Saat:13:24
Haqqımızda

“PUTİN VƏ PAŞİNYAN RAZILIĞA GƏLİBLƏR...” – “Moskva İrəvana icazə verib ki...”

2024-04-09 13:10:04

“PUTİN VƏ PAŞİNYAN RAZILIĞA GƏLİBLƏR...” – “Moskva İrəvana icazə verib ki...”

“Rusiya və Ermənistan hakimiyyəti qarşılıqlı ittihamlarla ictimai rəyi manipuliyasiya edir”

“Rusiya ilə Ermənistan arasındakı münasibətlər sanki dibə yaxınlaşır, amma əslində göründüyü kimi deyil. Qəribəsi odur ki, təhlükəsizlik sahəsində münasibətlər pisləşsə də, Moskva ilə İrəvan arasında iqtisadi əlaqələr hər il yeni rekordlar qırır”.

Hurriyyet.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.

“Belə bir fikir yaranır ki, Rusiya və Ermənistan hakimiyyəti qarşılıqlı ittihamlarla ictimai rəyi manipuliyasiya edir. Amma reallıqda bu, qarşılıqlı maraqları təmin etmək üçün planlaşdırılmış taktikadır”, - o, əlavə edib.

Ekspert bu yanaşmanın əsas məqamlarına diqqət edir:

“- Rusiya Azərbaycan və Türkiyənin fəaliyyətini məhdudlaşdırmaq üçün Ermənistana Qərblə flört etməyə, dəstək almağa imkan verir. Paşinyan isə Rusiyanın inteqrasiya layihələrindən və ikitərəfli strateji razılaşmalarından geri çəkilmir. Eyni zamanda anti-Rusiya ritorikası və rus sərhədçilərinin hava limanından çıxarılması tələbi kimi kosmetik addımları ilə anti-Rusiya sanksiyalarından yan keçir, Qərbin himayəsini qazanır... Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı heç bir irəliləyiş yoxdur. Rusiyasız kommunikasiyalar da açılmır.

- Paşinyan iqtisadi güzəştlər və təhlükəsizlik sahəsində problemlərin olmamasına zəmanət alır. Belə ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın Baş naziri Rusiyanın yanında yer aldı. Ancaq Kiyevi 3 günə zəbt edə bilməyən Kremlin icazəsi ilə alternativ mənbələrin formalaşdırılması üçün qırmızı xətlərini keçmədən Qərbdən təhlükəsizlik təminatları almağa və anti-Rusiya ritorikasına başladı”.

 

 

F.Məmmədov o qənaətdədir ki, İrəvanla Moskva arasındakı münasibətlərə Kremlin xarici siyasət maraqları və Paşinyanın daxili siyasi maraqları prizmasından baxmaq lazımdır:

“Məsələn, Paşinyan niyə 2018-2019-cu illərdə Rusiya kontingentinin tərkibində Suriyaya qoşun göndərmək qərarına gəldi? Çünki bu, Rusiya Prezidentinə lazım idi. Paşinyana da nəticədə daxildəki rusiyayönlü müxalifəti zərərsizləşdirməyə imkan verdi. Paşinyan əvvəlcə Rusiyanın Ermənistandakı strateji aktivlərinə qarşı cinayət işi açdırıb, sonra isə onlara xitam verdirib. O, Köçəryanı həbs etdirib, sonra buraxıb.

44 günlük müharibədən sonra generalların istefa tələbi ilə üzləşən Paşinyan Rusiya Prezidenti ilə razılığa gəlib. Baş nazir Qarabağdakı Rusiya sülhməramlılarının mandatına dair sənədi imzaladı və beləliklə, hakimiyyətdə qalmaq üçün Kremlin istədiyi hər şeyi etdi”.

Təhlilçi vurğulayır ki, buna baxmayaraq, Azərbaycanın hərəkətləri hər şeyi dəyişdi: “Qərbin fəallaşması Paşinyanı anti-Rusiya ritorikasının səviyyəsini artırmağa, KTMT-dəki üzvlüyünü “dondurmağa”, “Sülh kartı”nı bloklamağa və Rusiya sərhədçilərinin hava limanından çıxması barədə tələb irəli sürməyə vadar etdi. Son iki qərar Qərbə “prosesin başladığı” ümidini verdi. Ona görə də vacib olan avqustun 1-də sərhədçilərin aeroportdan çıxarılması, “Sülh kartı” çərçivəsində hansı alternativlərin olacağı və İrəvanın növbəti addımlarıdır. Moskvanın qırmızı xətləri aydındır: hərbi bazalar, Türkiyə, İran və Azərbaycanla sərhədlərin mühafizəsi, strateji aktivlər, KTMT və Aİİ-yə üzvlük, ikitərəfli müqavilələr və birgə hava hücumundan müdafiə qüvvələri”.

F.Məmmədov deyir ki, Ukraynadakı müharibənin nəticələrindən çox şey asılıdır. Onun sözlərinə görə, Rusiya qalib gəlsə, Paşinyan Kremlin qırmızı xətlərini keçmədiyini göstərəcək.

“Əgər Rusiya Ukraynada məğlub olarsa, Paşinyanın Qərbin xeyrinə qırmızı xətləri keçmək üçün hazır qərarları olacaq”, - o, əlavə edib.

Azərbaycanın atacağı addımlara gəldikdə isə, politoloq hesab edir ki, Rusiyanın Ermənistanla bağlı addımlarını gözləmək məqsədəuyğun olardı: “Rusiyanın bəyanatlardan irəli getmir. Aydındır ki, Ermənistan qırmızı xətlər keçməyib, paralel ixracı artırır və pullar əldə edir...Azərbaycan Ermənistandan fərqli olaraq nə Rusiyanın, nə də Qərbin maraqlarının dirijoru deyil. Ona görə də Bakı son sözü demək hüququnu özündə saxlayır və qərarlar verməkdə tələsməməlidir! Rusiya və Ermənistan sözdən hərəkətə keçənə qədər gözləmək lazımdır. O zaman Qərb daha mülayim olacaq”.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.618599