Putini daha AĞIR GÜNLƏR GÖZLƏYİR

2023-01-24 10:48:00

Putini daha AĞIR GÜNLƏR GÖZLƏYİR

Qərbin Ukraynanı yeni və müasir silahlarla təchiz etməsi Rusiyanı çıxılmaz durumla üz-üzə qoya bilər

Elxan Şahinoğlu: "Fransa və Almaniya Ukrayna müharibəsini ABŞ-a yükləmək istəyirlər"

Kənan Novruzov: "Belarus savaşa qoşularsa, Qərbin təzyiqləri ilə üzləşəcək və nəticədə sanksiyalara uzun müddət tab gətirə bilməyəcək"

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev bildirib ki, Qərbin Ukraynaya yeni silah tədarükləri fonunda Rusiya üçün çətin vaxtlar başlayacaq. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Medvedyev ölkəsinin düşmənlərinin Rusiyaya qeyri-müəyyən müddətə çətinlik yaşatmaq, daha doğrusu, onu məhv etmək niyyətləri olduğunu iddia edib: "Qərbin bunun üçün kifayət qədər silahı var və lazım gələrsə, yenilərinin istehsalına başlaya bilər. Ona görə də illüziyalara ehtiyac yoxdur. Bundan hansı nəticə çıxarmaq olar? Birincisi, çox çətin olacaq".

Həqiqətən də əgər proseslər bu cür davam edərsə, yəni Qərb ölkələri Ukraynanı yeni və ən müasir silahlarla təchiz etməkdən çəkinməsələr, o zaman Rusiya daha ağır durumla üz-üzə qala bilər. Məsələn, ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Maykl Makkol hesab edir ki, ölkəsi Krım ərazisinə zərbələr endirmək və Rusiyanı məğlub etmək üçün Ukraynaya ATACMS uzaqmənzilli taktiki ballistik raketlər göndərməlidir. Fransa prezidenti Emmanuel Makron isə Ukraynaya "Leclerc" tanklarının da göndərilməsinin istisna edilmədiyini qeyd edib. Mərakeş Krallığı isə öz növbəsində, artıq Ukraynaya Çexiyada təkmilləşdirilən qeyri-müəyyən sayda T-72B tanklarını təhvil verib.

Bu arada, Belarus Dövlət Sərhəd Komitəsinin yaydığı məlumatda isə Ukraynanın Belarusla sərhədə 17,2 min hərbçi yerləşdirdiyi bildirilir. Belarus prezidenti Aleksandr Lukaşenko isə qeyd edib ki, ölkəsi ətrafında hərbi-siyasi və iqtisadi vəziyyət heç vaxt olmadığı qədər çətindir.

"Paris və Berlin bir tərəfdən Rusiyanı qınayır, o biri tərəfdən Ukrayna torpaqlarının işğalı hesabına Kremllə barışıq gününü gözləyirlər"

Beləliklə, Fransanın Ukraynaya "Leclerc" tanklarını göndərməsi ilə bağlı mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Emmanuel Makron Kiyevə tankları 3 şərtlə verə biləcəyini deyib: "Birincisi, tankların verilməsi eskalasiyaya səbəb olmamalıdır. İkincisi, tanklar Ukraynanın müdafiə qüdrətini real şəkildə artırmalıdır. Üçüncüsü isə Ukraynaya verilən tanklar Fransanın müdafiə qabiliyyətini aşağı salmamalıdır. Məşhur lətifədə deyildiyi kimi, "daha denən ki, paraşüt vermək istəmirəm". Almaniya kansleri Olaf Şolts da Ukraynaya tank verməyi uzadır. Paris və Berlin Ukrayna müharibəsini ABŞ-a yükləmək istəyirlər, yəni Kiyevə nə hərbi texnika veriləcəksə, Vaşinqton qabağa düşsün". Vaxtilə Avropanın göbəyindəki Bosniya müharibəsini də ABŞ-a yüklədiklərini deyən politoloq hesab edir ki, Deyton sazişi olmasaydı, Paris və Berlin seyr etməkdə davam edəcəkdilər: "İndi də Paris və Berlin bir tərəfdən Rusiyanı qınayır, o biri tərəfdən Ukrayna torpaqlarının işğalı hesabına Kremllə barışıq gününü gözləyirlər".

"Rusiya bütün imkanları ilə Belarusu savaşa çəkmək istəyir, Lukanşenko isə başa düşür ki, bu, ağır nəticələrə səbəb ola bilər"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirib ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiyanın Belarus ərazisindən Ukraynaya hücumu gözlənilir: "Bildirilir ki, yaxın həftələrdə reallaşmasa belə, ehtimal var: "Rusiyanın müdafiə naziri Sergey Şoyqu yanvarın 19-da belaruslu həmkarı Viktor Xreninlə telefonla ikitərəfli hərbi əməkdaşlıq barədə danışıb. Həmçinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Xüsusilə, 2023-cü ilin sonuna doğru Rusiya Belarus ərazisindən hücuma keçə bilər. Rusiya 2022-ci ilin payızında illik hərbi çağırış dövrünü başa vuracaq. 2023-cü ilin payızına qədər isə bir neçə ehtiyat çağırış həyata keçirilə bilər. Rusiyalı fəallar Rusiyanın Belarusdan hücuma keçmək ideyasını pisləyirlər. Onların fikrincə, bu, pis ideyadır". Qeyd etmək lazımdır ki, son vaxtlar Moskva ilə Minsk arasında təmaslar intensivləşib. Bu, əlbəttə, Ukraynadakı müharibə ilə bağlıdır. Rusiya bütün imkanları ilə Belarusu savaşa çəkmək istəyir. Minsk isə hələ ki, müqavimət göstərir. Çünki Prezident Aleksandr Lukanşenko başa düşür ki, bu, ağır nəticələrə səbəb ola bilər".

