Saat:16:33
Haqqımızda

“PUTİNİN SİYASƏTİ ÇİN ÜÇÜN DƏ TƏHLÜKƏ TƏŞKİL EDİR” - 4 əsas səbəb açıqlandı

2022-05-16 16:30:00

“PUTİNİN SİYASƏTİ ÇİN ÜÇÜN DƏ TƏHLÜKƏ TƏŞKİL EDİR” - 4 əsas səbəb açıqlandı

“Rusiya ilə birlikdə bütün dünyaya qarşı çıxmaq Pekinin maraqlarına uyğun gəlmir”

Ukraynanın tamamını işğal etmək planı baş tutmadığından Kreml taktikanı dəyişib və artıq minimumla kifayətlənmək məcburiyyətində qalıb. Putinin minimum planı Donbas bölgəsini və Ukraynanın cənubunun bir həssəsini ilhaq etməkdir. 

Lakin bu ssenarini həyata keçirmək asan deyil. Müharibə uzandıqca Rusiya hərbi və iqtisadi sahədə tükənməklə yanaşı, beynəlxalq aləmdən də təcrid olunur. Ukrayna məsələsində Qərb dünyası möhtəşəm birlik nümayiş etdirir, Rusiya isə təklənir. Kremlin böyük müttəfiqi sayılan Çin də gələcəklə bağlı strateji planlarında Rusiyanın ona yalnız baş ağrısı gətirəcəyini artıq anlamağa başlayır...

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalında dərc edilən “Rusiyanın Ukraynaya təcavüzü: Çin üçün çıxan ilkin nəticələr” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur.

Həmin məqaləni təqdim edirik: ”Ukraynada gedən müharibənin başlanğıcından üç aya yaxın vaxt keçib və Pekin buradan özü üçün bir neçə nəticə çıxara bilər. 

Birincisi, Rusiya rəhbərliyi planlaşdırma mərhələsində kobud səhvlərə yol verib. Sürətli və uğurlu hərbi kampaniya alınmayıb. Bunun əvəzinə, Rusiya aydın olmayan ssenari üzrə gedən üzücü müharibə ilə qarşı-qarşıya qalıb. Moskvanın görmək istədiyi “Krım ssenarisi”ni reallaşdırmaq bundan sonra artıq mümkün deyil. Rusiya Ukraynanın müqavimət qabiliyyətini və Qərbin onu necə aktiv dəstəkləyəcəyini düzgün hesablaya bilməyib. Müharibənin gedişi göstərdi ki, Ukrayna ordusu döyüş meydanında daha güclü müqavimət nümayiş etdirdikcə, Qərbin ona yolladığı maliyyə və silah yardımı da artır. Qərb dünyası Ukrayna məsələsinin ətrafında çox sıx birləşib.

 

 

İkincisi, bu müharibənin beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyəti regional münaqişə səviyyəsini çoxdan aşıb və onun nəticələri Çinin maraqlarına ciddi xələl gətirir. Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq nizam qaydalarına dağıdıcı təsir edir və əsas beynəlxalq institutların zəifləməsindən tutmuş, dünya siyasətində hərbi qüvvənin rolunun güclənməsinə və bir sıra dövlətlərin nüvə silahına yiyələnmək istəyinə gətirib çıxarır. Bütün bunlar Çin üçün təhlükə təşkil edir, çünki Pekin dünyanın dinc və yumşaq yolla yenidən formalaşmasına və bu istiqamətdə öz təsir imkanlarını artıracağına ümid bəsləyirdi. İdarəolunmaz hala gəlmiş böhranlara qərq olmuş dünya isə uzunmüddətli perspektivdə Pekinin maraqlarına cavab vermir.

Üçüncüsü, Rusiya çətin ki, bu müharibənin qalibi olsun. Hətta, əgər Ukrayna ərazisinin bir hissəsi ələ keçirilsə də, bu, Moskvanı gücləndirməyəcək, əksinə, onu zəiflədəcək. Ukraynaya təcavüzün Rusiya üçün maliyyə, siyasi və diplomatik hesabı çox ağır olacaq. Bundan sonra sanksiyaların təsiri üzündən vəziyyət yalnız pisləşməyə doğru gedəcək. Rusiya isə bu şəraitdə ya müharibəni davam etdirməyə, ya da işğal etdiyi əraziləri saxlamağa çalışmalıdr.

Dördüncüsü, əgər hadisələr indiki formada davam edərsə, ümumi yekunda Rusiya təcrid olunacaq və əldən düşəcək. Beynəlxalq institutların rolu və əhəmiyyəti daha da azalacaq və Şərqi Avropa qeyri-sabit zonaya çevrilcək. Bütün bunlarla yanaşı, Qərbin bütövlük nümayiş etdirməsini və ABŞ-ın rolunun güclənməsini Pekin üçün təhlükə kimi dəyərləndirmək olar. Yaranacaq vəziyyətə Çinin adekvat cavab tapması isə heç də asan deyil.

Bir tərəfdən Çin Rusiyanın məğlubiyyətində maraqlı deyil, digər yandan isə bunun qarşısını almaq üçün əlində praktiki vasitələri yoxdur. Moskvanın başlatdığı müharibə diplomatik cəhətdən çox pis hazırlanıb. Hazırda Rusiya təcrid olunmuş vəziyyətdədir. Məhz belə bir məqamda Çinin Rusiya ilə birlikdə bütün dünyaya qarşı çıxması Pekinin maraqlarına uyğun gəlmir.

Rusiyanın məğlubiyyətə uğraması böyük dövlətlər arasında Çinin yeganə potensial müttəfiqinin geriləməsi anlamına gələcək. Rusiyanın məğlubiyyəti Pekinin Qərb koalisyasına qarşı mübarizədə xeyli zəifləməsi deməkdir.

 

 

Bundan sonra Çin çətin ki, Rusiyanı açıq və birbaşa dəstəkləsin. Ona görə ki, Rusiyanın başlatdığı müharibə xeyirxah qonşuluq, dövlətlərin ərazi bütövlüyünün qorunması kimi sülh prinsipləri ilə uzlaşmır. Əgər Pekinin məqəsədi yeni və daha az “Qərb mərkəzli” dünya nizamnın qurulmasıdırsa, o zaman qlobal məsuliyyət adi şüar yox, xarici siyasətin mühüm prinsipi olmalıdır. Necə ola bilər ki, öz üzərinə qlobal məsuliyyət götürmək istəyən dövlət beynəlxalq hüquq normalarını pozanla eyni mövqedən çıxış etsin?

Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Çin-Rusiya münasibətlərini “sərhədsiz dostluq”kimi qələmə verirdilər. Müharibə bu dostluğun sərhədinin olub-olmadığını göstərəcək. Qərbin birliyi bu müharibənin əsas geosiyasi nəticələrindən biri olacaq. ABŞ, Avropa Birliyi və Böyük Britaniya Rusiyaya qarşı sinxron sanksiyalar tətbiq edir, Ukraynaya əhəmiyyətli dəstək verirlər.

Əgər müharibə uzanarsa, Çindən Avropaya dəmir yolu ilə daşınan konteyner marşurutu təhlükə altına düşə bilər. Ümumiyyətlə, Çinlə Avropa Birliyi arasındakı əməkdaşlıq perspektivləri əhəmiyyətli dərəcədə daralacaq”.

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR