətli oxucularımızın nəzərinə çatdıraq ki, bəzən insanlar bu tip işləri ya qanmazlıqdan, ya da mənfəət-pul üçün edirlər. Bizdə isə bu tip məsələlər sırf tamah ucbatından olur.
Təsəvvür edirsiniz, Azərbaycanda bəzi vəzifəli şəxslər restoran, otel biznesi ilə məşğul olurlar. Onlar şəhərin ən bahalı yerlərini zəbt edərək, böyük restoran və otel şəbəkələri yaradırlar. Nəticədə, dövlətin işi kölgədə qalır, həmin nazir öz biznesini çiçəkləndirməli olur. Belə nazirlərdən biri Zərdab rayonunun hazırki icra başçısı olan Mərdan Camalovun qardaşı, mərhum Yavər Camalov idi. Onların mülklərini əgər hesablamış olsalar gərək Bill Qeytsin son model komputerlərinin xüsusi hesablama proqlamlarından istifadə etmiş olsunlar. Yəni Mərdan Camalov və onun qardaşı, mərhum Yavər Camalovun malının-mülkünün dəyəri Azərbaycanın dövlət büdcəsindən iki dəfə çoxdur. Bu başqa bir yazının mövzusudur.
Belə misalların sayını kifayət qədər artıra bilərik. Amma ehtiyac yoxdur.
Müdriklər deyib ki, dənizin dadını bilmək üçün bir damcı da kifayətdir.
Bəli, indi haqqında bəhs edəcəyimiz, mərhum El Anası Zərifə Əliyevanın adını daşıyan istirahət parkında da baş verənlər yol verilməzdir.
Çoxlarına bəllidir ki, bir neçə il öncə həmin parkda kimlərsə şadlıq evi tikməyə hazırlaşırdı.
Yaxşı ki, bu biabırçılğın qarşısı vaxtında alındı və həmin tikili yarımçıq şəkildə söküldü, beton panellər ərazidən çıxarıldı.
Axı, bu ərazi xalqın ruhuna çox əziz olan bir ananın, bir ziyalının adını daşıyır. Mütləq burada şadlıq evi, restoran tikməlisiniz..?
Biz Gündəlik-Bakı olaraq restoranın, şadlıq evinin, nə bilim kazinonun və ya hansısa əyləncə mərkəzlərinin tikintisinin əleyhinə deyilik. Amma bunu hər yerdə etmək olmaz.
Axı, Zərifə Əliyevanın adını daşıyan istirahət parkı biznes məkanı deyil. İnsanlar burada mənəvi olaraq dincəlməyə, ruhən dinclik tapmağa gəlirlər.
Ötən yazımızda bildirmişdik, indidə təkrar edirik ki, bu parkın açılışında Ulu Öndərimiz Heydər Əliyev şəxsən özü iştirak edib, parkın layihə işlərinin hazırlanmasına özü nəzarət edib.
Məlumat üçün qeyd edək ki, Zərifə Əliyeva adına istirahət parkının sahəsi 6,2 ha, ətrafındakı zeytun bağlarının sahəsi isə 6,0 ha-dır. Parkın tikintisi 2000-ci ildə aparılmış, açılışında Ulu Öndər Heydər Əliyev iştirak etmişdir. 2008-ci ildə parkda yenidənqurma işləri aparılmış və açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak etmişdir.
Parkda Akademik Zərifə Əliyevanın abidəsi və onun ətrafında fəvvarə, həmçinin bir ədəd idman meydançası vardır.
İstirahət parkında Azərbaycanın müxtəlif iqlim qurşaqlarının faunasına aid 2000 ağac və 4000 yaşıl kol əkilib.
6-cı mikrorayon, Cavadxan küçəsi 3 ünvanında yerləşir. Bu ünvana nədənsə dəfələrlə bina tikənlər, restoran quranlar, otel ucaldanlar, nə bilim kimlər göz qoymayıb? Amma hamısının aqibəti çox pis sonluqla nəticələnib.
Bir daha qeyd etmək istəyirik ki, parkın ərazisi çoxlarının biznes marağını cəlb edir. Amma axı hər şeyi biznesə qurban vermək olmaz.
Bu ərazi insanların asudə vaxtlarını keçirmək üçündür və Zərifə ananın adı ilə bağlıdır. Ona görə də bu ərazinin ümumi harmoniyasına zidd olan, ümumi mənzərəyə xələl gətirən bütün obyektlər, qeyri-qanuni tikililər sökülməlidir.
Bəli, Zərifə Əliyeva adına parkın ərazisində “Qala Qapısı” restoranı fəaliyyət göstərir.
Parkın girişindəki ZƏRİFƏ ƏLİYEVA tablosu götürülüb və "QALA QAPISI" yazılıb.
Parkın girişi-çıxışı tamamilə bağlanıb.
Ümumiyyətlə, məmurların yaşıllıqları məhv edərək yerində kafe, restoran tikmək məsələsinə son qoyulmalıdır.
Biz Gündəlik-Bakı oalraq belə neqativ hallara kəskin etirazımızı bildirirk və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Eldar Əzizovdan xahiş edirik ki, belə hallara son qoyulsun.
Unutmayaq ki, iki il öncə "Qala Qapısı" restoranında baş verən yanğın zamanı Zərifə Əliyeva adına parkda xeyli miqdarda yaşıllıq məhv oldu.
P.S. Bütün dostlarımıza xatırladırıq ki, bu məsələ ilə bağlı bizə xahişdə bulunmasınlar.\\Gundelik-baku.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya