Saat:23:41
Haqqımızda

Putin yenə də Jirinovskinin vasitəsiylə Azərbaycanı hədələdi

2021-08-03 10:54:00

Putin yenə də Jirinovskinin vasitəsiylə Azərbaycanı hədələdi

Elxan Şahinoğlu: "Kreml rəsmi Bakının siyasətindən narazıdır və Jirinovski növbəti təxribatçı açıqlamasıyla Rusiya hakimiyyətinin sifarişini yerinə yetirib"

Ərəstun Oruclu: "Yeni geosiyasi konstruksiyanın formalaşdırıldığı dövrdə Azərbaycanın sabit və güclü müttəfiqlərinin olması Moskvanı ciddi narahat edir"

Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri, Vladimir Putinin demək istəyib, lakin bu və digər səbəbdən deyə bilmədiklərini özünəməxsus tərzdə bəyan edən Vladimir Jirinovski bugünlərdə "Komsomolskaya Pravda" radiosunun efirindən Azərbaycanın ünvanına növbəti dəfə xoşagəlməz ifadələr səsləndirib. Məhz bu səbəbdən də Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Bu barədə XİN-dən verilən məlumata görə, görüş zamanı Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

Həmçinin, Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb. Ardınca sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.

Məsələnin maraqlı tərəfi ondadır ki, etdiyi çıxışlar, o cümlədən davranış tərzi üzündən həm Rusiyada, həm də digər postsovet ölkələrində "siyasi təlxək" imici formalaşdırmış Vladimir Jirinovski səsləndirdiyi əsassız fikirlərə görə Azərbaycandan üzr istəmək əvəzinə, etdiyi qələti malalamaqla özünə bəraət qazanmağa cəhd edib. Belə ki, axar.az-da yer alan informasiyaya görə, Jirinovski Azərbaycan XİN-in onun sözləri ilə bağlı Rusiyaya nota verməsinə münasibət bildirərkən bunu "söz azadlığı" ilə əlaqələndirməyə çalışıb. "Burdaca deyirəm: Bakıya toxunmayacam – yoxsa etiraz notası olar. Ermənistana da toxunmayacam. Ümumiyyətlə, biz susmalı, onların necə yaxşı olduqlarını və rus xalqının hesabına yaşadıqlarını deməməliyik?" deyə vurğulayan Jirinovski Azərbaycan prezidenti İlham Əliyevi həmişə müdrik rəhbər adlandırdığını bildirib: "Bundan da yaxşı sözləri onun atası – Heydər Əliyev haqda demişəm. Ancaq hansısa məmur doğru düşünmürsə və müvəqqəti işlər vəkilinə nota təqdim edirsə, yəni onlar söz azadlığını bilmirlər?"

"Azərbaycan XİN-in say etibarilə ən çox nota verdiyi ölkə Rusiyadır və bu, ölkəmizə ünvanlanmış təxribatların əsas istiqamətini göstərir"

Beləliklə, "Hürriyyət"in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, rəsmi Bakı Moskvanı strareji tərəfdaş adlandırsa da, Azərbaycan Xarici İşlər Nazirliyinin say etibarilə ən çox nota verdiyi ölkə Rusiyadır: "Rusiya Liberal Demokrat Partiyasının lideri, şovinist deputat Vladimir Jirinovski Rusiya radiosuna verdiyi müsahibədə Azərbaycanı və prezident İlham Əliyevi hədələyib. Jirinovski Qarabağda yerləşdirilən rus hərbçilərinin həyatına təhlükə yaranacağı halda bunun Azərbaycan və prezident İlham Əliyev üçün baha başa gələcəyini iddia edib. Rəsmi Bakı Vladimir Jirinovskinin bu açıqlamasına dərhal reaksiya verdi. Azərbaycan parlamentinin bir çox deputatı Jirinovskini sərt tənqid etdi. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verdi. Rəsmi Bakı Moskvanı strareji tərəfdaş adlandırsa da, Azərbaycan Xarici İşlər Nazirliyinin say etibarilə ən çox nota verdiyi ölkə Rusiyadır. Bu, günümüzün reallığıdır və Azərbaycana ünvanlanmış təxribatların əsas istiqamətini göstərir. Vladimir Jirinovski ilk dəfə deyil ki, Azərbaycana qarşı təxribatçı açıqlama verir. Jirinovski Türkiyəyə qarşı da təxribatçı açıqlamalar səsləndirir. Halbuki, Vladimir Jirinovski bir neçə dəfə Türkiyədə və Azərbaycanda olub. Jirinovski bir neçə il əvvəl Bakıda prezident İlham Əliyevlə görüşmüşdü. Görünür, bu görüşü təşkil edənlər Vladimir Jirinovskinin Azərbaycana münasibətinin müsbətə doğru dəyişəcəyini gözləyirdilər. Anti-türk münasibəti dəyişmədi, qozbeli qəbir düzəldər".

"Rusiya hərbçiləri Qarabağda Azərbaycan qanunlarına tabe olmayan ermənilərin sayını artırmağa çalışırlar"

Kremlin rəsmi Bakının siyasətindən narazı olduğunu deyən politoloq hesab edir ki, Jirinovski növbəti təxribatçı açıqlamasıyla Rusiya hakimiyyətinin sifarişini yerinə yetirib: "Rəsmi Bakı Qarabağdakı rusiyalı hərbçilərin 5 illik varlığını "müvəqqəti" sözüylə ifadə edir. Bu o deməkdir, 4 ildən sonra rusiyalı hərbçilərin Qarabağı tərk etməsi aktuallaşacaq. İndinin özündə bu fəaliyyət Azərbaycanda ciddi narahatlıq yaradır. Birincisi, rusiyalı hərbçilər Qarabağdakı erməni separatçılarını tərksilah etmir və onlarla müxtəlif iqtiqamətlərdə əməkdaşlıqlarını davam etdirirlər. İkincisi, rusiyalı hərbçilər Qarabağa daha çox erməninin qayıdışını təmin etmək məqsədilə orada yaşayış yerləri və iaşə obyekləri tikirlər, Rusiyadan ev heyvanları gətirirlər və s. Əlbəttə, rəsmi Bakı Qarabağda erməni əhalisinin yaşamasının əleyhinə deyil. Ancaq əgər Qarabağda yaşayan ermənilər separatçılara tabe olub Azərbaycan qanunları ilə yaşamaq istəməyəcəklərsə, onların Azərbaycan torpaqlarını tərk etməsi aktuallaşacaq. Rusiya hərbçiləri isə bunun əksinə olaraq Qarabağda Azərbaycan qanunlarına tabe olmayan ermənilərin sayını artırmağa çalışırlar. Ona görə də bu məsələdə Bakı ilə Moskva arasında fikir ixtilafı getdikcə gərginləşəcək. Bundan başqa, rəsmi Bakı hələ işğal altında olan məntəqələrin geri qaytarılmasını və həmin məntəqələrə azərbaycanlıların geri qaydışını təmin etməlidir. Misal üçün azərbaycanlıların yaşadığı Şuşanın əksər kəndi və Xocalı rayonunu bir hissəsi işğal altındadır. Bu işğala da son qoyulmalıdır. 10 noyabr bəyanatına görə Rusiya hərbçiləri həmin kəndlərin, o cümlədən Xocalı rayonunun tamamının Azərbaycanın müvafiq strukturlarının nəzarətinə qaydışını təmin etməlidir. Rusiya hərbçiləri bunu təmin etməsələr, Azərbaycan ordusu müvafiq addımlar atmaq məcburiyyətində qalacaq". Bakının bu planlarının Moskvanın xoşuna gəlmədiyini qeyd edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, bu səbəbdən də yenə Vladimir Jirinovskini irəli sürüb, onun təxribatçı diliylə Azərbaycanı hədələyirlər: "Jirinovskinin Azərbaycan əleyhinə keçmiş təxribatçı açıqlamaları cavabsız qalıb. Bu dəfə mütləq cavab verilməliydi və bununla Jirinovskinin sahiblərinə mesaj göndərilməliydi ki, Qarabağda bizi təhdid edə bilməzsiniz və Qarabağda planlaşdırdığımız çalışmaları davam edəcəyik".

