Saat:05:22
Haqqımızda

"Putinin məğlub olması ehtimalı Trampı və çevrəsini dəhşətli dərəcədə qorxudur" - ŞAHİN CƏFƏRLİ

2022-12-07 15:10:00

"Respublikaçıların Donald Tramp adlanan "qara yara"dan xilas olması həm partiyanın, həm də ölkənin maraqları baxımından əsas vəzifəyə çevrilib"

"Corciya ştatında keçirilən Senat seçkilərinin 2-ci turunda demokratların namizədi Rafael Uornok trampçı rəqibi Herşel Uolker üzərində asan qələbə qazandı. Bununla da demokratlar Senatda komfort üstünlük (51-49) əldə etdilər. (Əvvəl 50-50 idi.) Əslində Uolker qalib gəlsəydi belə, Senatda qüvvələr nisbəti respublikaçıların xeyrinə dəyişməyəcəkdi və 50-50-yə olan bir tabloda demokrat vitse-prezidentin səsi həlledici sayılacaqdı". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçinin sözlərinə görə, bu nəticənin mövcud Ağ Ev administrasiyası üçün önəmi ondan ibarətdir ki, əvvəlki tərkibdə demokratların mühafizəkar baxışları ilə fərqlənən senatoru Co Mançin bəzi qanun təşəbbüslərinə, təyinatlara qarşı çıxırdı və Bayden bu senatoru dilə tutmaq üçün onunla həftələrlə, bəzən aylarla söhbət aparmaq məcburiyyətində qalırdısa, indi bu məcburiyyət ortadan qalxmış oldu: "Ümumilikdə isə sosial-iqtisadi problemlər, inflyasiya və prezidentin zəif reytinqinə baxmayaraq, demokratlar son Konqres seçkilərini mümkün olan ən məqbul nəticə ilə başa vurdular. Demokratların məğlub, respublikaçıların isə qalib sayılmadığı seçkilərin baş uğursuzu Donald Tramp oldu. Onun dəstəklədiyi radikal sağçı "MAGA" namizədləri əksəriyyət etibarilə demokrat rəqiblərinə məğlub oldular. Corciya seçkiləri Respublikaçılar Partiyasının "Donald Tramp problemi"nin mövcudluğunu bir daha təsdiqləyərək onun liderliyini mübahisələndirməyə güclü əsaslar yaratdı. Tramp indiyədək qatıldığı hər iki prezident seçkiləridə 47%-dən artıq səs ala bilməyib. (Birinci seçkisində 46,1%, ikincidə 46,8%.) Tramp hakimiyyətə gəlməzdən əvvəl (Obamanın bərbad prezidentliyinin sonlarında) respublikaçılar Senatda 54, Nümayəndələr Palatasında isə 247 yerə sahib idi. Trampdan öncə respulikaçıların 31 qubernatoru var idisə, indi 25-dir. Yəni, bu adamın loser olduğu getdikcə daha çox təsdiqini tapır".

Şahin Cəfərli qeyd edib ki, artıq respublikaçı elita Trampdan üz döndərib və qarşıdakı prezident seçkilərinin partiyadaxili ilkin seçkiləri üçün alternativ namizəd axtarışına çıxıb: "Donorlar da yavaş-yavaş Trampdan uzaqlaşır. Son olaraq İlon Mask Trampın namizədliyinin əleyhinə çıxaraq Florida qubernatoru Ron Desantisə dəstəyini açıqladı. Lakin başlıca problem budur ki, partiyanın seçicilərinin bir çoxu, əsasən də kənd yerlərində yaşayan aşağı təhsilli ağ amerikalılar Trampı sevir. Respublikaçı elitaların həll etməli olduğu paradoks bundan ibarətdir ki, həmin kütlə Konqres praymerizlərində trampçı namizədləri seçir, bu isə öz növbəsində qarşılarında Tramp adından çıxış edən namizədi görən demokrat seçiciləri maksimum səfərbər edir, mötədil müstəqillər də demokratlara səs verir. Bu durum prezident seçkilərinə də aiddir. Artıq bəllidir ki, Trampın namizədliyi 2024-ün də uduzulması deməkdir, ümumilikdə bu şəxsin partiyanın lideri qismində ortalıqda gəzdiyi bir durumda respublikaçıların Konqresi qazanması da müşkül məsələdir. Bu səbəbdən qarşıdakı prezident seçkiləri öncəsi praymerizlərdə Trampın qarşısına güclü bir namizədin çıxarılması zərurətə çevrilib. Çoxlu iddiaçılar var, adı önə çıxan siyasətçi isə hələlik öz ambisiyasını ortaya qoymayan Ron Desantisdir. Trampla bağlı başqa bir xəbər ondan ibarətdir ki, Nyu York andlılar məhkəməsi onun şirkətlərinin vergi fırıldaqçılığını təsdiq edib və şirkətləri bütün ittihamlar üzrə günahkar bilib".

Siyasi şərhçi onu da əlavə edib ki, respublikaçıların Donald Tramp adlanan "qara yara"dan xilas olması həm partiyanın, həm də ölkənin maraqları baxımından əsas vəzifəyə çevrilib: "Bir neçə gün əvvəl Donald Trampın oğlu Ukraynada Moskva Patriarxlığına bağlı Pravoslav Kilsəyə qarşı həyata keçirilən profilaktik tədbirlərə şiddətli şəkildə etiraz edərək Ukraynaya yardımların dərhal kəsilməsi çağırışı ilə çıxış etdi. Bu adamların Rusiya və Putin sevgisi məlum faktdır, amma Ukraynada baş verənləri bu dərəcədə yaxından, gündəlik rejimdə, detallı şəkildə izləmələri məni bir qədər təəccübləndirdi. Putinin Ukraynada məğlub olması ehtimalı Donald Trampı və çevrəsini dəhşətli dərəcədə qorxudur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166186