Belarusun imkanlarının Rusiyanınkı qədər çox olmadığını vurğulayan ekspertin fikrincə, Minks savaşa qoşularsa, Qərbin bu dövlətə təzyiqləri artacaq: "Belarus isə ehtimal edilən təzyiqlərə, o cümlədən də sanksiyalara uzun müddət tab gətirə bilməz. İkinci bir tərəfdən getdikcə Rusiyanın da Belarusa təzyiqləri artmaqdadır. Belə demək mümkünsə, Minsk "iki od arasında" - Qərblə Rusiyanın arasında qalıb. Lukaşenko hər iki tərəfi qane etməyə çalışır. Amma bu da sonsuzadək mümkün deyil. Rusiyanın işi getdikcə çətinləşir. Kreml rəhbəri artıq alternativ variantlar barədə düşünür. Bunlardan biri isə şübhəsiz ki, Belarusda yeni cəbhənin açılmasıdır. Bu, döyüş meydanındakı vəziyyəti Rusiyanın xeyrinə dəyişə bilər. Belarusdan cəbhə açılma ehtimalı hələ ki, real görünmür. Lukaşenko bunun qarşısını almaq üçün əlindən gələni edəcək. Çünki cəbhənin açılması Minskin birbaşa savaşa qoşulması demək olar. Elə ona görə Lukaşenko müxtəlif bəyanatlarla, simvolik addımlarla rusiyalı həmkarının "könlünü xoş etməyə çalışacaq". Lakin buna baxmayaraq, savaş uzandıqca Belarusdan yeni cəbhə açılma ehtimalı artır".

"ABŞ və müttəfiqləri Rusiya-Ukrayna savaşının uzamnası üçün hər şey edəcəklər"

"ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, son günlərdə Moskvada hava hücumundan müdafiə sistemləri quraşdırılır. Bildirilib ki, bu, Kremlin Rusiya əhalisini Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlamaq məqsədi daşıyır" deyən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti qeyd edib ki, proqnoza görə, Kreml müharibənin Rusiya cəmiyyəti üçün daha təhlükəli yeni "təsviri"ni yaratmaq üçün Moskvada hava hücumundan müdafiə sistemləri yerləşdirib: "Qərb analitiklərinin hesabatında diqqət çəkən bir neçə məqam var. Bunlardan birincisi məhz paytaxda hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasıdır. Bu addımı iki kontekstdən qiymətləndirmək olar. Birincisi, görünür, hakimiyyət başa düşür ki, müharibənin miqyasının genişlənməsi və Rusiya ərazisinə keçməsi artıq realdır. Qərb dövlətlərinin Ukraynaya verdiyi uzaq mənzilli raketlər və ağır tanklar bu ehtimalı artırır. Doğrudur, savaşın Rusiya ərazisinə keçməsi digər dövlətlərin də müharibəyə qoşulmasını zəruri edə bilər. Bu, ABŞ və müttəfiqlərinə sərf etmir. Buna baxmayaraq, hətta fəal hərbi əməliyyatlar başlamasa belə, Rusiya ərazisində hansısa hücumların olması istisna deyil".

Qərb və Ukrayna kəşfiyyatının fəaliyyətinin buna imkan verdiyini deyən ekspert hesab edir ki, Ukraynanın daxili işlər nazirinin həlak olduğu helikopter qəzasında Moskvanın "əli olduğu" aşkarlanarsa, Kiyev bunun əvəzini çıxmaq istəyə bilər: "Bu, ən azından Ukrayna ictimaiyyətinin əzmkarlığını qorumaq üçün vacibdir. Dediyim kimi, görünür, Kreml bu təhlükəni anlayır. Əlbəttə, ehtimal edilən hücumların Moskvada yox, paytaxtdan kənarda olması daha ağlabatandır. Buna baxmayaraq, paytaxda hava hücumundan müdafiə sistemlərinin quraşdırılması təsadüfi deyil. Bu, bir tərəfdən şəhərin təhlükəsizliyinin təmin olunması üçündürsə, digər tərəfdən, ictimai rəyi formalaşdırmağa hesablanıb. Hakimiyyət bu yolla xalqa vəziyyətin asan olmadığını izah etməyə çalışmaq istəyə bilər. Moskvada hava hücumundan müdafiə sistemlərinin quraşdırılması həm də ehtimal edilən növbəti səfərbərlik dalğası üçün zəmin ola bilər. Yaxın vaxtlarda səfərbərlik elan olunması gözləniləndir. O da məlumdur ki, nə Kiyevin, nə Moskvanın müharibəni yaxın vaxtlarda bitirmək fikri var. Çünki tərəflərdən birinin təklifi ilə digəri razılaşmır. Üstəgəl, nəzərə almaq lazımdır bu, heç də ancaq onların iradəsindən asılı deyil. Qərb savaşın uzanmasında birbaşa maraqlıdır. ABŞ və müttəfiqləri bunun üçün hər şey edəcəklər. Rusiya da başa düşür ki, istəsə belə, döyüşlər yaxın vaxtlarda dayanmayacaq. Elə ona görə də müxtəlif təbliğat vasitələri ilə ictimai rəyi istədiyi səmtə dəyişməyə çalışır".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.170452