"Jirinovski adətən ya Kremlin, ya da Rusiya hakimiyyətinin güc qanadının mesajlarını çatdırmaqla məşğuldur"

Siyasi şərhçi Ərəstun Oruclu da bu qənaətdədir ki, Vladimir Jirinovskinin diliylə danışan Kremldir və o, bölgənin, həmçinin Azərbaycanın SSRİ və Çar dövründə olduğu kimi Rusiyanın nəzarətinə qaytarılmasının vacibliyini iddia edir: "Jirinovskinin səsləndirdiyi iddiaların kimdən və haradan qaynaqlandığını tapmaq isə bir o qədər də çətin deyil. Dediyim kimi, "müxalifətçi danışman" adətən ya Kremlin, ya da Rusiya hərbi-sənaye kompleksinin, başqa sözlərlə desək, Rusiya hakimiyyətinin güc qanadının mesajlarını çatdırmaqla məşğuldur. Bu dəfə onun səsləndirdiyi fikirlər də SSRİ-ni bərpa etmək paranoyasına düçar olmuş Putinin postsovet ölkələri "kvazidövlətlər" adlandırması, Rusiya Federasiyası Dövlət Duması deputatlarının Qazaxıstana ərazi iddiaları, Ukraynaya qarşı açıq hərbi təcavüz, NATO ilə əməkdaşlıq edən dövlətləri təhdid etmək və bir çox digər məsələlərlə yanaşı həmin siyasətin tərkib hissəsidir. Bəli, Moskva Azərbaycanı təhdid edir və bu da səbəbsiz deyil. Yeni geosiyasi konstruksiyanın formalaşdırıldığı dövrdə Azərbaycanın sabit və güclü müttəfiqlərinin olması Moskvanı ciddi narahat edir və bu da anlaşılandır. Sirr deyil ki, bölgədə yaranmış vəziyyət Moskva üçün öz geosiyasi hədəflərinə çatmağı çətinləşdirir".

"Rusiyanın Azərbaycana mümkün təsirlərinin neytrallaşdırılması məqsədilə bütün zəruri addımlar atılmalıdır"

Siyasi şərhçinin fikrincə, Bakının və İrəvanın bölgədəki mühüm dəhlizlər ətrafında uzanan söz savaşı Rusiyanı hövsələdən çıxarmaqdadır: "Buna görə də Moskva öz ənənəvi üslubunda reaksiya verib: hədə-qorxu dilində. Amma Bakının adekvat reaksiyası da tam yerinə düşüb. Eynilə bir qədər əvvəl Qazaxıstanın nümayiş etdirdiyi reaksiya kimi. Xatırladım ki, Rusiya rəsmilərinin bu ölkəyə qarşı irəli sürdükləri ərazi iddialarına Astanadan hərbçilər, özü də sadə və anlaşılan dildə cavab verdilər: "ölkəmizə qarşı ərazi iddiaları müharibə deməkdir, biz də buna hazırıq və ümumiyyətlə, bizim işimiz elə budur". Onda Moskva susdu və görünür, başqa daha effektiv yollar axtarmaq üçün müzakirələr ən azı müəyyən müddətə qapadıldı. Moskva üçün effektiv yolların nələrdən ibarət olduğunu isə tapmaq elə də çətin deyil. Bunun üçün elə rus ekspertlərin tez-tez işlətdiyi "hərbi-siyasi vasitələr" termininə diqqət yetirmək kifayət edər. Odur ki, Jirinovskinin bölgədəki Rusiya əsgərlərinin təhlükəsizliyi barədə dedikləri olmayan ağlını itirmiş demaqoqun boşboğazlığı kimi qəbul edilməməlidir. Unutmamalıyıq ki, vaxtilə Rusiyanın Gürcüstana hərbi təcavüzünün "səbəbi" elə həmin "sülhməramlı rus əsgərini" qorumaq olmuşdu. Odur ki, Rusiyanın Azərbaycana mümkün təsirlərinin neytrallaşdırılması məqsədilə bütün zəruri addımlar atılmalıdır. İlk növbədə də ölkənin daxilində Rusiya "5-ci kolon"unun neytrallaşdırılması. Daha doğrusu, həm də Rusiya "beşinci kolonunun". Dövlətin təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin ən etibarlı təminatı ona olan və ola biləcək zərərli xarici təsirlərin qarşısının zamanında və effektiv şəkildə alınmasıdır".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR