Saat:10:34
Haqqımızda

Putini kim əvəz edəcək? - Qərbin təzyiqi artır: “Yeltsin klanı” hərəkətə keçir / Müsahibə

2021-11-24 21:32:00

Putini kim əvəz edəcək? - Qərbin təzyiqi artır: “Yeltsin klanı” hərəkətə keçir / Müsahibə

“Artıq bu gün aydındır ki, Putin və onun KQB-FSB silahdaşlarının qurduğu hakimiyyət iyerarxiyası Rusiyanın qarşısında duran fundamental vəzifələrin öhdəsindən gələ bilmədi. Müasir dünyada əsas güc göstəricisi olan sürətli texnoloji inkişaf bir neçə sahəni çıxmaqla əsasən Rusiyadan yan keçməkdədir".

Politoloq Ərəstun Oruclunun müsahibəsinin bir hissəsini təqdim edirik:

- ABŞ, İngiltərə və NATO-dan rəhbərlik səviyyəsində Rusiyaya açıq hədələr, xəbərdarlıq səsləndirilir. Rusiyaya qarşı hərbi müstəvidə cəza tədbiri seçilə bilərmi?

- Rusiyanın öz yaxın qonşularına və o cümlədən bir sıra NATO ölkələrinə qarşı aqressiv siyasətinə cavab olan sadaladığınız ölkələrin və onların üzv olduğu NATO-nun hədələrinin arxasınca hələlik Moskvaya qarşı daha ağır sanksiyaların gələ biləcəyini söyləmək olar. Onsuz da durmadan artan sanksiyalar Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyib, amma hələlik həmin sanksiyalar selektiv xarakter daşıyıb. Yəni, Rusiya iqtisadiyyatının iki əsas sektoruna – enerji və maliyyə bölmələrinə dərindən toxunmayıb. Amma sanksiyalar bu sahələrə tətbiq olunanda Moskva həqiqətən çıxılmaz vəziyyətə düşəcək və yəqin ki, Kreml elə bundan qaçmaq üçün də faktiki müharibə ilə şantajla məşğuldur.

İndi sual ondan ibarətdir ki, belə şantaj gözlənilən nəticəni verəcəkmi, yoxsa əksinə, kontrproduktiv olacaq? Burda da hər iki variant mümkündür. Avropa Birliyinin Fransa və Almaniya kimi ölkələri daha çox Rusiya ilə danışıqlar aparmağa meyilli göründükləri halda, ABŞ və Böyük Britaniya Rusiyanı yalnız sərt təzyiq vasitəsilə ram etməyin mümkün olduğunu düşünürlər.

Hərbi müstəvidə cəza tədbirinə gəlincə, Rusiyanın istər NATO üzvləri olan Polşa və Baltikyanı ölkələrə, istərsə də Ukraynaya qarşı hərbi təcavüzə al atacağı halda belə tədbirlərlə üzləşməsi qaçılmaz olacaq. Bu tədbirlərin dolayı və ya birbaşa olması isə Moskvanın qonşu ölkələrə qarşı aqressiyasının miqyasından asılı olacaq. Görünən isə hələlik Moskvanın nəbz yoxlamaq üçün Lukaşenkonun dili ilə verilən bəyanatlarından və yuxarıda qeyd etdiyim Ukrayna ilə sərhədlərə qoşun toplamasından ibarətdir.

- Rusiyalı ekspertlərin dilindən yenə də post-Putin dönəmi üçün proqnozlar səsləndirilir. Putinin gedişinin federasiya daxilində xaosa səbəb olacağını deyənlər də var, bu haqda danışmağın hələ tez olduğunu söyləyənlər də. Sizin bu haqda proqnozunuz nədir?

- Artıq bu gün aydındır ki, Putin və onun KQB-FSB silahdaşlarının qurduğu hakimiyyət iyerarxiyası Rusiyanın qarşısında duran fundamental vəzifələrin öhdəsindən gələ bilmədi. Müasir dünyada əsas güc göstəricisi olan sürətli texnoloji inkişaf bir neçə sahəni çıxmaqla əsasən Rusiyadan yan keçməkdədir. Bu gedişlə cəmi 15-20 ildən sonra Rusiyanın inkişafdan birdəfəlik geri qalması qaçılmaz olacaq. Nə qədər təəccüblü də olsa, dünyaya hipersonik raketləri, müasir hərbi təyyarələri və digər qorxunc silahları ilə meydan oxuyan ölkə əvvəl adi bir mobil telefon və ya kompüter istehsal edə bilmirdisə, bu gün artıq əhalisini kartofla, COVID xəstələrini oksigenlə təmin etmək iqtidarında deyil.

Rusiya kimi ölkənin təbii və digər resursları ilə belə acınacaqlı reallıq yalnız yarıtmaz idarəetmə sisteminin nəticəsi ola bilər. Bunun adı sistem böhranıdır. Belə böhran hakimiyyət uğrunda mübarizəni bir qədər də kəskinləşdirir.

Qaldı proqnoz məsələsinə, bu haqda sizinlə təxminən bir il əvvəl danışmışıq və fikrimcə, o zamandan bəri heç nə dəyişməyib. Bugünkü hakim KQB-FSB qruplaşması uğurlu manevr edərək daxili rotasiya həyata keçirə bilsə, Putini bu komandanın üzvlərindən biri əvəz edəcək.

Başqa sözlə, yalnız fasad dəyişəcək və həmin fasad Nikolay Patruşev, Aleksandr Bortnikov, Sergey Narışkin və ya bu komandanın başqa bir üzvü ola bilər. Böhran gözlənildiyindən daha sürətlə dərinləşsə və manevr imkanları əldən verilsə, o zaman Kreml Rusiyanın hakim iyeararxiyasının hərbi qanadının əlinə keçəcək. Onun da lideri məlumdur: bu, “Yeltsin klanı”, hərbi-sənaye kompleksi və ona yaxın institutlar, oliqarxlar tərəfindən dəstəklənən müdafiə naziri Sergey Şoyqudur. \\Teleqraf.com

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR