"Putinin seçki və demokratiya dərdi olmadığı üçün VƏHŞİ KİMİ MÜHARİBƏ APARIR"

2022-06-28 11:57:00

Ərəstun Oruclu: "Rusiyanın Kiyevi G7 ölkələrinin sammiti başlanan gün raket atəşinə tutması dünyanın aparıcı ölkələrinə mesajdır"

Natiq Cəfərli: "Rusiyada toplum "putinləşib", ona görə də iqtisadi itkilər, insan ölümlərinin sayı onlara təsir etmir"

Bugünlərdə, daha dəqiq desək, iyunun 26-da səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevin mərkəzinə raket zərbələri endirib və nəticədə ciddi dağıntılar qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat iddia edir ki, Kiyevə edilən hücum Rusiyanın Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə həyata keçirilib: "Həştərxan vilayətindən havaya qalxan əsas raketlər X-101-dir. O, 5500 kilometr məsafəyə uça bilir. X-101 raketi Rusiya ordusunda olan ən yüksək dəqiqliyə malik və ən bahalı raketdir".

Onu da qeyd edək ki, ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink ölkəsinin tərəfdaşları ilə birlikdə Kiyevin ölümcül atəşə tutulmasına görə Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcək: "Rusiyanın Kiyevin mərkəzindəki yaşayış binasına və uşaq bağçasına raket zərbələri endirməsi ilə bağlı yayılan xəbərlərdən hiddətləndim. Kreml Ukrayna mülki vətəndaşlarını hədəf almağa davam etdiyi üçün ABŞ və tərəfdaşları onun məsuliyyət daşıması üçün əlindən gələni edəcək".

Yeri gəlmişkən, Rusiyanın Kiyevi məhz Böyük Yeddilik (G7) ölkələrinin sammiti zamanı raket atəşinə tutması heç də təsadüfi sayıla bilməz. Çünki sözügedən sammitdə xarici və təhlükəsizlik siyasəti məsələləri ilə yanaşı, Ukraynadakı vəziyyət fonunda antirusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunub. Bu barədə G7-nin bəyanatında deyilir ki, Böyük Yeddilik ölkələri arasında qlobal infrastrukturun inkişafına yönəlik yeni tərəfdaşlıq başlayır və bu tərəfdaşlıq çərçivəsində beş il ərzində müvafiq məqsədlər üçün 600 milyard dollara qədər vəsait səfərbər ediləcək.

"Rusiyanın raket hücumunun İran prezidentinin bəyanatı ilə üst-üstə düşməsi heç də təsadüf kimi qəbul edilməməlidir"

Beləliklə, "Hürriyyət"in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Ərəstun Oruclu da bu qənaətdədir ki, G7 ölkələrinin sammiti başlanan gün Rusiyanın Ukrayna paytaxtını raket atəşinə tutması dünyanın aparıcı ölkələrinə mesajdır: "Həmin raketlərin Xəzər dənizindən atılması isə başqa bir mesajdır: Rusiya Xəzərdə söz sahibi olduğunu demək istəyir. Onun bu mesajına dəstək isə təbii ki, müttəfiqi Tehrandan gəldi. Rusiyanın raket hücumunun İran prezidenti Rəisinin "Xəzərdə yalnız xəzəryanı ölkələrin silahlı qüvvələri yerləşdirilə bilər" bəyanatı ilə üst-üstə düşməsi heç də təsadüf kimi qəbul edilməməlidir".

Siyasi şərhçi qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda fəallaşması həm Moskvanı, həm də Tehranı eyni dərəcədə narahat edir: "Azərbaycan üçün isə Türkiyə strateji müttəfiqdir. Odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq elə Xəzər dənizində təhlükəsizliyin təmin olunması istiqamətində də davam etdirilməlidir. Azərbaycan öz donanmasının modernləşdirilməsi istiqamətində əməkdaşlığı təkcə Türkiyə ilə deyil, diğər müttəfiq ölkələrlə də genişləndirməlidir. Bunu bizim milli təhlükəsizlik maraqlarımız tələb edir. Amma bunun üçün ilk növbədə ölkənin silahlı qüvvələri Rusiya "5-ci kolon"undan təmizlənməlidir, əks halda Moskvanın casus şəbəkəsi bütün mümkün əməkdaşlığı sabotaj edəcək". Bütün bu addımların təcili atılmasının vacibliyini vurğulayan Ərəstun Oruclu hesab edir ki, istər Xəzər hövzəsi ətrafında, istərsə də Yaxın Şərq bölgəsində baş verənlər zamanın bizim əleyhimizə işlədiyini göstərir: "İndi gecikmək bizim üçün məhv olmaq anlamına gəlir. Son günlər ölkənin mətbuatında və ictimai-siyasi həyatında Rusiya "5-ci kolon"unun fəallaşaraq açıq hücuma keçməsi də buna işarədir. Unutmayaq ki, indiki dövrün əsas xüsusiyyətlərindən biri də hadisələrin sürətinin yüksək olmasıdır".

