Saat:17:05
Haqqımızda

“Putinin “Alyaska razılaşmaları”na diqqət çəkməsi…” - POLİTOLOQ

2025-12-04 16:10:28

“Putinin “Alyaska razılaşmaları”na diqqət çəkməsi…” - POLİTOLOQ

“Rusiya Prezidenti Vladimir Putinin Alyaskada əldə edildiyi iddia olunan, lakin heç vaxt rəsmi şəkildə açıqlanmayan razılaşmalara istinad etməsi Vaşinqton və Moskva arasında uzun müddətdir gizli diplomatik kanalların işlədiyini göstərir”. 

Bu barədə Hurriyyet.az-a politoloq Züriyə Qarayeva Rusiya prezidenti Vladimir Putinin “ABŞ nümayəndələrinin Kreml görüşünə gətirdiyi təkliflər bu və ya digər şəkildə Alyaskada əldə edilən razılaşmalara əsaslanır” fikrini şərh edərkən deyib.
“Bu cür arxa qapı danışıqları adətən kəskin geosiyasi gərginliklər zamanı tərəflərin açıq şəkildə ifadə edə bilmədiyi mövqelərin test edilməsi üçün istifadə olunur. Putinin “Alyaska razılaşmaları”na diqqət çəkməsi onu deməyə imkan verir ki, ABŞ-ın Kremlin masasına gətirdiyi yeni təkliflər əvvəlki qapalı müzakirələrin davamı xarakteri daşıyır və müəyyən strateji xətt üzərində qurulub. ABŞ-ın Tramp planını dörd paketə bölərək mərhələli şəkildə müzakirə etmə taktikası da bunu təsdiqləyir”,-deyə politoloq əlavə edib. 
Z.Qarayeva nəzərə çatdırıb ki, Rusiya bəzi bəndlərlə razılaşmır: “Çünki Moskva Ukraynada qazandığı faktiki üstünlüklərin hüquqi legitimliyini itirmək istəmir. ABŞ isə prosesin uzanmasının həm Avropa təhlükəsizliyi, həm də qlobal enerji bazarları üçün risk yaratdığını görərək, Kiyevi kompromisə yaxınlaşdırmağa çalışır. Məhz buna görə, Ukrayna-Amerika nümayəndə heyətlərinin yeni görüşü keçiriləcək və burada Ukraynadan Krımın statusu, şərq vilayətlərində “dondurulmuş xətt”in qəbul edilməsi, NATO perspektivinin ertələnməsi və təhlükəsizlik zəmanətlərinin yeni formatda razılaşdırılması kimi ağrılı güzəştlər tələb oluna bilər”.
CAVİD