"Kremlə qarşı yeganə təsirli "sanksiya" neft-qaz qiymətlərinin ucuzlaşması, xarici şirkətlərin Rusiya bazarından çıxması deyil, tam tərsi, satışlarını artırması ola bilərdi"

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə bu fikirdədir ki, Rusiyaya qarşı yeganə təsirli "sanksiya" neft-qaz qiymətlərinin ucuzlaşması ola bilərdi. Onun sözlərinə görə, rubla təsir edən yeganə addım xarici şirkətlərin Rusiya bazarından çıxması deyil, tam tərsi, satışlarını artırması ola bilərdi: "Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının qısa zamanda heç bir təsiri yoxdur, orta və uzan zaman kəsimində təsirləri olacaq. Amma buna 2 il və daha artıq zaman lazım olacaq. Ukraynanın 2 il və daha artıq dözmək imkanı varmı?! Qərb hər şeyi tərsinə edir, çünki postsovet toplumunu, əsas da Rusiya xalqını çözə bilməyib. Hələ də anlamır ki, Rusiya əhalisinin 80 faizi elə "putinlərdən" ibarətdir, camaat elə Putin deyəni deyir. Neftə qarşı sanksiya qoydular, qiymət bahalaşdı. Bu gün Rusiya neftini Hindistana və Çinə satır. Düzdür, təqribən 20-30 faiz daha ucuz satır, amma ən azı 80-90 dollara sata bilir. Rusiyada neftin maya dəyəri isə 10-14 dollar arasıdır. Qaza qarşı sanksiya qoydular, qazın qiyməti Qərbdə kəllə-çarxa çıxdı, Rusiya necə qaz satırdısa elə də satır. Amma əvvəl - 2019-cu ildə ortalama 240 dollara satdığı qazı bu gün 1000 dollara satmağa nail olub. "The Economic Times" nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə artırıb. Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2 faizini Rusiyadan alırdısa, indi 11 faizə yaxınını Rusiyadan alır. Çin isə Rusiyadan neft alışını 56 faiz artırıb, nəticədə neftlə, benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-da yaşanır". REAL-ın icra katibi bildirib ki, Qərb şirkətlərinin özləri də primitiv və başaldadıcı sxem qurub pul qazanırlar: "Neftlə 49 faiz dolu tanker Rusiyadan çıxır, sonra ərəb ölkələrinin birinin limanına daxil olur, orada 51 faiz həmin ölkənin neftini tankerə doldururlar, gəminin nömrəsi və indendifikasiya kodu dəyişdirilir, sonra o neft tam leqal Qərbdə satılır. Yəni, dünyada heç vaxt pulun və ideyanın qarşısını süni yolla almaq olmur, indi də dar bir çevrə ciddi pul qazanır. Həm də baha neft-qaz dünyada dəb mövzu olan "yaşıl enerjiyə" keçidi stimullaşdırır".

"G7 ölkələrinin qərarının Rusiyaya 19 mlrd. dollar ziyan vuracağını söylələr də, səhv hesablayırlar"

G7 ölkələrinin Rusiyadan qızıl alışına qadağa qoyulması təklifini qəbul etdiklərini deyən Natiq Cəfərli bu qənaətdədir ki, qərarın Rusiyaya 19 mlrd. dollar ziyan vuracağını söylələr də, yenə səhv hesablayırlar: "Rusiya indi qızılı Qərbə deyil, Hindistana satacaq. Onsuz da dünyada fiziki qızılı ən çox alan ölkə Hindistandır. Yəni, Rusiya heç nə itirməyəcək, Qərbə satdığı qızılı indi Hindistan və Çinə satacaq. Odur ki, Rusiyanı zəiflətmək üçün onu dışlamaq yox, qucaqlayıb "boğmaq" lazımdır. İndi orta-uzun vadədə Rusiya zəifləyəcək, amma dünya və Ukrayna uzun zaman davam gətirə biləcəkmi? Bax, əsas sual budur, çünki Qərbin ən güclü yeri demokratiya, seçki olduğu kimi ən zəif yeri də məhz seçki və demokratiyadır. Dünyada qiymət artımı, inflyasiya, qeyri-sabitlik demokratiyalara zərbə vurur, indiki hakimiyyətləri zəiflədir, növbəti seçkilərdə onların məğlubiyyətinin zəminini hazırlayır. Putin kimi diktatorun isə seçki və demokratiya dərdi yoxdur, ondan bunu tələb edən toplum da yoxdur. Ona görə də demokratiyanın "yan təsirlərindən" sığortalanıb vəhşi kimi müharibə aparır, hələ uzun aylar da aparmağa qadirdir. Bir sözlə, Rusiyada toplum "putinləşib", ona görə də iqtisadi itkilər, insan ölümlərinin sayı onlara təsir etmir".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055070